Rusiya xalqlarına qarşı NATO təcavüzkarlığı və təhlükəsinin qarşısını alaq!
Rusiyada kapitalizmin restavrasiyası prosesinin məğlubiyyəti uğrunda, irəli!
Türkiyə, Yunanıstan və Fransa, NATO-dan çıxın!
NATO ölkələrinin fəhlələri, NATO-nu yıxın!
Artıq bir aydan çoxdur ki, bütün dünya Rusiya-Ukrayna müharibəsi ehtimalı ilə bağlı xəbərlərlə silkələnir. Qərb mediası bu məsələ ilə bağlı isteriyadadır! Ssenarilər müxtəlifdir, lakin bunların hamısında müəyyən bir məhşər günü nəzərdə tutulur: Rusiya ya qonşusuna qarşı geniş miqyaslı bir kibermüharibəyə başlamaq üzrədir, ya da Ukraynaya qoşun yeridəcək və ya Ukraynanı bütünlüklə işğal edəcək. Söz-söhbətlər arasında o da var ki, belə bir işğalı Rusiyaya meyilli bir marianet rejimin qurulması müşayiət edəcək.
Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna xarici işlər naziri, hətta Ukrayna mediası belə Qərbin tutulduğu bu isteriya qarşısında çaşbaş qalıb. Hamısı hazırkı vəziyyəti 2014-cü il Maydan hadisələrindən sonrakı gərginlik dövrü ilə müqayisə edərək və götür-qoy edərək bir ağızdan deyirlər ki, müharibə təhlükəsi indi o zamankından daha yaxın deyil. Bu nöqteyi-nəzərdən, NATO müttəfiqlərinin Rusiya-Ukrayna müharibəsini qızışdırıb Rusiyanı küncə qısnamaq və cəzalandırmaq siyasətini həyata keçirmək kimi bir məqsədinin olub-olmadığını sorğulamaq lazımdır.
Bütün dünya Rusiyanın yox, NATO-nun təcavüzkarlığına şahidlik edir!
Biz əsil bir “optik illüziya”ya şahidlik edirik. Qərb mediasının gözü ilə bizə təqdim edilən və adətən imperializmə sadiq olan ölkələrin mediasında əks olunan mənzərənin lehinə yeganə real sübut budur ki, Rusiya Ukrayna sərhədi boyunca müxtəlif nöqtələrə tanklar, artilleriya, zirehli maşınlar və digər hərbi texnika ilə yanaşı yüz min və ya daha çox sayda hərbçidən ibarət qoşun yığmışdır. Belarusun bu münaqişədə gözlənilən şəkildə Rusiyanın tərəfini tutması da bir həqiqətdir. Bunları çıxmaqla, bütün həqiqət hiyləgərcəsinə gizlədilir: xalis bir hoqqabaz oyunu!
1991-ci ildə Sovet İttifaqının tənəzzülü və süqutundan sonra NATO ittifaqının öz təsir dairəsini keçmiş millətlər federasiyasının başlıca varisi olan Rusiyaya doğru təhdidamiz şəkildə və tədricən necə genişləndirdiyi barədə bir kəlmə də danışılmır. Çexiya Respublikası, Polşa, Macarıstan (1999), Estoniya, Latviya, Litva, Slovakiya, Rumıniya, Bolqarıstan, Sloveniya (2004), Albaniya, Xorvatiya (2009) və Monteneqrodan (2017) ibarət düz 13 ölkə həmin taleyüklü hadisədən sonra NATO-ya qoşuldular. Qərbdən mühasirə xeyli dərəcədə tamamlandıqdan sonra indi növbə blokadanı cənuba doğru genişləndirməyə gəlib çatdı: Ukrayna, Gürcüstan, Moldova və yəqin ki, Azərbaycan indidən öz namizədliklərini irəli sürüblər. Əməliyyat hələlik şərqdə müvafiq momenti gözləyir. Belə ki, Mərkəzi Asiya ölkələri ən azından indilik güclü qonşuları Rusiyanın yanında qalır və digər nəhəng qonşuları olan Çinin maraqlarını da nəzərə alırlar.
Ukrayna NATO-nun Rusiya Federasiyasına qarşı apardığı küll halındakı bütün təcavüzkar əməliyyatın avanqardıdır. Həmçinin bütün köhnə Sovet respublikaları, hətta Rusiyanın bütün qonşuları arasında ən həssas ölkədir. Əsrlər boyunca bu iki ölkə Belarusla birgə coğrafiya, dil, mədəniyyət və din baxımından qohumluğa malik olmuşdur. Üstəlik, Ukrayna NATO-ya daha əvvəl daxil olan və Rusiya ilə həmsərhəd olan ölkələr arasında Rusiya ilə müqayisədə əhəmiyyətli dərəcədə əhali sayına malik olan yeganə böyük ölkədir (145 milyona qarşı 45 milyon; halbuki Rusiya ilə quruda həmsərhəd olan digər iki ölkənin, yəni Latviya və Estoniyanın əhalisi olduqca azdır).
Ukraynanın NATO-ya qoşulması onun ərazisində nüvə başlıqlı silahların yerləşdirilməsini dərhal gündəmə gətirir. Bütün dünya bunun nə məna kəsb etdiyini dərk etməlidir: Moskvaya nüvə raketi bir neçə dəqiqə ərzində düşə bilər! Digər bir sözlə, bu, Rusiyanın bağrına dolu silah dayamaq mənasına gəlir.
NATO: imperializmin hərbi aparatı
NATO həmin vaxt yeni yüksəlməkdə olan “Şərq bloku”na qarşı imperializmin bir vasitəsi kimi 1949-cu ildə yaradılmışdır. Qurucu üzvlərindən biri Fransa idi. Yunanıstan və Türkiyə düz 70 il əvvəl, 1952-ci ilin fevral ayında NATO-ya qoşuldular. Finlandiya Rusiya ilə olan xüsusi tarixi əlaqələrindən ötrü bitərəf qalmışdı; baxmayaraq ki, hazırda İsveçlə bərabər NATO-nun iyunda keçiriləcək növbəti sammitinə qədər üzvlük üçün müraciət etmək təşvişinə düşüb.
Bütün soyuq müharibə boyunca NATO Sovet İttifaqında və onun Varşava Müqaviləsi Təşkilatındakı müttəfiqlərində fəhlə dövlətlərinin mövcudluğuna hansı yolla olur-olsun son qoymaq üçün fürsət axtaran bir müştərək hərbi aparat olaraq fəaliyyət göstərdi. Əvvəl Şərqi Avropada, sonra Sovet İttifaqında fəhlə dövlətləri dağılanda Varşava Müqaviləsi Təşkilatı da aradan qalxdı, amma NATO yox. Sadə şəkildə desək, o, bütün dünya üzərində imperialist hökmranlığının davamlılığını təmin etmək kimi ümumiləşdirə biləcəyimiz müxtəlif tipli yeni vəzifələri müəyyənləşdirərək özünü yenidən təşkil etmişdir.
Təşkilatın ilk dəfə vahid şəkildə apardığı Əfqanıstan müharibəsindən (2001–2021) aydın görsənir ki, NATO özünü “azad dünya”nın düşmənləri hesab etdiyi ölkələri hədələməklə məhdudlaşdırmır, lazım gələndə geniş miqyaslı təxribata da səbəb olur. Bu müharibədə yüz minlərlə əfqan, hərbçi və mülki şəxs Nyu-Yorkdakı əkiz qüllələrə və Pentaqona qarşı həyata keçirilmiş 11 sentyabr hücumlarında ölən üç min insana əvəz olaraq qətlə yetirildilər. Bu qətliam, İraqa qarşı aparılan 1991-ci il Körfəz müharibəsindən bəri hər müharibədə olduğu kimi, çoxlu sayda insanın toy və dəfn mərasimlərində, məktəblərdə və yarmarkalarda “ağıllı bombalar” vasitəsilə “ustalıqla” öldürülməsini də ehtiva edir.
Bu imperialist hərbi maşın hazırda Avropa və Asiyada, gələcəkdə isə, böyük ehtimalla, digər qitələrdə də bəşəriyyətin gələcəyini təhdid edir. Fəhlə sinfinin təşkilatları, həmkarlar ittifaqları və siyasi partiyaları bütün dünyada məzlumların ictimai hərəkatları və antiimperialist döyüşçülərlə əl-ələ verərək bu təhlükəyə qarşı mübarizə aparmalıdırlar. İnqilabçı marksistlər, yəni inqilab zamanı beynəlxalq fəhlə sinfinin qabaqcıl dəstəsinə rəhbərlik etməyə can atan partiyalar özlərinin başlıca düşmənləri kimi məhz bunu hədəf götürməlidirlər.
İmperializmin ikiüzlülüyü
İmperialist dövlətlərin və onların mediasının Ukraynanın (və gələcəkdə Gürcüstan və digərlərinin) NATO-ya qoşulmasına haqq qazandırmaq üçün həyasızcasına irəli sürdüyü hər bir ölkənin arzu etdiyi ölkə və təşkilatlarla əlaqə qurmaq hüququ barədə bütün arqumenti ikiüzlülükdən ibarətdir. İki əsr əvvəl elan edilən və faktiki olaraq Qərb yarımkürəsini ABŞ-ın ovlağına çevirən Monro doktrinası, son bir neçə il ərzində ABŞ-dakı bir çox nüfuzlu şəxsin də qeyd etdiyi kimi, hələ də qüvvədədir. ABŞ hələ də Kubanı ən sərt blokada vəziyyətində saxlamağa davam edir. ABŞ, əlbəttə, bunu demokratiya naminə etdiyini iddia edir, amma dünyanı embarqonun əsil mahiyyətinin bu olduğuna inandırmaq məsələsində az qala büsbütün aciz qalır. Keçən il (ABŞ-ın ən yaxın imperialist müttəfiqləri, hətta Birləşmiş Krallıq da daxil olmaqla) düz 184 dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında embarqonun ləğv edilməsinə səs verdilər. Qətnamə layihəsinin əleyhinə yalnız iki ölkə səs verdi: ABŞ-ın özü və İsrail. Maraqlıdır ki, Ukraynanın “demokratik” hökuməti bitərəf qalan cəmi üç ölkədən biri idi!
“Demokratik” təbiətinə görə daim mədh edilən Bayden hökuməti Kuba embarqosunu nəinki aradan qaldırmadı, habelə onu qüvvətləndirdi. Həmçinin o, Venesuelada Nikolas Maduronun yerinə özünü prezident elan etmiş Xuan Quaydonu tanımağa davam edərək bu dələduz siyasətçinin Venesuela xalqına məxsus pulu talamasına kömək və təhrik edir. Beləliklə, Monro doktrinası qüvvədədir!
1962-ci ildə baş verən Kuba raket böhranı ümumi xüsusiyyətlər baxımından hazırkı Ukrayna böhranı ilə az qala tamamilə eyni idi. Həmin dövrdə Con Kennedinin rəhbərliyi altında ABŞ kontinentdən 150 kilometr aralıda yerləşən bir adada nüvə başlıqlı silahların yerləşdirilməsini tamamilə rədd etdi, Kubanı hərbi blokadaya saldı, adaya köməyə gələn hərbi gəmiləri geri göndərdi və nəhayət, adanı müharibə və işğalla hədələdi. İndi rollar dəyişib və ABŞ Rusiyanın daha səbirli reaksiyalar vasitəsilə Ukrayna barədə dilə gətirdiyi az qala tamamilə eyni tələbi yerinə yetirməkdən imtina edir.
Rusiyada kapitalizmin restavrasiyası prosesi məğlub olmalıdır
Beynəlxalq fəhlə sinfi və onun qabaqcıl dəstəsi restavrasionist rejimləri, oliqarxları və ya bonapartları zərrə qədər də olsa dəstəkləmədən imperialist təcavüzkarlıq qarşısında bitərəf qalmamalı, əksinə, onu məğlub etmək uğrunda mübarizə aparmalıdır. Bu ölkələrdə imperializmi məğlub etmək üçün siyasi olaraq səfərbər olan kütlələrlə işdə həmrəylik nümayiş etdirməlidir. Antiimperialist mübarizədə qələbə qazanmaq adı ilə hakim elitaya xidmət edən kor millətçilik tələsinə düşmək olmaz. Əksinə, bu mübarizə imperializm və müstəmləkəçiliyə şərait yaradan kapitalist restavrasiya prosesinin məğlubiyyəti, oliqarxların mülkiyyətdən məhrum edilməsi, fəhlələrin nəzarəti altında iqtisadiyyatın sosialistcəsinə yenidən qurulması, bütün hakimiyyətin bürokratsız gerçək sovetlərin əlində cəmləşməsi, tam fəhlə demokratiyası və bütün dünyada inqilabi və qurtuluş hərəkatlarına tərəfdar çıxan fəal beynəlmiləlçi siyasətin yaradılması ilə nəticələnənə qədər arasıkəsilməz bir xarakter almalıdır.
NATO-dan çıx! NATO-nu yıx!
NATO-nun üç ölkəsi: Türkiyə, Yunanıstan və Fransadan olan bizim partiya və təşkilatlarımız NATO-nun iddialarını təkzib edərkən və həm bu böhran, həm də XXI əsrin üçüncü onilliyində yeni bir xarakterə bürünmüş Çinə qarşı yönələn təhdid də daxil olmaqla, bütün dünyada müharibə təhlükəsi ilə bağlı imperializmi ittiham edərkən qətiyyən abstrakt bir iş görmüş olmur. Bizim ölkələrimiz NATO adlanan imperializmin irticaçı hərbi aparatının tərkib hissəsidirlər. Demək, əgər müharibə baş versə, bizim burjua hökumətlərimiz də imperializmin dünya hökmranlığı uğrunda aparılan bu müharibəyə görə məsuliyyət daşıyacaqdır.
Biz imperialist maraqlar naminə fəhlələrin və kəndlilərin sipərlərdə ölməsini rədd edən və müharibələrə əbədi olaraq son qoymaq üçün sosialist inqilabına çağıran Leninin yolu ilə gedirik. Biz Roza Lüksemburqun alman inqilabçı yoldaşı, içimizdə olanı “başlıca düşmən” elan edən Karl Libknextin yolu ilə gedirik. Biz NATO üçün döyüşməyəcəyik. Ölkələrimizin NATO-dan çıxması üçün, Finlandiyada isə ölkəmizin bu imperialist hərbi aparatına daxil olmaması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əgər müvəffəq olsaq, bu, Yunanıstan və Türkiyənin əhəmiyyətinə görə NATO-nun şərq qanadının ən çox tələb olunan momentdə məhv olması demək olacaq. Lakin biz ölkələrimizi münaqişədən kənarlaşdırmaqla qane olmayacağıq. Biz proletar beynəlmiləlçiləriyik. Ölkələrimizi NATO-dan çıxarmaqla kifayətlənməyəcəyik. Habelə bu nəhəng hərbi aparatı aradan qaldırmaq uğrunda digər NATO ölkələrinin fəhlə partiyaları və təşkilatları ilə əl-ələ verəcəyik.
İmperializm, Ukraynadan əlini çək!
Ukrayna NATO-ya qoşula bilməz! NATO-nun şərq, qərb, şimal-qərb və cənub ekspansiyasının qarşısı alınmalıdır!
NATO zəhmətkeş bəşəriyyətin başlıca düşmənidir! Məhv olsun imperializmin hərbi aparatı!
Fransa, Yunanıstan və Türkiyə, NATO-dan çıxın!
İmperialist hərbi gəmiləri Qara dənizdən rədd olsun! Ümumi dənizimiz Egeydə imperialist hərbi gəmilərinə keçid yoxdur!
NATO-nun müharibə hazırlığına nə bir köpük, nə də əsgər verəcəyik! Ukraynaya bütün silah satışlarına və xüsusilə də Türkiyədən pilotsuz uçuş aparatları satışlarına embarqo!
NATO ölkələrinin fəhlələri, NATO-nu yıxmaq uğrunda, irəli!
Müharibə baş verərsə, imperializmin məğlubiyyəti üçün çalışaq!
Fəhlələrin başlıca düşməni ölkənin daxilindədir!
Xristo Rakovski Beynəlmiləlçi Sosialist Mərkəzi
RedMed İnternet Şəbəkəsi
DİP (İnqilabçı Fəhlə Partiyası, Türkiyə)
EEK (Fəhlələrin İnqilabçı Partiyası, Yunanıstan)
MTL (Marksist Fəhlələr Cəmiyyəti, Finlandiya)
ROR (İnqilabi Fəhlə İntibahı, Fransa)
RPK (Rusiya Kommunistlər Partiyası, Rusiya)
OKP (Birləşmiş Kommunist Partiyası, Rusiya)
ASU (Sovet İttifaqı Assosiasiyası, Rusiya)