Koronavirusun və yaxın keçmişdə baş verən oxşar epidemiyaların ictimai şəraitdən asılı olmadan əmələ gəlib-gəlməməsinin elmi surətdə müəyyən olunması, yəqin ki, xeyli vaxt alacaq. O vaxtadək əksini iddia edə bilməyəcəyimizə görə virusun təbiətin ictimai şərtlərdən asılı olmayan prosesləri nəticəsində yarandığını, yəni təbiət hadisəsi olduğunu fərz etməliyik. Ona görə də bu gün baş verən fəlakətin qaçılmaz olduğunu irəli sürənlərin sayı-hesabı yoxdur. Daha da irəli gedib bunu Allahın insan cəmiyyətini sahmana salmaq üzrə müdaxiləsi ilə əlaqələndirən də var.
Halbuki biz bu gün baş verən geniş miqyaslı fəlakətin kapitalizmin təqsiri olduğunu irəli sürürük. Niyə? Çünki bu gün yer üzündə kapitalizmin əvəzinə sosializm olsaydı, virusun verdiyi zərər olduqca məhdud olardı. Hətta, bəlkə də, Çindən kənara belə çıxmadan nəzarət altına alınardı. Kənara çıxsa da, yayılma dərəcəsi və ölüm sayı çox aşağı olardı. Bu elə bir iddiadır ki, kapitalizm və sosializmin ictimai fəaliyyət mexanizmlərinin təbiəti nəzərə alınaraq qəti surətdə irəli sürülə bilər.
Əvvəla, epidemiyanın Çindən kənara çıxıb ən azı 120 ölkədə meydanı alt-üst edən bir pandemiyaya çevrilməsi məsələsinə nəzər yetirək. Sosializm olsaydı, Çinlə digər ölkələr arasında iqtisadiyyat, təhsil, səyahət və bunlara oxşar sahələrdə daha zəif əlaqələr yox, əksinə, daha dərin bir inteqrasiya olacaqdı. Bəs onda biz virusun “bəlkə də, Çindən kənara belə çıxmadan” qarşısının alınması ehtimalından necə danışırıq? Çünki sosializm şəraitində dünya qardaş xalqlar assosiasiyası kimi yaşayacaqdır. Bu gün milli dövlətlərin ardı-arası kəsilməyən rəqabət və münaqişələri onların hər birinin beynəlxalq burjuaziyanın ayrıca bir milli hissəsinin vasitəsi olmasına əsaslanır. Bu da bütün yalançı beynəlxalq əməkdaşlığa, Birləşmiş Millətlər Təşkilatının ikiüzlülüyünə baxmayaraq, hər xalqın öz ayağından asıldığı bir vəziyyət doğurur.
Sosializm şəraitində Çində epidemiya başladıqda dünyanın bütün xalqları və onları birləşdirən fövqəlmilli təşkilatlar bu sahədəki elmi bacarıqlarının, təcrübəli insan qüvvələrinin, maddi resurslarının bir hissəsini koronavirusu nəzarət altına almaq üçün dərhal Çinə göndərərdi. Onların bunu etmələrinin səbəbi xəyali “çinli qardaşlarına kömək etmək” arzuları yox (bu, sosializm inkişaf etdiyi dərəcədə daha xəyali olmayacaqdır), hərtərəfli surətdə inteqrasiyaya uğramış bir dünyada öz maraqlarının digər hər kəsin maraqları ilə ümumi olduğunu dərk etmələri olardı. Yəni virus digər insan cəmiyyətlərini, habelə bizi də məhv etməsin deyə. Kapitalizm şəraitində isə milli kapitalların maraqlarına görə inteqrasiya rəqabət, hətta ədavətlə əl-ələ addımlayır. Nəticə məlumdur: bu gün Amerika bir milyard yarım əhalisi olan Çini xəstə sayı, İtaliya isə ölüm sayı etibarı ilə ötüb keçdi! Barmağını da tərpətməyənə ziyan dəydi. Bu, kapitalizmin inteqrasiyaya uğramış bir dünyada irrasional, ömrünü başa vurmuş bir sistem olmasından başqa nəyi göstərə bilər? Bu dediklərimizə zərrə qədər şübhə edən varsa, onlara kubalı həkimlərin Avropanın ən zəngin regionlarından biri olan Lombardiyanın köməyinə qaçdığını xatırladırıq!
Tutaq ki, sosializm şəraitində də Çində virusun qarşısını almaq mümkün olmadı. Bəşəriyyət üçün “xətti müdafiə”nin yerini “səthi müdafiə” tutdu. Bu dəfə də sosializm planlı bir sistem olduğu üçün hər ölkədə daha effektiv bir mübarizə aparardı. Epidemiyanın Çində dəhşətli miqyasa çatmasından Avropada və daha sonra Amerikada peyda olmasına qədər təxminən bir ay yarım vaxt keçdi. Sosializm şəraitində yaşayan ölkələr bu vaxt ərzində planlı iqtisadiyyat sayəsində virusla mübarizədə gücünü kapitalist ölkələrdən daha çox artırmış olardı. Elə bil kiminsə “burjua dövlətləri də bir epidemiya əleyhinə plan qura bilər” dediyini eşidirik. Qursun da! Biz plan deyərkən nazirliklərin kompüterlərindəki gəvəzə “elmi şura” sənədlərini nəzərdə tutmuruq ki! Biz plan deyərkən bütün iqtisadiyyatın belə bir epidemiyaya tab gətirəcək şəkildə yenidən təşkil olunmasını nəzərdə tuturuq. Planlaşdırma bir istehsal münasibətidir, “mübarizə planı” adı verilən sənədlər yox!
Baxın, bu gün nəinki Türkiyədə, habelə Amerika kimi dünyanın ən güclü iqtisadiyyatına malik olan bir ölkədə belə test dəstinin çatışmazlığı günlər boyunca coğrafi, sinfi və digər bölgü üzrə xəstəliyin aldığı miqyasın realist surətdə təhlil edilməsinə mane oldu. Testlər hələ də çatışmır. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının baş katibi nə dedi? “Gözünüz bağlıdırsa, yanğına qarşı mübarizə apara bilməzsiniz. Eyni qaydada kimin xəstə olduğunu bilmədən epidemiyaya qarşı mübarizə apara bilməzsiniz. Biz deyirik ki: test, test, test!”.
Məsələ ancaq testlə məhdudlaşmır. Səhiyyə işçilərini qorumaq üçün lazım gələn ləvazimat. Xəstəliyin yayılmasına baxmayaraq, ölü sayını azaldacaq tənəffüs aparatları. Bunların hamısı planlaşdırma və felən istehsal məsələsidir. Kapitalizmdə niyə olmur? Çünki kapital mənfəət üçün mövcuddur. Onu cəmiyyətin səhiyyəsi üçün hərəkətə gətirə bilməzsiniz. Kapital mənfəətinə xələl gəlməsin deyə fəhlələri taborlar şəklində fabriklərə doldurur, ölümlə üz-üzə gətirir! Sosial tələbatların müəyyən etdiyi prioritetlərə əsaslanan istehsal yalnız mərkəzi surətdə planlaşdırılmış iqtisadiyyatda mümkün olur.
Bu siyahını uzatmaq olar. Axırıncı bir məsələdən də söhbət açıb yekunlaşdıraq. Sosializm təhsil, səhiyyə, mənzil kimi sahələrdə bütün fəhlə və zəhmətkeşlərin zəruri tələbatlarını mütləq ödəyir. XX əsrin uğursuz sosialist quruculuğu təcrübələri belə bu sahələrdə minimumu həmişə təmin etmişdir. Sosializmdə heç kim işsiz, ac-yalavac, səfil yaşamır. Dolayısı ilə xalq səhiyyəsinin şəraiti daha yaxşı olur. Bu, XX əsr sosialist quruculuğu təcrübələri üçün belə inkaredilməzdir. Halbuki kapitalizm siniflər mübarizəsidir. Kapital fəhlə sinfindən ürkəndə bütün bu sahələrdə, əlbəttə, güzəştə gedir. Amma maraqları tələb edəndə də sinfi mübarizəni ən qəddar formada kəskinləşdirərək bütün bu xidmətləri dağıdır. Budur neoliberal hücum! Kapital bütün dünyada son qırx ildir səhiyyə sistemini deşik-deşik etmişdir. Odur ki, bu gün İtaliyada, İspaniyada xəstələr yerdə yatırlar. Odur ki, dünyanın ən zəngin şəhəri, Uoll-Stritin vətəni olan Nyu-York dünyanın epidemiya paytaxtına çevrilir!
Həyatımızı xilas etmək istəyiriksə, hökmən sosializm!