Orta Şərq, Şimali Afrikalı və Qafqazlı yoldaşlar!
Yüz il əvvəl bu gün bütün ölkələrin proletarlarının və zəhmətkeşlərinin müasir tarixinin ən mütəşəkkil təşkilatı, inqilabın dünya partiyası Kommunist İnternasional tərəfindən təşkil olunan Bakı Birinci Şərq Xalqları Qurultayı açıldı. Nəinki ilk fəhlə dövlətinin, habelə bütövlükdə bir ümumdünya inqilabı prosesinin əsasını qoyan şanlı 1917-ci il Oktyabr inqilabının ulduzu altında 1919-cu ildə qurulan Komintern Orta Şərq və Şimali Afrikanın (OŞŞA) qabaqcıl qüvvələrinə yeni ruh verdi.
Azərbaycan kommunizminin lideri, işdə qurultayın ev sahiblərindən olan Nəriman Nərimanov öz giriş nitqində məsələni dürüst şəkildə irəli sürdü: “Mənəviyyat və mədəniyyət anlayışlarını birinci olaraq bizə vermiş olan qocaman Şərq bu gün burada öz dərdindən, burjua ölkələrinin kapitalı tərəfindən ona vurulmuş ağır yaralardan danışaraq göz yaşı tökəcək”.
Həmin “qocaman Şərq” son yüz ildə əldə etdiyi təcrübələri ilə müdrikləşmişdir.
Bakı Qurultayı ilə bir vaxtda Azərbaycan, Türkiyə, İran, Misir, İraq, Mərakeş, İndoneziya, Suriya və Fələstində bir-birinin ardınca inqilablar baş verdi. OŞŞA-Qafqaz inqilabının bu ilk dalğasının dalınca İkinci dünya müharibəsindən sonra 1950-ci və 60-cı illərdə (Misir, Suriya, İraq, Əlcəzair, Sudan, Yəmən, Oman, Liviya və digər) müstəmləkəçilik əleyhinə milli inqilablar dalğası gəldi. Bundan sonra qələbənin ortasında bir faciə olan İran inqilabı baş verdi, xalqın mübarizəsinin güclü dalğasına baxmayaraq, iki istibdad arasında körpüyə çevrilən bir inqilab.
Lakin bunların heç biri son on ilin Ərəb inqilablarının əzəməti ilə baş-başa gələ bilməz. Bir neçə ay sonra otuz il boyunca xalqları səfalətə sürükləyən Tunis və Misirin diktatorlarını sürətlə devirən şanlı inqilabların onuncu ildönümünü qeyd edəcəyik. Bunları Yəmən, Bəhreyn və Suriyadakı üsyanlar təqib edərkən, sonuncusu vaxtından əvvəl mürtəce məzhəbçi qüvvələr tərəfindən sıradan çıxarılmışdı. Bütün bu inqilabi dalğa OŞŞA regionunda misli görünməmiş bir qabarma dövrünü başlatdı. Misir inqilabının bonapartist Sisinin əlindəki məğlubiyyətinin nəticəsində əmələ gələn durğunluqdan sonra 2018–2019-cu illər geniş regionumuzda inqilabın yenidən oyandığını gördü: Sudan, Əlcəzair, İraq və Livan inqilabları ilə yanaşı İordaniyada, yenidən Tunisdə və qısa müddət ərzində olsa belə, Misirdə daha kiçik miqyaslı hadisələr baş verdi. Həmişəki kimi Fələstinin qəhrəman xalqı ən təməl hüquqlarının qəsb edilməsinə qarşı mübarizə aparmağa, heç bir səngimə əlaməti olmadan nümayişlər təşkil etməyə, etiraz etməyə və repressiyalara reaksiya göstərməyə davam etdi.
Bu dövrdə OŞŞA regionunun ərəb olmayan iki ölkəsi – Türkiyə və İran da ayağa qalxdı. Türkiyə məruz qaldığı istibdad rejiminə qarşı ikrah hissini 2013-cü ildə baş vermiş Gəzi Parkı adı ilə yad edilən xalq üsyanı, 2014-cü il kürd xalqının Kobani sərhildanı [kürd dilində üsyan deməkdir] və 2015-ci il metallurgiya fəhlələrinin böyük tətilləri ilə göstərmişdir. İran 2018-ci ilin son günlərindən bəri fəvəran içərisində olsa da, 2019-cu ilin noyabr ayından bəri büsbütün tüğyan etdi və hələ də tətillər və hər cür mübarizə ilə sarsılır. Bu dövrdə Qafqaz xalqları da yerli burjuaziyalarından, oliqarxiyalarından, dövlət bürokratiyalarından və imperialistlərin həmlələrindən boğaza yığılmışdır. Yaxın gələcəkdə inqilab və üsyan dalğasının Qafqaza da uğraması heç kimi təəccübləndirməməlidir.
OŞŞA və Qafqazlı yoldaşlar!
Kütlələr, yəni fəhlələr, kəndlilər, şəhər yoxsulları və gənclik regionumuzun xalqlarını əzən mənfur siyasi rejimləri və bizi gün keçdikcə yoxsullaşdıran istismarçı sosial-iqtisadi quruluşu yıxmaq uğrunda mübarizəyə hazır olduqlarını təkrar-təkrar göstərdilər. Ayaqlanan kütlələri rəhbərliklə təmin etmək biz sosialistlərin, kommunistlərin, inqilabçıların öhdəsinə düşür. Növbəti dəfə bu inqilabları itirməmək üçün rəhbərliyə ehtiyacımız var. Marksizmdən qidalanmış ardıcıl bir siyasi rəhbərliyə kəskin surətdə ehtiyacımız var.
Şərq xalqları olaraq yenidən bir araya gələk. 1920-ci ildə Bakı 30 ölkədən 2000-dən artıq nümayəndəni qəbul etdi. İştirakçılar belə bir məsələdə həmfikir oldular ki, Şərqin zəhmətkeş xalqlarının yaşadığı problemlərin həlli sultanların, şahların, əmirlərin, bəylərin, ağaların, baltaçıların, feodalların, sələmçilərin, kapitalistlərin və əlbəttə, onların hərbi və sivil nümayəndələrinin hökmranlığına son qoymaqdır. Həmçinin onlar bu qüvvələrin arxasında imperialistlər olduğu üçün imperialist maraqlarına qarşı mübarizəyə səslədilər. Bu gün də həm yerli tüfeylilərlə, həm də onların xarici hamiləri ilə savaşmalıyıq.
Elə isə bir araya gələk, beynəlxalq əməkdaşlığın verəcəyi bütün cəsarətlə ölkələrimizin hər birində inqilabçı siyasi qüvvələri təşkil etmək uğrunda qüvvələrimizi birləşdirək. Bu məqsədlə bir komitə, bir mərkəz, regionda kapitalizmə və onun havadarlarına, imperialist qüvvələrə qarşı beynəlxalq mübarizə qüvvələrinin ittifaqını təşkil edək.
Bir dəfə ələ-ələ versək, heç bir şey bizi Bakı Qurultayının 100 il əvvəlki hücumunu yenidən həyata keçirməkdən saxlaya bilməz. Bütün qüvvələrimizi cəmləşdirək və gələcəyi keçmişdən daha yaxşı edək!
Azərbaycandan inqilabçı marksistlər
İrandan inqilabçı marksistlər
İnqilabçı Fəhlə Partiyası (Devrimci İşçi Partisi – DİP), Türkiyə
1 sentyabr 2020-ci il