Milli eqoizmə yox! İlk növbədə bütün ölkələrin ön cəbhədə mübarizə aparan səhiyyə və baxım evi işçiləri peyvənd edilsin! Səhiyyə sənayesindən mənfəət əldə edən bütün şirkətlər ictimailəşdirilsin! Beynəlxalq problemə beynəlxalq həll yolu! Kapitalizmin buxovlarına qarşı insan həyatına sahib çıxaq!
COVID-19 epidemiyasının kapitalizm şəraitində yaratdığı sivilizasiya böhranı indi yeni və daha yüksək bir mərhələyə qədəm qoyur. Deyilənə görə, peyvəndin Böyük Britaniyada satışa çıxarılması və digər inkişaf etmiş və “inkişaf etməkdə olan” ölkələrin də bunu təkrarlaması ilə birgə epidemiyanı aradan qaldırmağın ilk addımını atmış olacaqdıq. Halbuki indi bütün dünya kapitalist hökumətlərin diqqətlərini yalnız öz xalqlarına çevirmə formasındakı kor milli eqoizmini heyrətlə izləyir. Britaniya üçün 40 milyon doza, Co Baydenin heyrət doğuran – “100 milyon amerikalıya ilk 100 gündə peyvənd vurulacaq” – iddiası və bunlara oxşar siyasi şoular yalnız başda zəngin imperialist ölkələri idarə edənlər olmaqla, kapitalist ölkələrinin idarəçilərinə xas olan xalis dardüşüncəliliyi göstərir. Belə bir yanaşma nəinki dardüşüncəli, habelə zərərvericidir. Bu aysperqin hələ görünən hissəsidir; əslində bu ölkələr vaksin tədarükü görürlər. “Nature” jurnalına görə, keçən avqust ayında ABŞ hazırlanan ən az 6 vaksinin 800 milyon dozasını almaq barədə təxminən bir milyard doza alma opsionu ilə birlikdə zəmanət almışdı. Böyük Britaniya adambaşına 5 doza mənasına gələn ümumilikdə 340 milyon doza satın almaqla adambaşına görə dünyanın ən böyük alıcısı idi. Görünür, onlar sahib olduqları əlavə dozaları başqa ölkələrə qarşı şantaj materialı kimi istifadə etməyə niyyət ediblər.
COVID-19 epidemiyası mahiyyət etibarilə beynəlxalq bir fəlakətdir. Dünyanın bütün ölkələri bu epidemik xəstəlikdən xilas olmadıqca heç bir ölkə təhlükəsiz vəziyyətdə olmayacaq. Həqiqət bu qədər sadədir. Buna baxmayaraq, peyvəndin bölüşdürülməsinə milli qurtuluş uğrundakı bu kor təşviş, milli maraqların priotitet olmasına meyilli bu irrasional inadkarlıq müşayiət edir. Bu bəşəriyyətin ali maraqlarına ziddir. İrrasionaldır. Xalis milli meşşanlıqdır. Axmaqlıqdır və kökünə qədər çürükdür. Bütün bəşəriyyətə epidemiya şəraitində yoluxan mədəni böhranın davam və daha da inkişaf etməsidir.
Bu milli dardüşüncəliliyin dünyanın zəhmətkeş xalqına heç bir xeyri yoxdur. Bu, əks nəticə verəcəkdir. Getdikcə vahid şəkil almış dünya iqtisadiyyatı və siyasəti milləti millətə qarşı qoymamağı tələb edir. Mövcud şərait diktə edir ki, bütün millətlər bütün milli maraqları bəşəriyyətin ümumi mənfəətində birləşdirən və əlaqələndirən rasional planlaşdırma sisteminə keçsinlər. Deməli, bir daha sübut olundu ki, proletariat beynəlmiləlçiliyi dövrümüzün şərtlərinə müvafiq olan rasional dünyagörüşüdür, çünki hazırkı tələblərə cavab verir. Kapitalizm yalnız öz yaratdığı qabaqcıl ictimai məhsuldar qüvvələrlə yox, insan həyatı ilə də ziddiyyətə düşmüşdür.
Odur ki, peyvəndlənmənin idarə edilməsi üzərində fəhlə nəzarətini təmin etməliyik. Peyvəndlənmə prosesinin idarə olunmasındakı bütün həyati qərarlar peşəkar tibbi qurumların, səhiyyə işçiləri ittifaqlarının, ümumən həmkarlar ittifaqlarının və yoxsulların məhəlli təşkilatlarının nəzarətinə götürülməlidir.
Həmçinin vacibdir ki, iqtisadi və texnoloji cəhətdən müvafiq bütün ölkələrdə sözü gedən peyvəndlərin kütləvi istehsalına imkan verilməsini təkidlə tələb edək. Bu templə sözü gedən əczaçılıq şirkətlərinin dünya əhalisinə lazım olan çox böyük (hardasa dünya əhalisinin iki qatı!) dozanı istehsal etməsi qeyri-mümkündür. Elm bu dəhşətli epidemiya qarşısında insan həyatını qorumaq üçün həll yolu tapdı. Kapitalist istehsal münasibətlərinin insan ağlının kəşflərinə və insan həyatının xilas olunmasına maneçilik törətməsinə imkan verməyək! Xəstəliyin kökünün qurudulmasına illər boyunca mane olacaq olan şey inhisarçı mənfəət hərisliyi olacaqdır. Nəhəng əczaçılıq şirkətləri ictimailəşdirilsin! Xalq üçün anlaşılmaz olsun deyə “əqli mülkiyyət hüquqları” adlandırılan və əslində bu inhisarların xalqı qarət etmə və yaşamaq hüququndan məhrum etməsi imkanı mənasına gələn şey yox edilsin! Bütün dünya əhalisinə peyvəndi təmin etmək üçün bütün resurslar səfərbər edilsin!
Bütün bunları etmək üçün hər ölkənin fəhlə sinfinin öz ölkələrindəki əzilən və istismar edilən kütlələrlə birləşərək hakimiyyəti ələ keçirməsi üçün çalışmalıyıq.
Hristo Rakovski Beynəlxalq Sosialist Mərkəzi dünyanın bütün fəhlə, zəhmətkeş və məzlumlarının təşkilatlarını bu müraciəti dəstəkləməyə və beynəlxalq səviyyədə başlamaq üzrə olan peyvəndlənmə proqramının virusa qalib gəlmək üçün bütün ölkələrin mütləq qarşılıqlı asılılığından törəyən bir internasionalizm əsasında bəşəriyyətin daha yüksək maraqlarına görə təşkil olunmasını tələb etməyə çağırır.
Ön cəbhədə mübarizə aparan səhiyyə və baxım evi işçiləri mütləq üstünlüklə bütün ölkələrdə eyni zamanda peyvənd edilsin!
Bundan sonra qocalar, yüksək ölüm riski altında olanlar kimi digər kateqoriyalara aid qruplar və vacib işlərdə işləyən fəhlələr peyvənd edilsin!
Hər ölkədə hər kəs üçün havayı peyvənd!
Mümkün milyonlarla lüzumsuz ölümdən qaçınmaq üçün bütün ölkələrə mövcud vaksinlər üçün istehsal müəssisələri qurmağa icazə verilsin!
Bütün nəhəng əczaçılıq şirkətləri və mənfəət əldə etmək üçün xalqın sağlamlığına zərər verən hər müəssisə ictimailəşdirilsin!
Ən kasıb və ən çox borcu olan ölkələrə əhalilərinin hamısına peyvənd vurmaları üçün kömək edilsin!
Hər ölkədə kapitalist hökumətləri yıxaq və onların yerinə fəhlə kütlələrinin hökumətlərini quraq!
Prioritet milli maraqlar yox, bəşəriyyətdir!
Kapitalist acgözlüyün insan həyatını tapdalamasına imkan verməyək!
Xalqın qurtuluşu öz əsəri olacaqdır!
Hristo Rakovski Beynəlxalq Sosialist Mərkəzi
DİP (İnqilabçı Fəhlə Partiyası, Türkiyə)
EEK (Fəhlələrin İnqilabi Partiyası, Yunanıstan)
OKP (Rusiya Birləşmiş Kommunist Partiyası, Rusiya Federasiyası)
RPK (Rusiya Kommunistləri Partiyası, Rusiya Federasiyası)
“Sovet İttifaqı” Dərnəyi
İnqilabi Proletar Dirçəliş (ROR, Fransa)
Marksist Fəhlə İttifaqı (MTL, Finlandiya)
Dokumentalni (Bolqarıstan)
UFCLP (Fəhlə Partiyası üçün Birləşmiş Cəbhə Komitəsi, ABŞ)
Evgeni Nikitin (Varna Həmrəylik Birliyindən, Bolqarıstan)
Ewa Groszewska (Mərkəzi və Şərqi Avropa Sosial Forumunun iştirakçısı, Polşa)