Avropa siyasəti yenə öz əndazəsindən çıxdı. Nəşrlərimiz neçə zamandır Avropa başda olmaqla bütün dünya siyasətində faşizmin və protofaşizmin intensiv yüksəlişinə diqqəti cəlb edirdi. Əvvəla, İsveçdə faşist İsveçli Demokratlar Partiyası seçkilərdən əsil qalib kimi çıxmışdı. İndi isə Avropa İttifaqının ən böyük üçüncü iqtisadiyyatı olan İtaliyada faşizm müstəsna bir qələbə qazandı. Təhlükəyə biganə yanaşıb xalqı aldadanlar utansın. Bu ölkələrdə hələ faşizm bərqərar olunmayıb, amma artıq faşistlər hakimiyyətə gəliblər.
Bu mətnin əsli türkcədir və www.gercekgazetesi1.net veb-saytında dərc edilmişdir. Digər yoldaşlar tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Seçkilərin nəticələri İtaliya siyasətində baş verən bir neçə müxtəlif zəlzələyə işarə edir. İlk növbədə dərin iqtisadi böhranın siyasi böhranla çulğalaşdığı bu ölkədə partiyalar və siyasi aktorlar arasında qüvvələr balansının sürətlə dəyişməsi diqqəti cəlb edir. Qısa müddət əvvələ qədər İtaliya siyasətinin mərkəzində qərarlaşan bir sıra siyasi aktorlar son seçkilərdə bu və ya digər dərəcədə məğlubiyyətə uğradılar. Seçkilərdə yenilən dörd partiyanın hər birinə dörd ayrı sabiq baş nazir rəhbərlik edir. Birincisi, Matteo Rentsinin rəhbərlik etdiyi və iki kiçik partiyanın ümumi siyahısı kimi seçkilərdə iştirak edən Aksiya – Yaşasın İtaliya (italyanca: Azione – Italia Viva) 8%-dən bir qədər az səs topladı. Sabiq baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və son ümumi seçkilərdə 32%-dən çox səs toplayaraq birinci olan Beş Ulduz Hərəkatı (italyanca abreviaturu: M5S) isə yalnız 15% səs toplaya bildi. Üçüncü sabiq baş nazirin, yəni Silvio Berluskoninin partiyası İrəli, İtaliya (italyanca: Forza Italia) partiyası da təxminən 8% səs toplayıb. Berluskoninin vəziyyəti faşist partiyalarının qabaqcıllarından olması və seçkidə qalib gələn koalisiyanın bir hissəsi olması səbəbilə bir qədər fərqlənir, amma o da üçlü ittifaqın ən güclü partiyası olmaqdan xırda şərik mövqeyinə doğru geriləmişdir. Bu məsələyə bir azdan toxunacağıq. Dördüncü sabiq baş nazir Enriko Letta İtalyan Kommunist Partiyasının qalıqlarından əmələ gəlmiş rejimə loyal olan sol Demokratik Partiyaya (italyanca abreviaturu: PD) rəhbərlik edərək seçkilərdə iştirak etdi. PD ikinci partiya oldu, amma dünənə qədər İtaliya siyasətinin nəhəngi olan bu partiyanın və rəhbərlik etdiyi koalisiyanın faşist koalisiyası qarşısındakı həziməti o qədər böyükdür ki, Letta bir sonrakı qurultayda Demokratik Partiyanın rəhbərliyini tərk edəcəyini elan etməli oldu. Odur ki, bu seçkilərin məğlublar siyahısı, belə demək olarsa, sabiq baş nazirlər qəbiristanlığıdır.
İtaliya Qardaşları və Corca Meloninin yüksəlişi
Sabiq baş nazirlər məğlub olarkən seçkilərin qalibi isə ümumiyyətlə italyan faşizmidir, xüsusilə də Corca Meloninin rəhbərlik etdiyi İtaliya Qardaşları (italyanca: Fratelli d’Italia) partiyasıdır. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu partiya Benito Mussolininin Milli Faşist Partiyasının (italyanca abreviaturu: PNF) davamçısı olan İtalyan Sosial Hərəkatının (italyanca abreviaturu: MSI) birbaşa təşkilati varisidir və MSI-nin səciyyəvi əlaməti olan od (italyanca ifadə ilə: fiamma tricolore, yəni üç rəngli od) simvolundan da istifadə etməyə davam edir. İtaliya Qardaşları dünənə qədər İtaliya siyasətində yalnız ikinci dərəcəli mövqe tuturdu. Partiya hazırkı adını və formasını 2012-ci ildə aldıqdan bəri Berluskoni və onun partiyası FI-nin rəhbərlik etdiyi sağçı koalisiya daxilində kiçik bir qüvvəni təşkil edirdi. İştirak etdiyi ilk seçkilərdə bir təhər 2% səs toplayaraq 3 faizlik seçki baryerini keçə bilməyən FI 2018-ci il seçkilərində sıçrayış edərək (!) 4%-dən çox səs toplamışdı. Dörd il sonra həmin partiya hazırda 26% səslə ölkənin ən böyük siyasi qüvvəsinə çevrilmişdir. 2013-cü ildə seçki baryerini keçə bilməyən bu faşist partiyası indi liderini baş nazir etmək qüdrətinə malikdir. Bu radikal inkişaf nəinki İtaliyadakı siyasi böhranın miqyasının, habelə Üçüncü Böyük Depressiya şəraitində siyasət arenasında baş verə biləcək nəhəng siyasi sarsıntıların göstəricisidir.
Gəlin sizə faşizm və FI-nin qələbəsinin böyüklüyü barədə bir sıra məlumatlar verək. FI-nin səs faizi 26%, rəhbərlik etdiyi koalisiyanın isə 45%-ə yaxındır. İkinci ən böyük koalisiya, yəni rejimə loyal olan solun koalisiyası isə dörd partiyanın birləşməsindən ibarət olub yalnız 26% səs toplaya bildi. Bu nəticələrdə iki həlledici amil rol oynadı. Biri dünya miqyaslı bir hadisənin İtaliyada təzahür etməsi amili, digəri isə tamamilə İtaliyadakı konyunktura xas olan amil. Birincisi, rejimə loyal olan solun büsbütün Avropa İttifaqının müştüyünə çevrilməsi, kultural məsələlərlə məşğul olub fəhlə sinfinə müraciət etməkdən imtina etməsidir. Digər tərəfdən isə eynilə Fransadakı Marin Le Pen və ya ABŞ-dakı Donald Tramp kimi, FI də təhrif edilmiş gündəliyi ilə olsa da, inadla fəhlə sinfinə müraciət etdi. FI İtaliya fəhlə sinfini çaşdırmağa çalışdı, fəhlələrin diqqətini kapitalistlərdən yayındıraraq immiqrantlar üzərinə cəlb etdi. Mesaj təhrif olunmuş və yanlış idi, amma fəhlə sinfinə müraciət edən, onun problemləri üçün həll yolları təklif edən yeganə partiyanın FI olduğunu, üstəlik onun qarşısındakı rəqibinin Aİ və BVF dəstəyi ilə başda “Jobs Act” adlı əmək qanunu olmaqla fəhlə sinfinə qarşı bir çox hücumlarda əlbir olmuş Demokratik Partiya olduğunu nəzərə alsaq, bu mesajın eşidilməsi də qaçılmaz idi. Belə bir şəraitdə başda şimali İtaliyanın keçmiş “qızıl” şəhərləri olmaqla az qala bütün ölkədə faşist koalisiyası qələbə qazandı, Demokratik Partiya isə yalnız Florensiya və Bolonyanı ehtiva edən zəngin Toskana və Emiliya-Romanya regionları ilə məhdudlaşmalı oldu.
İkinci amil isə İtaliya siyasətinin son illərdə yaşadığı böhran və bu dövrdə FI-nin etdiyi manevrlar, yaxud rəqiblərinin buraxdığı səhvlərlə əlaqədardır. 2018-ci ildə hökuməti təşkil edən Lega-M5S koalisiyası 2021-ci ilin əvvəllərində dağılandan sonra Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draqinin ətrafında bir milli konsensus hökuməti qurulmuşdu. İqtisadi böhranla boğuşan İtaliyada bu hökumət fəhlələri böhranın bədəlini sərt qənaət proqramı vasitəsilə ödəməyə məcbur etdi. Bundan başqa, İtaliya siyasətinin, demək olar bütün başlıca partiyaları bu hökumətdə bir nazirliyə sahib oldular. Faşist koalisiyası daxilində mövqe tutan Liqa və FI, antisistem imicinə görə müəyyən mərhələdə ölkənin ən güclü siyasi aktoruna çevrilən Beş Ulduz Hərəkatı, sabiq baş nazir Matteo Rentsinin Yaşasın İtaliya partiyası və rejimə loyal olan solun qabaqcılı Demokratik Partiya: bunların hamısı Draqi hökumətində iştirak etdilər. Çox maraqlıdır ki, bu partiyalardan bəziləri, xüsusilə də Beş Ulduz və Liqa anlaşılmaz bir siyasi səriştəsizlik nümayiş etdirərək pula və ya silaha nəzarət edən mühüm strateji (daxili işlər, müdafiə, iqtisadiyyat kimi) nazirliklərin heç birini almadan, yəni hökumətdə olmağın imtiyazlarından lazımi qaydada istifadə etmədən sərt qənaət hökumətinin vəbalına şərik olmağı qəbul etdilər. Bu milli konsensus hökumətindən kənarda qalan yeganə mühüm partiya İtaliya Qardaşları idi. Belə ki, Draqi hökumətinə etimad səsverməsində onun əleyhinə 56 səs çıxmışdı və bu səslərin 31-i, yəni yarısında çoxu İtaliya Qardaşlarına məxsus idi. Yəni Liqa və Beş Ulduz kimi partiyalar kəmərsıxma siyasətinə qarşı təkbaşına müxalifət olmaq imkanını İtaliya Qardaşlarına verdilər. İtaliya Qardaşları da bu fürsətdən ustalıqla istifadə edərək başda digər faşist partiyası olan Liqa olmaqla rəqiblərinə qarşı böyük bir üstünlük əldə etdi. Bunun təzahürü seçkilərin nəticələrində açıqcasına nəzərə çarpır. İtaliya Qardaşlarının (başlanğıcda bir şimal partiyası olan) Liqanın şimali İtaliyadakı qalaları olan Veneto və Friulidə əldə etdiyi nailiyyətlər xüsusilə diqqətəlayiqdir. Həmçinin İtaliyanın məşhur şimal-cənub gərginliyini nəzərə alsaq, özü romalı, yəni cənublu olan və kəskin Roma aksenti ilə danışan Meloninin milanlı, yəni şimaldan olan Salvininin xilafına şimal şəhərlərində belə bir uğura nail olmasının əhəmiyyəti və Liqanın Draqi hökumətində iştirak edərək aldığı zərbənin böyüklüyü daha başadüşülən olar.
Nəticələrdəki bu uçurumu və bir çox seçki dairəsindən seçkilərin qalibinə mənsub olan namizədlərin birbaşa deputat seçilməsinə imkan verən nisbi səs çoxluqlu majoritar seçki sistemini nəzərə almaq surəti ilə demək olar ki, Meloninin parlamentdəki gücü koalisiyanın topladığı 45% səsə nisbətən daha üstün olacaq. Deputat təyinatının hələ də qeyri-müəyyən olmasına baxmayaraq, proqnozlar göstərir ki, faşist koalisiyası İtaliya parlamentinin iki palatasına da kənar dəstəkdən asılı olmadan tam nəzarət etməyə qadir olacaq. Bu, yaxın keçmişdə belə güclü bir hökumətin təşkil olunmadığı İtaliyada çox böyük əhəmiyyət kəsb edir. Əgər hakim faşist koalisiyası bu üstünlüyəndən istifadə edərək stabil bir hökuməti qoruyub saxlaya bilsə, italyan burjuaziyasının Avropa İttifaqı və NATO kursuna faşizmin lehinə məhəl qoymaması prosesi kəskinləşəcəkdir. Qeyd etməliyik ki, faşist koalisiyasının ikinci böyük qüvvəsi olmaq etibarilə Matteo Salvini və onun Aİ-nin təsirinə FI ilə müqayisədə daha çox məruz qalan partiyası Liqanın bunun qarşısını almaq üzrə həyata keçirəcəyi taktiki manevrlar və koalisiyaların Meloninin ayağını büdrətməsi də imkan daxilindədir.
Bundan əlavə, faşist koalisiyası hazırda başqasının köməyi olmadan konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə lazım gələn beşdə üç səs çoxluğuna malik deyil, amma görünür, buna nail olmaq üçün yalnız bir neçə əlavə səs əldə etməsi kifayət edəcək. Çox güman ki, onlar İtaliya siyasətinin adəti üzrə siyasi alver yolu ilə lazımi deputat sayını əldə etməyə çalışacaqlar və kommunist partiyasının rəhbərliyi ilə antifaşist qüvvələrinin ikinci dünya müharibəsi zamanı faşizm üzərində qazandığı qələbənin izlərini, səthi şəkildə olsa da, indiyədək saxlayan İtaliya konstitusiyasına dəyişiklik etməyə cəhd göstərəcəklər. Yəni faşizmin əzilməsinin məhsulu olan mövcud konstitusiyanın indi faşizmin özü tərəfindən məzmunundan məhrum edilməsi heç də uzaq ehtimal deyil.
“Mərkəz sağçı koalisiyası”, yoxsa faşist koalisiyası?
Diqqətli oxucu, yəqin ki, Meloninin başçılıq etdiyi koalisiyaya sonuncu abzasda “faşist koalisiyası” dediyimizi nəzərdən qaçırmadı. İtaliyadakı seçkilərin nəticələrini, xüsusilə Qərb mətbuatından izləmək imkanı olan oxucu bu koalisiyanın hələ də utanmazcasına “mərkəz sağçı koalisiyası” və üzündə az da olsa abır-həya qalanlar tərəfindən isə “sağçı koalisiyası” adlandırıldığını da görmüş ola bilər. Biz də bir qədər yuxarıda təxminən eyni qüvvələrin (Yaşasın İtaliya, Liqa və İtaliya Qardaşları) 2013-cü ildə təşkil etdiyi koalisiyaya “sağçı koalisiyası” deyirdik. Bu məqamda əksər mediadan fərqli bir ifadənin üstündə dururuqsa, bunun səbəbi özümüzü fərqləndirmək və ya barışmaz görünmək səyi deyil. Bir daha burjuaziyanın stenoqrafçılarının ört-basdır etməyə çalışdığı bir fakta diqqəti cəlb etməyə çalışırıq.
Müzəffər koalisiya yuxarıda adı çəkilən üç partiyanın bir araya toplaşdığı 2013-cü ildən bəri hazırkı təşkilati formada mövcud olub. Amma əslində onun əsil kökləri 90-cı illərin Berluskoni hökumətlərinə və həmin dövrün Berluskoni, Liqa (o zamankı adı ilə: Lega Nord, yəni Şimal Liqası) və İtaliya Qardaşlarının sələflərindən ibarət koalisiyaya gedib çıxır. 1990-cı illərdə, 2000-ci illərdə və hətta 2013-cü ildə Berluskoni İtaliyanın ən güclü siyasi aktorlarından biri idi. Liqa və İtaliya Qardaşları isə ən yaxşı halda ikinci dərəcəli qüvvələr idilər. Məsələn, 2013-cü ildə Berluskoninin tənəzzülü zamanı belə koalisiya içərisində onun partiyası 21%, Liqa 4%, İtaliya Qardaşları isə 2% səs toplamışdı. Məhz həmin dövrdə olduqca ağlabatan səbəblərlə İtaliya mətbuatı bu koalisiyanı “mərkəz sağçı koalisiyası” kimi adlandırmağa adət etdi. 2013-cü ildən bəri isə təlatümlər İtaliya siyasətini təpədən dırnağa qədər sarsıtdı. İlk növbədə 2018-ci ildə koalisiyanın ikinci ən böyük partiyası olan Liqa misli görünməmiş dərəcədə sıçrayış etdi, ölkənin üçüncü, mənsub olduğu koalisiyanın isə birinci ən böyük partiyasına çevrildi. Bu mərhələdə Berluskoni hələ də 14% səslə 17% səs toplayan Liqa və onun lideri Matteo Salvinidən sonra koalisiyadakı ikinci ən böyük qüvvə idi. Hələ o zaman “Gerçək” veb-saytı vurğulayırdı ki, protofaşist Salvininin rəhbərlik etdiyi bir koalisiyanı “mərkəz sağçı” adlandırmaq absurddur. Mövcud vəziyyətə qədərki prosesdən sonra isə bu yanaşmanı cəfəngiyyat sözü belə izah etmir. Koalisiyaya 26% səslə faşist İtaliya Qardaşları başçılıq edir, onun ardınca isə digər bir faşist partiyası olan Liqa gəlir. 8% səsə malik olan Berluskoni isə yalnız üçüncü yerdə qərarlaşa bilib (həmçinin Noi Moderati, yəni Biz, Mötədillər adlı koalisiya daxilində koalisiya olan xırda bir qüvvə var, amma 1% səs belə toplaya bilməyən bu qrupu siyahıya daxil etmirik, “mötədillərin” faşizmin ardınca müntəzəm addımlarla yeriməsi ironiyasını və ibrətamiz tarixi dərsini isə burda gözdən keçirməyib oxucunun öhdəsinə buraxırıq). Belə bir halda hələ də kimi bəsit bir vərdiş ucbatından, kimi isə təhlükəni və bu təhlükəyə qarşı mübarizənin zəruriliyini xalqdan şüurlu şəkildə gizlətmək istədiyi üçün bu koalisiyanı “mərkəz sağçı” adlandırır! Bizə aydın görünür ki, İtaliyanın siyasi zəminində baş verən eroziyadan sonra iki faşist partiyasının başçılıq etdiyi bir koalisiya yalnız və yalnız “faşist koalisiyası” adlandırılmalıdır. Berluskoninin mənsubiyyəti koalisiyanın “mərkəzçi” xarakterini deyil, əksinə, burjua partiyalarının faşist birləşmiş cəbhəsinin quyruğuna necə asanlıqla düşdüyünü göstərir.
Faşistlərin qələbəsi və bizim vəzifələrimiz
Faşist koalisiyasının qələbəsi Avropanın digər faşist partiyalarında da güclü ruh yüksəkliyi yaratdı. Fransız RN (Rassemblement National, Milli Birlik) partiyasının yüksələn ulduzu və Marin Le Penin sağ qolu olan Jordan Bardella dərhal Melonini qələbə münasibətilə təbrik etdi. İspaniyadan Vox və Almaniyadan AfD partiyaları da təbriklərə qoşuldular. Bu təbrik mesajları yalnız bir ideoloji həmrəyliyin məhsulu hesab olunmamalıdır. Bütün Avropa faşizminin çox yaxşı bildiyi kimi, İtaliyada faşist koalisiyasının qələbəsi digər ölkələrdəki faşistləri də hökmən ruhlandırıb gücləndirəcəkdir. Bütün Avropada hiss olunacaq olduqca dərin bir zəlzələ olan bu böhran İtaliya ilə məhdudlaşmır.
Bu yazı çərçivəsində ətraflı bəhs edə bilməsək də, qeyd etməliyik ki, faşistlərlə yanaşı, Rusiya da İtaliya ilə yaxşı münasibətlər qurmaq istədiyini bəyan edib. Berluskoni daxil olmaqla bu koalisiya içərisindəki üç böyük siyasi qüvvənin də Rusiya ilə praqmatik həmrəylik əlaqəsi var idi. Buna baxmayaraq, bu seçki prosesində başda Meloni olmaqla koalisiya qüvvələri “NATO və Aİ ilə əhd-peyman bağlayaraq” onlarda yaranan qorxulara görə italyan və Avropa burjuaziyasını arxayın etməyə çalışdılar. Bu koalisiyanın Aİ və NATO istiqamətindən tezliklə uzaqlaşacağını və Rusiya ilə sıx münasibətlər quracağını gözləmək yersizdir. Lakin qışda insanlar arasında enerji böhranına qarşı narazılıq dalğası yüksələrsə, çox güman ki, İtaliyadakı Meloni hakimiyyəti antirus cəbhəsi daxilindəki ən zəif halqa olması səbəbilə bu cəbhədən ayrılan ilk tərəf olacaq.
Bir faşistin İtaliyaya rəhbərlik etməsi faktı başda Avropa olmaqla bütün dünya sosialistləri üçün oyanış siqnalı olmalıdır. Sosialistlərin qarşısında duran təxirəsalınmaz vəzifə yenidən fəhlələrə üz tutmaq, kultural siyasətin onillikləri boyunca bir çox ölkədə faşistlər lehinə itirilmiş fəhlə sinfini yenidən qazanmaq uğrunda dişi-dırnağı ilə mübarizə aparmaqdır. Bu o mənaya gəlmir ki, xalqın digər məzlum ictimai təbəqələrinə, dini və milli azlıqlara, qadınlara, məzlum cinsi kimliklərə arxa çevirmək lazımdır. Məhz elə bu sosial qruplara yorulmaq bilmədən deməliyik ki, onlar yalnız fəhlə sinfi ilə ittifaqa gedərək nicat tapa bilərlər, onlara qarşı qaldırılan faşist əllərini yalnız bu yolla qırmaq olar. Bunun ideoloji təzahürü isə fəhlə sinfinə məhəl qoyulmaması ilə birgə inkişaf edən interseksionallıq, postkolonializm və onların müxtəlif variantlarının əmələ gətirdiyi çıxılmaz vəziyyəti görmək və marksizmə qayıtmaqdır.
Fəhlə sinfinin iqtisadi və siyasi təşkilatlarının istər siyasi, istərsə də fiziki olaraq qorunub saxlanılması başda İtaliya olmaqla bütün Avropada ən aktual vəzifədir. Fəhlə sinfi təşkilatlarının bayraqları qarışıq salmadan, yəni heç kimin siyasi müstəqilliyini itirməsi gözlənilmədən bir Birləşmiş Fəhlə Cəbhəsində bir yerə cəmləşməsi, bu vəzifənin öhdəsindən gəlmək üçün ayrı-ayrılıqda addımlayıb birgə zərbə endirmək zəruridir. Həmçinin həmkarlar ittifaqları başda olmaqla bütün fəhlə sinfi təşkilatları lazımi bütün vasitələrlə özünümüdafiəyə hazır olmalıdır. Unutmaq olmaz ki, yalnız zavodlarda, küçələrdə, məhəllələrdə və məktəblərdə diş-dişə dayanaraq mübarizə aparmaq yolu ilə faşizm təhlükəsini dəf etmək olar. Seçkilərdə uğur qazanmaq bu mübarizəyə köməkdarlıq edə bilər, amma faşizmi yalnız seçki yolu ilə məğlub etmək arzusunda olanlar aldanır.
Faşizm bir döyüşdən qalib çıxmışdır, amma müharibənin nəticəsini bu gündən etibarən baş verəcək mübarizələr müəyyən edəcəkdir. Hazırda bizim üçün əlverişsiz olan qüvvələr balansını öz lehimizə çevirə bilməyin yeganə çıxış yolu fəhlə sinfini, onun təşkilatlarını və bütün məzlum təbəqələri məhəllə-məhəllə, zavod-zavod müdafiə etməyə hazır bir Birləşmiş Fəhlə Cəbhəsini təşkil etməkdir. Bu təhlükəni dəf etməyə və həm fəhlə sinfini, həm də faşizmin hücumlarına məruz qalacaq digər bütün ictimai təbəqələri müdafiə etməyə qabil olan bir Birləşmiş Fəhlə Cəbhəsi irəliyə doğru sıçrayış üçün də zəmin yaradacaq. Bu yolla ilk növbədə faşist cəbhəsini təpələmək, sonra isə fəhlə sinfinin son qələbəsinə qədər mübarizəyə ara vermədən davam etmək mümkün olacaqdır.