Prezident seçkilərinin nəticələrinin müəyyənləşməsi ilə vəziyyətin mürəkkəbliyi öz təsdiqini tapdı. Seçkilərin birinci turunun nəticələrinə görə, Marin Le Pen və onun təmsil etdiyi – “mavi vəba” adlandırdığımız – faşist təhlükəsi Emmanuel Makronu yaxından izləyir. Bununla belə, hazırkı vəziyyət (Le Penin partiyası Milli Birliyin sələfi olan) Milli Cəbhənin seçkilərin ikinci turuna qaldığı 2002-ci və 2017-ci illərdəkindən kəskin şəkildə fərqlidir. Hazırda Marin Le Pen və Erik Zemmur kimi iki namizədi ilə faşizm Fransanın başlıca siyasi qüvvəsinə çevrilib. Sorğu anketlərinə görə, ikinci turda Makron və Le Penə səs vermək niyyətində olanların sayı başabaş gedir. Həqiqəti gizlətmək əbəsdir: faşizm hakimiyyətin kandarındadır.
2017-ci ildə olduğu kimi, tezliklə jurnalistlər və şərhçilər Le Penin qarşısını almaq üçün Makrona səs verməyə çağıracaqlar. 2017-ci ildə xəbərdarlıq etmişdik və indi də təkrarlayırıq: Makrona verilən hər bir səs gələcəkdə baş verəcək mübarizələrdə faşistlərin əlində bir silaha çevriləcəkdir. 2017-ci ildə seçkilərdə Le Penə qarşı təşkil olunan “respublikaçı baryer”lə Le Penə qalib gələn Makronun hakimiyyəti faşist təhlükəsini sadəcə gücləndirmişdir. Faşist təhlükəsinin qarşısında məğlubiyyətə məhkum olan bir baryer nəyə gərəkdir? Biz başqa bir baryeri təklif edirik, faşizm vahiməsinin Fransanı büsbütün ələ keçirməsinin qarşısını almağa qadir olan yeganə baryer. Doğrudan da bu, yüz minlərlə fəhlənin, yoxsul məhəllələrdə yaşayan gənclərin və tələbələrin qızğın mübarizəsidir. Bu, 2002-ci ildə Fransanın zəhmətkeş xalqının küçələrdə təşkil etdiyi keçilməz baryerdir. 2002-ci ildə etdiyimizi 2022-ci ildə hamılıqla təkrarlayaq!
Bütün təşkilatlar ləngimədən hərəkətə gəlməli və tarixi missiyalarını yerinə yetirmək üçün əlini daşın altına qoymalıdır. İnqilabçı marksist ənənədən gələn LO, NPA, POI, POID və “Révolution Permanente” təşkilatları belə bir səfərbərliyi təşkil etmək üçün dərhal addım atmalıdır. FUIQP kimi yoxsul məhəllə təşkilatları, eləcə də həmkarlar ittifaqları faşizmə qarşı öz həyati maraqlarını müdafiə etmək üçün küçələrə çıxmalıdır. LFI, PCF, Yaşıllar və Sosialist Partiyasına mənsub olanlar bu tarixi mübarizədə tərəddüdsüz iştirak etməlidir. Fəhlələr, yoxsul məhəllələrin gəncləri, tələbələr və ziyalılar faşizmi dəf edəcək belə bir səfərbərliyə gecikmədən dəstək verməlidir.
Seçkilərin ikinci turundan sonra bu qaçılmaz və tarixi mübarizəni təşkil edə bilmək üçün bizə Birləşmiş Fəhlə Cəbhəsi lazımdır. CGT, “Solidaires”, CFDT, LO, NPA, POI, POID ve “Révolution Permanente” kimi fəhlə sinfinin iqtisadi və siyasi təşkilatları bunun üçün təşəbbüsü ələ almalıdır. PCF və LFI də eynilə digər fəhlə həmkarlar ittifaqları, yoxsul məhəllələrin təşkilatları, tələbələr, ziyalılar və qadınlar kimi bu cəbhəyə qoşulmalıdır. 2021-ci ilin aprel ayında memorandumu imzalayan generalların “güruh” adlandırdığı yoxsul məhəllələrdə yaşayan xalqı müdafiə etmək üçün hazırlıqlar görülməlidir.
Faşizm təhlükəsinə qarşı Birləşmiş Fəhlə Cəbhəsi!
2002-ci ilin yolu ilə gedək!
Faşizmi əzək!