Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Şərqi Aralıq Dənizdən sonra Qafqazda avantürizmə son! NATO, Qafqazdan bayıra! Qəti həll yolu Qafqaz federasiyasıdır!

1. 27–28 sentyabrda əvvəlcə Ermənistanın Azərbaycan ərazilərini top və minaatan atəşi ilə vurması, bundan sonra isə Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca əks-hücuma keçməsi ilə Dağlıq Qarabağda müharibə yenidən başladı və sürətlə şiddətləndi. Deyirik ki, müharibə yenidən başladı, çünki Azərbaycan və Ermənistan arasında ilk qığılcımları hələ Sovet İttifaqının dağılması prosesi daxilində 1988-ci ildə meydana çıxdıqdan sonra 1992-ci ildə başlayan müharibə 1994-cü ildə imzalanan atəşkəsə baxmayaraq, sülhlə nəticələnməmişdi və Dağlıq Qarabağ və ətraf rayonlar o vaxtdan bu yana Ermənistan ordusunun işğalı altındadır. Atəşkəs prosesi daxilində arabir xırda miqyaslı toqquşmalar baş vermiş olsa da, regiondakı çoxtərəfli qüvvələrarası tarazlıq yeni bir müharibənin yaranmasına mane olmuşdu.

2. İlk növbədə Türkiyənin zəhmətkeş xalqı baş verən müharibəyə öz hakim sinifləri ilə Azərbaycanın neft rentası oliqarxları arasındakı ittifaqın eynəyindən baxmamalıdır. Çünki bu eynəklə baxıldıqda Ermənistanın qardaş zəhmətkeş xalqının Türkiyədəki və Azərbaycandakı müstəbid burjua rejimlərinə oxşar bir rejimə qarşı apardığı böyük mübarizə görünməyəcəkdir. Azərbaycanda isə Əliyev istibdadının təzyiqi altında qalsa da, siyasətdə bir tərəfdə liberal-qərbpərəst, digər tərəfdə millətçi partiyalarda əldən düşmüş burjua müxalifətində öz əksini tapsa da, neft rentasından payına yoxsulluq düşən Azərbaycan zəhmətkeş xalqının gərginlik içərisində olduğu məlumdur. İstər Azərbaycan və Türkiyədəki kimi zəhmətkeş xalqın çörək və azadlıq mübarizəsi yatırılmış olsun, istər Ermənistanda 2018-ci ildə olduğu kimi, bu mübarizə müstəbid bir oliqarx hakimiyyətini devirmiş (Sarkisyan) olsa da, pozulmuş bir rəhbərlik altında (Paşinyan) sıradan çıxarılıb azdırılmış olsun, nəticədə bütün zəhmətkeş xalqların maraqları ümumidir. Bu gün müharibənin yaratdığı atəş fırtınası bu reallığı gizlədir. “İki dövlət, tək millət” demaqoqluğu ilə Türkiyə və Azərbaycan hakim sinifləri şovinizmdən istifadə edərək sonadək istismar edib əzdikləri zəhmətkeş xalqın qəzəbini erməni xalqına yönəldirlər.

3. Qarabağın 1994-cü ildən bu yana Ermənistan tərəfindən işğal altında saxlanılmasının Ermənistan oliqarxlarından başqa bu ölkənin zəhmətkeş xalqına və Qarabağda əksəriyyəti təşkil edən erməni əhalisinə də həqiqi bir faydası olmamışdır. Əksinə, oliqarxiya, istər Sarkisyan, istər Paşinyan tərəfindən təmsil edilsin, Qarabağ problemi vasitəsilə ölkə daxilində millətçi bir konsolidasiya yaradaraq hakimiyyətini davam etdirir. Halbuki Ermənistan nə Sarkisyandır, nə də Paşinyan! Bizim üçün Ermənistan 2018-ci ildə çörək və azadlıq uğrunda ayağa qalxan erməni xalqıdır. O xalq ki, bizim qardaşımız və dostumuzdur. Aydındır ki, 1915-ci ildən yüz il sonra Türkiyənin fəhlə sinfinin qabaqcıl dəstəsi və sosialistləri olaraq hərbi, siyasi, diplomatik və s. bir sıra məsələni müzakirə etməzdən qabaq birinci və ən öndə gələn məsuliyyətimiz erməni xalqına qarşı qızışdırılan şovinizmə qarşı mübarizədir. Belə ki, əgər bütün çətinliklərə baxmayaraq, bu mübarizəni aparmasaq, əvvəlki müharibələrdə olduğu kimi bu müharibədə də bir sıra torpaqlar əldən-ələ keçəcək, yeni bir tarazlıq qurulacaq, zəhmətkeş xalqlar bir-birinə qarşı ədavət bəsləməyə davam edəcək və hər ölkənin hakim sinifləri bu sayədə xalqlarını yoxsulluq və təzyiq altında saxlayan degenerativ rejimlərini davam etdirəcəklər. 2020-ci ildə yenidən başlayan Qarabağ müharibəsi də mövcud şəraitdə başqa bir nəticə verməyəcəkdir.

4. SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının regionda zəifləyən, amma davam edən hərbi və siyasi nüfuzuna qarşı Qərb imperializminin Türkiyə üzərindən Azərbaycanda, Fransa və ABŞ-dakı erməni diasporası üzərindən də Ermənistanda yaratdığı təsir müvazinət təşkil edirdi. Bu müvazinətdə Ermənistan həmişə Rusiyaya, Azərbaycan isə Qərb imperializmi və Türkiyəyə yaxın tərəf oldu. Azərbaycan SSRİ-nin dağılmasından sonra 1997-ci ildə qurulan və Qərb imperializminin təsir dairəsindəki ölkələrdən ibarət olan GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) tərkibində olan bir ölkə, Ermənistan isə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusla birlikdə Rusiyanın təsir dairəsində təşkil edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daxilində olan bir ölkədir. Ermənistanın Gümrü şəhərində Rusiyanın bir hərbi bazası da yerləşir.

5. SSRİ dövründə Qarabağ məsələsində Azərbaycanın lehinə siyasi və hüquqi müvazinət qurulubsa da, Sovet ordusunun Qafqazda hərbi mövqe tutmasında Ermənistan önə çıxmışdır. SSRİ-nin dağılması prosesində bu fakt əhali və iqtisadiyyat cəhətdən zəif olan Ermənistanın hərbi sahədə Azərbaycana üstün gəlməsinə gətirib çıxarmış və Qarabağ müharibəsində Azərbaycan ordusu məğlub olmuşdur. Bu mərhələdən sonra Azərbaycan ordusunun yenidən qurulması SSRİ dövründən qalan rus infrastrukturu üzərində Türkiyənin səyləri ilə NATO prinsip və perspektivləri çərçivəsində bir yenidənqurmanı ehtiva edir. Aradan keçən 26 ildən sonra Qafqaz hələ də Rusiyanın nüfuz dairəsində qalsa da, Azərbaycanın Ermənistandan üstün olan hərbi inkişafını Türkiyə üzərindən NATO-ya borclu olduğunu görürük. Bütün bunlar bütünlükdə Azərbaycanı Gürcüstandan sonra NATO-nun Qafqazda genişləmə perspektivinin ən güclü namizədinə çevirir. Həmçinin son baş verən hadisələrdə Azərbaycan ictimaiyyətində “Rusiya tərəfindən dəstəklənən Ermənistan qüvvələri” ifadələrinin istifadə olunması, oxşar bir dilin Türkiyədəki hakimiyyət cəbhəsi tərəfindən də tərcih edilməsi ona işarə edir ki, Qarabağ müharibəsini Qafqazda Rusiya-NATO gərginliyi zəmininə yerləşdirmək istəyirlər.

6. Amma hər şeyə xalis bir şey kimi yanaşa bilmərik. Məsələn, Türkiyə ilə Ermənistan arasında Abdullah Gülün prezidentliyi dövründə futbol qarşılaşması diplomatiyası ilə başlayan normallaşma prosesi Azərbaycanda çox ciddi bir narahatlığa səbəb olmuşdu. Bu narahatlığın təsiri ilə 2008-ci il Rusiya-Gürcüstan müharibəsində Türkiyə birbaşa ABŞ-la birgə Gürcüstanın yanında durarkən, Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana bir sıra zəmanətlər verərək onun neytral qalmasını təmin edə bilmişdir. Digər tərəfdən İrandakı Azərbaycan mənşəli azlıq bu iki ölkə arasında ciddi bir mübahisə ünsürü olmuşdur. Odur ki, İsrail Azərbaycanla, İran da Ermənistanla əlaqələrini inkişaf etdirərək bu vəziyyətdən yararlanır. İsrail xüsusilə də 2014–2015-ci illərdən bu yana regionun tarixən silah tədarükü inhisarını əlində tutan Rusiyanı da keçərək Azərbaycanın ən böyük silah tədarükçüsünə çevrilmişdir.

7. Yoxsul Ermənistan xalqının 2018-ci ildə ölkəni idarə edən oliqarxiyaya qarşı çörək və azadlıq üsyanı bu nöqtədə tarazlığı pozan mühüm bir hadisə olmuşdur. Ermənistan xalqının üsyanı 2018-ci ildə İran, İraq, Tunis, Rumıniya, Slovakiya və İordaniyada baş verən böyük xalq hərəkatlarının bir hissəsidir. Bu hərəkatın nəticəsində Sarkisyanı devirən və hakimiyyətə gələn Paşinyan isə bu xalq hərəkatının öndəri yox, onu dayandıran şəxs olmuşdur. Paşinyan xalqın gücü ilə hərəkət edən yox, xalqın üsyanını dayandıran bir burjua siyasətçisi kimi hakimiyyətini xalqın tələblərini yerinə yetirərək deyil, böyük qüvvələr arasında manevrlar edərək qorumağa yönəlmişdir. Rusiya ilə strateji əməkdaşlıq və müttəfiqlik əlaqələrini pozmadan Qərbə yönəlməyə çalışan, NATO zirvələrində özünü göstərən, Trampın təhlükəsizlik məsələləri üzrə müşavirini Yeravanda qonaq edən Paşinyan özünü Qafqaza demokratik və qərbpərəst bir qüvvə kimi soxuşduraraq Qarabağ məsələsində müttəfiqlər tapmağa çalışmışdır. Bütün bunları edərkən heç bir mərhələdə Rusiya ilə strateji ittifaq münasibətlərinə bağlılıq bəyanlarından imtina etməyən Paşinyan Rusiyanın qırmızı xəttlərinə toxunmamağa səy göstərsə də, məlumdur ki, bu xəttlərin üstündə gəzir.

8. Paşinyan az qala Tayyib Ərdoğanın xarici siyasət manevrlarını eynilə təqlid etməkdədir. Təbii ki, bu cür manevrların Türkiyəni saldığı çətin və çıxılmaz hallar Ermənistanın da başına gəlməyə başlamışdır. Rusiya və Ermənistan arasındakı strateji ittifaq hüdudlarını aşmayan, amma ciddi miqyas almış bir gərginlik başlamışdır. Rusiya Sarkisyanın devrilməsini özünə qarşı bir təhdid kimi şərh etmiş, Paşinyana başdan etibarən ədavətlə olmasa da, xeyli şübhə ilə yanaşmışdır. Məsələn, rus enerji şirkətləri Ermənistana neft və qaz ixracında Sarkisyan dövründən daha az əliaçıq davranmağa başlamış, qiymətləri artırmışdır. Paşinyan keşməkeşli bir prosesin sonunda hakimiyyətə gəlməsinin təbii bir nəticəsi kimi Sarkisyan dövründən qalan bürokratları kənarlaşdırmağa girişəndə bu da rus əleyhdarı bir həmlə hesab olunmuşdur. Ardınca Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistanı sıxışdıran diplomatik açıqlamaları gəlməyə başlamışdır.

9. Məsələn, Dağlıq Qarabağ probleminin həlli üçün vasitəçilik edən, Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə təşkil edilən Minsk Qrupunun Qarabağ məsələsində Ermənistanın işğal etdiyi 7 rayondan çıxmasını nəzərdə tutan qərarlarını məhz Rusiyanın xarici işlər naziri Lavrovun ictimaiyyət önündə qeyd etməsi bir mesaj idi. Paşinyan isə geri addım atmaq əvəzinə Rusiyanın qarşısına daha böyük bir ziddiyyət çıxararaq irəli doğru həmlə etməyi seçdi. Liviya və Suriyada Türkiyə və Rusiyanın hərbi nöqteyi-nəzərdən qarşı-qarşıya olması vəziyyətindən öz lehinə istifadə etmək istədi. Aydındır ki, xüsusilə Liviya cəbhəsində Fransanın da Türkiyə ilə ciddi bir ixtilafa düşməsi Paşinyan və erməni generalları üçün bir fürsət kimi qiymətləndirilmişdir. Belə ki, 13 iyulda Azərbaycandan çıxan neft və təbii qaz boru kəmərlərinin keçid regionu strateji Tovuz ərazisinə Ermənistan ordusu intensiv bir hücum gerçəkləşdirəndə Türkiyə cəbhəsində bir müddət ciddi bir susqunluq olmuşdur. Nə vaxt ki, Liviyada Türkiyə və Rusiyanın atəşkəs üçün ümumi işləmək qərarı alındı, ondan sonra Türkiyə Azərbaycana hərbi heyətlər göndərməyə, ümumi təlimlər keçirməyə başladı. Aydındır ki, Tovuz hücumu Rusiyanın icazəsi ilə, ya da göz yumması ilə baş vermişdir. Fransanın da Türkiyəni Şərqdən sıxışdıran bu hadisədən məmnun olduğuna şübhə yoxdur. Daha sonra 21 sentyabrda Rusiyanın 80 min əsgərlə təşkil etdiyi Qafqaz 2020 təlimlərində Belarus, Çin, Pakistan və Myanma ilə birgə Ermənistan da iştirak etmişdir. Bütün bunlar Ermənistanı Azərbaycana qarşı cəsarətləndirmişdir.

10. Lakin Tovuz hücumu qarşısında Türkiyə və Azərbaycanı passivləşdirən vəziyyət tədricən dəyişmişdir. Türkiyə Liviyada Misir və Rusiya ilə, Şərqi Aralıq dənizində Yunanıstan və Fransa ilə arasında ciddi hərbi gərginliklər baş verərkən, Suriyada İdlib cəbhəsində vəziyyət gərgin olarkən Qafqazda yeni bir cəbhə açmaqdan imtina etmişdisə də, 13 iyuldan 27–28 sentyabra qədər Türkiyə Şərqi Aralıq dənizində böyük miqyasda geri çəkilmiş, Liviyada özünə rəğmən imzalanan atəşkəslə razılaşmağa məcbur olmuş, Şərqi Aralıq dənizində Yunanıstan ilə ixtilafını NATO-nun öhdəsinə buraxaraq dondurmuş, nəhayət Oruc Rəis gəmisini belə Antalya limanına çəkmişdir. Şərqi Aralıq dənizində geri çəkilmə məğlubiyyətə çevrilərkən Qafqazda Rusiya-Ermənistan ziddiyyətinin yeni bir fürsət hesab olunduğu məlum olur. Azərbaycanın Ermənistan hücumlarına əks-hücumla cavab verməsi ilə Rusiyanın Minsk qrupunun hazırladığı həll yolu çərçivəsi daxilində qalan rayonların bəzilərinin Azərbaycan ordusunun əlinə keçməsinə çox da səs çıxartmayacağı qabaqcadan nəzərə alınmışdır. Bu fikrin işığında hər nə qədər media orqanlarında bütövlükdə Dağlıq Qarabağın xilas edilməsinə dair danışılsa da, böyük ehtimalla hərbi əməliyyat əvvəlcədən Rusyanı əks-həmləyə təhrik etməyəcək şəkildə planlaşdırılmışdır. Belə bir halda müharibənin uzun müddət davam etməyəcəyini, Azərbaycana strateji olmasa da, taktika və əhvali-ruhiyyə etibarilə üstünlük qazandıraraq başa çatacağını indidən demək olar.

11. Rusiya əgər müəyyən bir mərhələdə hadisəyə müdaxilə edərək atəşkəsin təmin edilməsində müəyyənedici rol oynayıb Qafqazdakı gücünü göstərə bilsə, müharibə Paşinyanı devirməyi, ya da Rusiya qarşısında diz çökdürtməyi təmin edəcək dərəcədə bir təsir doğurarsa, Putin bu prosesin sonunda özünü qaliblər sırasında görəcəkdir. İndi Paşinyanın da dilləndirməyə başladığı kimi hadisələr Qarabağda Rusiya sülh qüvvələrinə vəzifə verilməsi ilə nəticələnərsə, Putin üçün bu uğur çox daha həlledici olacaqdır. Təbii ki, müharibə lampadan çıxan cin kimidir. Nəzarətdən çıxması nəzarətə götürülməsindən həmişə daha çox mümkündür. Bu prosesdə əgər Ermənistan ağır bir məğlubiyyətə uğrayarsa, bu Rusiyanın himayə etdiyi bir qüvvəni qoruya bilmədiyi mənasına gələcək və Ermənistanın məğlubiyyəti qəflətən Rusiyanın məğlubiyyətinə çevriləcəkdir. Əlbəttə ki, bu müharibə bir dəfə başladıqdan sonra onun nəzarətdən çıxmasını istəyənlər olacaqdır. Xüsusilə də müharibədən çox uzaq bir məsafədə olan, itirəcək çox az şeyi olub baş verəcək xaosdan böyük fayda əldə edə biləcək qüvvələrdir bunlar. Xüsusilə son dövrdə Rusiya ilə az qala soyuq müharibədə olan ingilis imperializmi belə bir qüvvə ola bilər. Britaniya dövləti Qərb qüvvələri içərisində Qarabağda rəsmi atəşkəsə çağırmayan, demək olar ki, tək ölkə kimi diqqəti cəlb edir. Atəşkəsə və təmkinli olmağa çağıran ABŞ-ın isə Qarabağ səbəbi ilə öz təşəbbüsündən kənar Rusiya ilə yeni bir gərginlik yaşamağı istəməməklə birlikdə nəticə etibarı ilə məsələyə NATO-nun Qafqadakı təsir dairəsini genişləndirmək perspektivi ilə yanaşacağı düşünülməlidir. Söhbət Ərdoğanın dilindən deyilən, xarici işlər nazirliyindən müdafiə nazirliyinə qədər digər məsul şəxslər tərəfindən davamlı olaraq təkrarlanan atəşkəsi rədd edərək və Azərbaycan ordusunun hərəkatını təşviq edərək hər yolla yardım vəd edən açıqlamaların ABŞ və ingilis imperializminin bu niyyətləri ilə üst-üstə düşməsindən gedir.

12. İsrail də hazırda başlayan müharibə prosesində Azərbaycan və İran arasındakı gərginliyin artmasını əllərini ovuşduraraq izləyir. Həmçinin heç kimə sirr deyil ki, Şərqi Aralıq dənizində geri çəkilən Türkiyədəki hakimiyyət bir yolunu tapıb İsraillə münasibətləri yaxşılaşdırmaq imkanı axtarır. Misirlə münasibətləri qaydaya salmaq barədə müzakirələr İsraillə münasibətləri qaydaya salmağın ilk addımı olaraq hakimiyyət mediası və AKP-li siyasətçilər tərəfindən davamlı olaraq aktuallaşdırılır. Trampın yüzillik müqavilə adı altındakı imperialist-sionist hücum planı isə İsraillə yaxınlaşmaq istəyən hakimiyyətə istədiyi kimi bir psixoloji mühit vermir. Amma burada da elə görsənir ki, şovinizm hakim siniflərin köməyinə qaçacaq. İsrailin Azərbaycana dəstək verməsi hakimiyyət tərəfdarı yazıçı və şərhçi tərəfindən gizlədilmir, habelə qeyd edilir və bu son dərəcə mənalıdır. İrqçi və şovinist erməni düşmənçiliyinin sionizmin reklam kampaniyası üçün istifadə edilməsi ilə ilk dəfə qarşılaşmırıq. ABŞ-da və Avropada parlamentlərə gətirilən erməni soyqırımı layihələrinin rədd edilməsi üçün sionist lobbilərin Türkiyə ilə əməkdaşlığı türk xalqına hər zaman təriflə danışılıb. Nihayət İsrail də regionda müharibənin Azərbaycan və İran arasındakı gərginliyi həddindən artıq yüksəldəcək, İran daxilində azərbaycan mənşəli xalqın separatçı hərəkətlərini təşviq edəcək şəkildə böyüməsinə tərəfdar olan qüvvələrdən biridir.

13. Ermənistan və Azərbaycan arasındakı müharibənin doğuracağı mümkün siyasi nəticələr hər iki ölkə qədər regionun digər ölkələrinin zəhmətkeş xalqlarının da xeyrinə deyildir. Türkiyə odun üstünə yağ tökməməlidir. Suriyadakı muzdlu əsgərlərin bir hissəsi Qarabağ regionuna göndərilibsə, Türkiyə müharibədə maddi dəstək verərək Azərbaycanın yanında iştirak edirsə, buna dərhal son qoyulmalıdır. Bu mövzuda dövlətlərin rəsmi təkzib etməsi ilə suriyalı bir sıra təşkilatların beynəlxalq mətbuata verdiyi açıqlamalar və siyasi islamist bir sıra dairələrin bu mövzuda tərif dolu təbliğat fəaliyyətləri ciddi ziddiyyət təşkil edir.

14. Heç dar mənada Dağlıq Qarabağ probleminin həlli də üfüqdə görünmür. Beləliklə, Qafqazda da fəhlə sinfinin gücünə və zəhmətkeş xalqın səfərbərliyinə əsaslanan, müstəbid hakimiyyətlərin şovinist təbliğatı altında bir-birinə düşmənləşən deyil, bu hakimiyyətlərə qarşı çörək və azadlıq mübarizəsində ümumiləşən bir mübarizədən kənar həll yolu mümkün deyildir. SSRİ dağılarkən millətçi düşüncələrlə azadlığına qovuşduğunu düşünən xalqların sürükləndiyi müharibə, ədavət mühiti, Qafqaz xalqlarının böyük qüvvələrə yeni zəncirlərlə bağlanmış olduğu gerçəyi bizləri həll yolunun özünün olmasa da, əlamətlərini Oktyabr inqilabından sonra bu regionun yaşadığı az qala bir əsrlik sükunət və barışda axtarmağa yönəltməlidir. Keçmişimizdə yalnız düşmənçilik, qətliam və soyqırım yoxdur! Unutmayaq, 1908-ci il Hürriyyət inqilabından Bakı Kommunasına, ordan da Şərq Xalqları Qurultayına Ermənistan, Türkiyə və Azərbaycan xalqları yalnız bir-biri ilə savaşmadılar, birgə inqilab da etdilər!

15. Qafqazın yerləşdiyi geniş coğrafiyada müasir tarix boyunca baş verən hər alt-üst olma Qafqazın öz daxilində və çevrəsində milli qətliamlara çevrilməkdədir. 1905-ci il Rusiya inqilabında da belə oldu. 1917-ci il inqilabından sonrakı aylarda Bakı Kommunasının yüksəltdiyi inqilabi bayraq yenə azərbaycanlı-erməni toqquşmalarının qanı ilə ləkələndi. Naxçıvan və Dağlıq Qarabağ erkən Sovet dövründə iki millət arasında həmişə problem yaratdı. Sovet İttifaqında Qorbaçov reformları siyasi atmosferi bir az yumşaldanda bir-birinin dalınca Sumqayıt, Xocalı və Dağlıq Qarabağ vasitəsilə Qafqaz barut boçkasına çevrildi. Sovet İttifaqının dağılmasından 30 il sonra Qafqazda Ermənistan-Azərbaycan gərginliyi hələ də hər cür başqa siyasi məsələni pərdələyir. Son 25 ildə heç bir türk hökuməti Ermənistanla əlaqələrini düzəldə bilmədisə, bunun arxasında bir qədər də erməni-azərbaycanlı gərginliyinin türk hökumətlərini iflic etməsi də durur. Amma Anadoluda problem türk-erməni gərginliyindən ibarət deyil. Ermənilərin vətən hesab etdiyi torpaqların bir qismini kürdlər də öz yurdları hesab edir. Yəni eyni torpaqlar üzərində üçlü iddia var və hamısı bir-biri ilə təzad təşkil edir. İrandakı Azərbaycan mənşəli türk azlıq imperializm və sionizm tərəfindən davamlı surətdə təhrik edilir.

16. Oxşar bir vəziyyəti Balkan yarımadasında da, Orta Şərqdə də görürük. Milli, etnik və məhzəbçi fay xəttləri buralarda qurulmuş dövlətlərin içindən keçir və bütün regionu sonu gəlməyən münaqişələrlə imperializmin həmişə müdaxilə və nüfuz sahəsinə çevirir. Xüsusilə də Balkan yarımadasında və Qafqazda fəhlə dövlətinin mövcud olduğu, bu gün əzəli düşmən kimi təqdim edilən xalqların federativ quruluşlar daxilində birgə yaşaya bildiyi, problemlərin hamısı həll olunmasa da, bütün bu dövrün dinc və rahat mühiti bizə Balkan və Qafqaz xalqları arasında ədavətin əzəli olmadığı qədər əbədi də olmadığını göstərir. Elə isə Şərqi Anadolu–Orta Şərq–Qafqaz xəttində milli məsələ yalnız bir federasiyanı müdafiə edərək həll oluna bilər. Tarixin dərinliklərindən gələn türk (azərbaycanlı) – erməni – kürd – fars ziddiyyətlərini hər biri müstəqil milli dövlətlər vasitəsilə ədalətli, daimi və möhkəm surətdə bir həllə qovuşdurmaq mümkün deyildir. Bu ziddiyyətlər bir əsrdən uzun bir müddətdir, ən azı 1894–96-cı ilərdən bu yana baş verən qətliam və mübarizələrin göstərdiyi kimi strateji xarakter daşıyır. Həll yolu yalnız Qafqaz xalqlarının bir sosialist federasiyasında birləşməsi ilə mümkündür. Bu həll yolu Balkan yarımadasında da, Orta Şərqdə də imperializmə və hakim siniflərə qarşı zəhmətkeş xalqın yeganə həll yoludur.

17. İnqilabçı Fəhlə Partiyası [Devrimci İşçi Partisi] özləri də inqilabçı marksist əsaslarda təşkil olunan azərbaycanlı və iranlı yoldaşları ilə birgə Bakı Şərq Xalqları Qurultayının yüzüncü ildönümü vəsiləsi ilə “ikinci bir Bakı” çağırışı edəli sadəcə bir ay olur. Bu çağırış bütün bir regionun, Orta Şərq və Qafqazın fəhlə sinfi, kəndliləri və yoxsullarının yenidən internasionalist əsaslarda əməkdaşlıq üçün bir ön ümumi təşkilatlanma çağırışı idi. Bəyanatımız belə deyirdi: “Kütlələr, yəni fəhlələr, kəndlilər, şəhər yoxsulları və gənclik regionumuzun xalqlarını əzən mənfur siyasi rejimləri və bizi gün keçdikcə yoxsullaşdıran istismarçı sosial-iqtisadi quruluşu yıxmaq uğrunda mübarizəyə hazır olduqlarını təkrar-təkrar göstərdilər. Ayaqlanan kütlələri rəhbərliklə təmin etmək biz sosialistlərin, kommunistlərin, inqilabçıların öhdəsinə düşür. Növbəti dəfə bu inqilabları itirməmək üçün rəhbərliyə ehtiyacımız var. Marksizmdən qidalanmış ardıcıl bir siyasi rəhbərliyə kəskin surətdə ehtiyacımız var”. Türkiyədə Gəzi ilə başlayan xalq üsyanı, Ermənistanda 2018-ci ildəki xalq üsyanı, İranda ardı-arası kəsilməyən bir sıra üsyan, tətil, mübarizə içində hələlik kulminasiya nöqtəsi olaraq qalan noyabr 2019-cu il xalq üsyanı bir marksist rəhbərliyin yoxluğu səbəbi ilə daha inkişaf edə bilmədiyi üçün bu gün bədəlini ekspansiya potensialı daşıyan bir şovinist müharibə ilə ödəyirik. Bütün region ölkələrinin anti-imperialist və anti-şovinist proletar qüvvələrini internasionalist birlik yolunda ilk addımı atmağa bir daha çağırırıq.

İnqilabçı Fəhlə Partiyası Mərkəzi Komitəsi

04.10.2020