Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Qarabağ müharibəsinin erməni əhalisinə qarşı zülmə çevrilməsinə imkan verməyək

 

Üçüncü Qarabağ müharibəsinin qaynar münaqişə mərhələsi sürətlə başa çatdı. İlk əlamətləri hələ Sovet İttifaqı dağılmazdan əvvəl müşahidə olunan Qarabağ münaqişəsi (həm Azərbaycanın, həm Ermənistanın Sovet respublikaları kimi tərkib hissəsi olduğu) Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə iki dövlət arasındakı açıq müharibəyə çevrilərək pik həddinə çatmışdı. Bu ilk müharibədə Ermənistan xüsusilə Sovet Silahlı Qüvvələri daxilindəki erməni birliklərinin say üstünlüyü sayəsində aşkar bir qələbə qazanmışdı. 1994-cü ildə başa çatan bu müharibədən bəri beynəlxalq hüquq əhalisi əksərən erməni olan Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanısa da, bölgəni əhatə edən inzibati vahidlər Ermənistan işğalı altında idi. Dağlıq Qarabağın özü isə digər dövlətlərin rəsmi şəkildə tanımadığı (Şimali Kipr Türk Respublikası kimi hesab edilə bilər), erməni qüvvələrin başçılıq etdiyi Dağlıq Qarabağ Respublikası və ya ermənicə desək, Artsax Respublikası tərəfindən idarə olunurdu.

1994-cü il məğlubiyyətindən bu yana həm neft gəlirinin təmin etdiyi üstünlüklə, həm də Türkiyə (Türkiyə vasitəsilə NATO) və İsrailin dəstəyi ilə Azərbaycan tərəfi böyük bir silahlanma həmləsi etmiş və Ermənistan ilə arasındakı hərbi balansı dəyişdirmişdi. Beləliklə, 2020-ci ildə Azərbaycan 2018-ci il Ermənistan xalq üsyanından sonra Ermənistanın ən mühüm müttəfiqi olan Rusiya ilə böhran yaşamasından faydalandı. Azərbaycan Ermənistan tərəfindən gələn bir hücumu da səbəb göstərərək hərəkətə keçdi və qəti qalibiyyət əldə etdi. Bu nəticənin əldə olunmasında Azərbaycan tərəfinə Türkiyənin birbaşa hərbi yardımı, İsrailin isə silah satması həlledici əhəmiyyət daşıyırdı. Bu müharibə nəticəsində Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonlardan geri çəkilmiş və bölgə ilə Ermənistan arasında yeganə əlaqə kimi Rusiya qüvvələrinin nəzarətindəki Laçın dəhlizi qalmışdı.

2020-ci il müharibəsindən sonra qurulan tarazlıq davamlı olmamaqla birgə, az qala iki müharibə arasında bir antrakt kimi idi. İndi Azərbaycan qüvvələri “antiterror tədbirləri” adlandırdıqları hərbi əməliyyat ilə hazırkı həssas tarazlığı aradan qaldırıb tamamilə öz lehinə olan qüvvələr balansı yaratmağa müvəffəq olmuşdur. Təxminən bir gündə başa çatan bu həmləyə mətnin əvvəlində “Qarabağ müharibəsinin qaynar münaqişə mərhələsi” demişdik. Belə ki, əslində bu həmlənin ilk əlamətləri 2022-ci ilin dekabr ayından bəri özünü büruzə vermişdi. Azərbaycan qüvvələri Laçın dəhlizini bağlayaraq, Dağlıq Qarabağın nəfəs borusunu kəsmiş, qeyri-rəsmi olsa da, az qala orta əsrlərin qala mühasirələrini xatırladan bir vəziyyət meydana gəlmişdi. Yəni doqquz ay boyunca Qarabağ əhalisi dərmandan qidaya və yanacağa qədər bir çox mövzuda ağır məhrumiyyətlərlə üz-üzə qalmış, beləcə müharibə birbaşa döyüşlərə çevrilməzdən qabaq Qarabağ qüvvələri aşındırılmışdı. Mühasirənin hücuma çevrilməsi üçün isə, ehtimal ki, müvafiq moment gözlənilirdi. 2020-ci il müharibəsindən sonra Nikol Paşinyan hökuməti Türkiyə və Azərbaycanla razılıq əldə edərək, Qərb imperializminin köməyi ilə və daxili siyasətdə məğlubiyyətin məsuliyyətini Rusiyaya aid edərək hakimiyyətdə qalmağa müvəffəq oldu.

Paşinyanın bu siyasəti inkişaf etdirərək Rusiya əleyhinə bir vasitə kimi istifadə etmək üçün səriştəsiz formada Qərb imperializmi ilə yaxınlaşmağa doğru addımlar atması bir daha Azərbaycanın gözlədiyi fürsəti yaratdı. Ermənistan həm ABŞ ilə birgə hərbi əməliyyat həyata keçirdi, həm də Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında müqavilə olan Roma Statusunu imzalayaraq ratifikasiyası üçün parlamentə göndərdi. Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbs olunması ilə bağlı qərar qəbul etdiyi üçün bu hərəkətin aşkar bir formada Rusiyaya meydan oxumaq mənasına gəldiyi aydındır. Beləcə, Ermənistanın açıq-aydın Rusiyanın əleyhinə çıxdığı, lakin (ən azı indi) ABŞ və Aİ imperializminin faktiki dəstəyinə arxalana bilməyəcəyi bu aralıq mərhələdə Azərbaycan tərəfi hərəkətə başladı. Azərbaycan texniki baxımdan öz ərazisi daxilində bir əməliyyat həyata keçirdiyi üçün (yuxarıda bəhs etdiyimiz kimi, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan torpağıdır) Ermənistan tərəfi belə (əlverişsiz hərbi mövqeyini də nəzərə alaraq) Qarabağda Ermənistan əsgərlərinin olmadığını bildirməklə kifayətləndi. Sürətli hücumdan dərhal sonra Qarabağdakı erməni hökuməti də Azərbaycanın irəli sürdüyü atəşkəs şərtlərini, yəni silahı yerə qoymağı və təslim olmağı qəbul etdi. İki tərəf arasındakı görüşlərin davam etməsinə baxmayaraq, hazırkı vəziyyət Dağlıq Qarabağ Respublikasının qeyd-şərtsiz məğlubiyyəti və çox güman ki, faktiki mənada başa çatması deməkdir.

İndi Dağlıq Qarabağın erməni əhalisi yenidən açılan Laçın dəhlizi yolu ilə Ermənistana qaçmağa başlayıb. İlham Əliyev bir bəyanatında Qarabağın erməni əhalisinin də öz vətəndaşları olduğunu bildirmiş və bölgəni onlar üçün cənnətə çevirmək istədiklərini vurğulamışdı. Lakin illərlə davam edən şovinist provokasiyalardan sonra bu bəyanatlar son doqquz ayı az qala mühasirə altında keçirən Dağlıq Qarabağın erməni əhalisinə təskinlik verə bilməz. Bölgə əhalisinin Ermənistana keçidinin nə qədər müddət ərzində davam edəcəyinə və qalan əhalini nələrin gözlədiyinə dair başa düşülən narahatlıq mövcuddur. Türkiyəli zəhmətkeşlər kimi, bizim üçün prioritet Azərbaycan-Türkiyə tərəfinin şovinizminə təslim olmayaraq qardaş erməni xalqına kömək əlimizi uzatmaq olmalıdır. Aydındır ki, bu gün nə Azərbaycanın qələbəsi, nə də Azərbaycan, Ermənistan, Gürcüstan dövlətlərinin sərhədləri arasında hər hansı bir formada yenidən qurulma milli qırılma xətlərinin hələ də aktiv olduğu regiona sülh gətirəcək. Erməninin də, azərbaycanlının da sülh içində yaşayacağı bir Qafqaz uğrunda, yəni Qafqazda sosialist bir federasiya uğrunda mübarizə aktuallığını davam etdirir. “Qardaş” ölkə kimi Azərbaycanın qələbəsini təbrik etməkdə heç kim qərəzli olmasın. Azərbaycan dövləti bu qədər saf və təmizdirsə, Sionist İsrail nə üçün onu dəstəkləyir? Burada doğru mövqe Azərbaycanın qələbəsinin erməni əhalisinə qarşı zülmə və hətta qırğına çevrilməməsi üçün mübarizə aparmaqdır. Bu həm Türkiyə, həm də Azərbaycan zəhmətkeşlərinin vəzifəsidir.