1. Ukrayna böhranı
İstənilən bir məsələni necə adlandırmağımız olduqca əhəmiyyətlidir. Odur ki, ilk növbədə baş verən böhranın adını düzgün qoymalıyıq: burada söhbət Rusiyanın Ukraynanı təhdid etməsindən yox, Rusiyanın NATO əleyhinə hərbi baryerlə imperializm təhlükəsinin qarşısını almaq qərarına gəlməsindən gedir. Sözü gedən baryer hazırkı şəraitdə Ukrayna ilə sərhəddə təsadüfən qurulub. Yəni belə bir baryer müxtəlif şərtlər daxilində başqa bir ərazidə də qurula bilərdi. Məsələ Ukrayna deyil, NATO-Rusiya gərginliyidir.
30 il əvvəl, 1991-ci ilin sonunda Sovet İttifaqının tənəzzülü və dağılmasından dərhal sonra Qərb imperializmi NATO-nun təsir dairəsini tədricən Şərqi Avropaya doğru genişləndirməyə başladı. Əvvəla, Qərbi Almaniya ilə Şərqi Almaniya 1990-cı ildə birləşəndə Şərqi Almaniya torpaqları da təbii olaraq NATO-nun səlahiyyət dairəsinə daxil oldu. Bundan sonra keçmişdə NATO-ya qarşı qurulan Varşava Müqaviləsi Təşkilatının üç sabiq üzvü: Çexiya Respublikası, Polşa və Macarıstan NATO-ya qoşuldular. Bu zaman hələ də Rusiyanın başında amerikan nökəri kimi hərəkət edən Boris Yeltsin dururdu. 2004-cü ildə yeni bir ekspansiya dalğası gəldi: keçmiş Sovet respublikalarından üç Baltikyanı ölkə (Estoniya, Latviya, Litva), Varşava Müqaviləsi Təşkilatının yenə üç sabiq üzvü (Slovakiya, Rumıniya və Bolqarıstan) və keçmiş bir yuqoslav respublikası olan Sloveniya NATO-ya üzv oldu. 2009-cu ildə daha iki Balkan ölkəsi Atlantika Müqaviləsi Təşkilatına qoşuldu: Albaniya və Xorvatiya. Nəhayət, 2017-ci ildə Monteneqro da üzvlüyə daxil oldu.
Axırda iş Ukraynanın NATO üzvü olmasına qədər gəlib çıxdı. Bu məsələnin də müəyyən bir tarixi var. 2003-cü ildə Gürcüstanda, 2004–2005-ci illərdə isə Ukraynada Aİ və NATO üzvlüyünü məqsəd götürən qərbyönlü rəhbərliklər dalınca artıq “rəngli inqilablar” kimi tarixə düşən üsyanlar baş verdi. Gürcüstanın NATO üzvlüyü ambisiyası cızığından çıxdıqda ərazisinin bir hissəsi 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiyanın himayəsində müstəqil respublikalara çevrildi. Ukrayna isə Avropa İttifaqının qonşuluq siyasəti adı altında NATO-nun Troya atı kimi hərəkət etdiyi bir prosesin gedişində, daxilində faşist hərəkatlarının da gücləndiyi Maydan hadisələri ilə üzünü tamamilə Qərbə tərəf çevirdi. Rusiyanın buna cavabı onsuz da 1950-ci illərə qədər öz torpağı olan və ruslar, rusdilli ukraynalılar və tatarların birgə yaşadığı Krımı referendum yolu ilə geri qaytarmaq və habelə Ukraynanın rusca danışılan və sənaye proletariatının güclü olduğu şərqindəki Donetsk və Luqansk Xalq Respublikalarını açıq-açığına dəstəkləmək oldu. Rusiya sərhədinə bitişik Don hövzəsində yerləşən bu qurumlar yerli əhalinin yeni hakimiyyət quruluşuna qarşı üsyan etməsinin məhsulu idi. Hadisələrin bilavasitə cərəyan etdiyi Ukraynadakı hazırkı böhranın köklərini Maydan hadisələrində axtarmaq lazımdır.
İndiyədək NATO-ya sadiq qalan Şərqi Avropa ölkələrindən heç birinin (Latviya və Estoniyanı çıxmaqla) Rusiyanın sərhəd qonşusu olmaması onları Ukraynadan fərqləndirir. Lakin fərq ancaq bundan ibarət deyildir. Ukrayna Belarus ilə birlikdə Rusiya üçün müstəsna bir əhəmiyyət kəsb edir. Bu üç xalq istənilən baxımdan qohumdur. Onların dilləri, mədəniyyətləri, dinləri və tarixləri uzun əsrlər boyu ümumi olmuşdur. Bundan başqa, Ukrayna Rusiya ilə həmsərhəd olan digər iki ölkə kimi kiçik deyildir. Latviyanın 2 milyon, Estoniyanın isə 1 milyondan bir qədər çox əhalisi var. Ukraynanın əhalisi isə 45 milyondur, yəni 145 milyonluq Rusiyanın təxminən üçdə biri.
Ukraynanın NATO-nun üzvü olması Rusiyanın qapıbir qonşusu olan bu ölkəyə sabah nüvə silahları yerləşdirilməsinə yol vermək demək olardı. Bu isə Rusiyanın köksünə dolu silah dayamaqdan başqa bir şey deyildir.
İmperializmin ikiüzlülüyü
Keçmiş fəhlə dövlətlərini tədricən antirus mövqeyinə sürükləyən imperializm lap əvvəldən bəri bu ölkələrin müstəqilliyini və suverenliyini bəhanə gətirərək deyir ki, məsələn: Ukrayna istədiyi sistemi seçməkdə və ürəyi istəyən beynəlxalq təşkilata üzv olmaqda azad olmalıdır. Gəlin ABŞ-ın özünün beynəlxalq siyasətdə belə “ali” prinsiplərə hansı dərəcədə hörmət etdiyinə bir qədər nəzər yetirək.
Bir anlığa dünyanın qalan hissəsini unudaq. ABŞ Qərb yarımkürəsi üçün iki əsrə yaxındır ki, Monro doktrinası adlanan bir strateji yanaşmanı qəbul etmiş bir ölkədir. Bu o deməkdir ki, Latın Amerikası digər böyük qüvvələr və ya daha sonra istifadə olunan terminlə desək, fövqəldövlətlər tərəfindən ABŞ-ın təsir dairəsi kimi tanınmalıdır. Bəziləri belə bir iddia irəli sürə bilərlər ki, ABŞ əvvəllər olduğu kimi ona sərf etməyən bir rejimin və ya hökumətin qurulduğu hər ölkəyə artıq dəniz piyadaları yollamır, dövlət çevrilişləri təşkil etmir. Söhbət metoddan yox, məzmundan gedir. Məzmun isə ABŞ-ın digər böyük qüvvələri öz “arxa bağçası”na buraxmamaq və Qərb yarımkürəsində öz maraqlarına zidd rejimlərin qurulmasına yol verməmək əzmidir.
İndi imperialistlərin bu məsələdə necə ikiüzlü olduqlarını konkret bir aktual nümunə ilə göstərək. ABŞ Dövlət Katibi Entoni Blinken Ukrayna sərhədindəki böhranın kontekstinə dair belə deyir: “Bir ölkənin digər bir ölkəyə onun siyasətini diktə etmək və ya həmin ölkənin kiminlə əməkdaşlıq edəcəyini demək hüququ yoxdur; bir ölkənin təsir dairəsi yaratmaq hüququ yoxdur. Bu anlayış tarixin zibil qutusuna atılmalıdır”. Yəni Rusiya müqəssirdir. Nöqtə.
Elə bil, ABŞ təsir dairələri yaratmaqdan, digər ölkələrə siyasət diktə etməkdən, onların kimlərlə əməkdaşlıq edə biləcəyini müəyyən etməyə çalışmaqdan çoxdan daşınıb. Hələ 2018-ci ildə ABŞ Dövlət Katibi Reks Tillerson demişdi ki, Monro doktrinası “yazıldığı gün kimi hazırda da qüvvədədir”. Sonrakı il ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton: “Monro doktrinası canlı və sağlamdır”, – deyə öyünmüşdü.
Tramp hakimiyyəti nümayəndələrini günahlandırmağa hazır olan, “demokrat Bayden” pərəstişkarlarının donquldadığını eşidə bilirik. Halbuki Bayden hakimiyyəti Kuba embarqosunu nəinki aradan qaldırmadı, habelə onu qüvvətləndirdi. ABŞ bunu demokratiya naminə etdiyi deyir, amma bütün dünya bunun əksini düşünür. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında öz imperialist partnyorları da daxil olmaqla, 184 ölkə embarqonun ləğv olunmasına səs verdi. Embarqonu yalnız iki ölkə müdafiə etdi: ABŞ və İsrail. Hərçənd burada faydalı bir detal var: səsvermədə üç ölkə bitərəf qaldı. Digər ikisi bizi bu yazı çərçivəsində maraqlandırmır, amma üçüncüsü Ukrayna idi! (Baş Assambleya marksistlərin ümumən burjua parlamentlərinə aid etdikləri xarakteristikanın kulminasiya nöqtəsidir: xalis bir “naqqalxana”dır. Onun öz qərarlarını icra etmək üçün heç bir vasitəsi yoxdur).
Bayden hakimiyyəti həmçinin Venesuelanı aclıqla ram etməyə çalışır. Tramp dövründə ən xırda bir hüquqi əsas olmadan ölkənin prezidenti elan edilən Xuan Quaydo Bayden tərəfindən də dəstəklənir. Venesuelanın maliyyə resursları bu dələduz qondarma prezidentin əlindədir. Ona görə də xalq aclıqla və səhiyyə problemləri ilə üzləşir. ABŞ-ın bütün məqsədi Kubada fəhlə dövlətini, Venesuelada isə imperializmə zidd mövqe tutan bolivarianist rejimi devirməkdir. Hansı “tarixin zibil qutusu”ndan danışırsınız?
NATO imperialist hərbi maşındır
ABŞ Dövlət Katibinin yuxarıda istinad edilən cümləsində ifadə olunduğu kimi, məsələ Ukraynanın “kiminlə əməkdaşlıq edəcəyi” barədə suala əsaslanan bir müzakirə deyildir. Məsələ ən əvvəl SSRİ və onun müttəfiqlərinə qarşı qurulmuş, amma hazırda yenidən təşkil olunaraq bütün dünyanın işlərinə müdaxilə etmək üzrə fəaliyyət göstərən, Əfqanıstan müharibəsi (2001–2021) timsalında göründüyü kimi, “siyasət təlqin etmək”lə yanaşı, habelə yüz minləri, milyonları açıq-aşkar öldürərək silah zoru ilə marionet rejimlər yaratmaq prinsipini (bu, 1991-ci il Körfəz müharibəsindən bəri evfemistik şəkildə “rejim dəyişikliyi” adlandırılır) qəbul edən bir hərbi aparatdır. Bu xüsusi növ bir təhlükədir.
Rusiya NATO-nun onun bağrına dolu silah dayamasına qarşı çıxmaqda büsbütün haqlıdır. Əsas məsələ Ukraynanın müstəqilliyi və suverenliyi deyil, Ukrayna burjuaziyasının özünü imperialist sistemin bir hissəsinə çevirmək məqsədi ilə ölkəsini imperializmin silahı kimi istifadəyə vermək ambisiyasıdır, bundan istifadə edən imperializmin bir neçə dəqiqə ərzində Moskvaya düşə biləcək bir nüvə raketini Ukraynanın şərqinə yerləşdirərək Rusyanı tabe olmağa məcbur etmək və məqamı gələndə əzmək istəyidir. Hər kim ki bunu başa düşməyib, deməli, hadisələrin cərəyan etdiyi Ukrayna sərhədindəki mövcud gərginlikdən də xəbərsizdir.
Vəziyyəti anlamaq istəyənlərə çılpaq bir həqiqəti xatırladaq: Bayden ilə Putin iki dəfə onlayn qaydada görüşüblər. Ötən həftə, demək olar ki, bütünlüklə müxtəlif diplomatik görüşlərdə bu məsələnin müzakirə edilməsi ilə keçdi. Hər dəfə Rusiyanın tələbi eyni idi: Rusiya NATO-nun təsir dairəsini daha çox genişləndirməyəcəyi, keçmiş fəhlə dövlətlərində heç bir silahın yerləşdirilməyəcəyi barədə əmin olmaq istəyirdi. Amma hazırkı mərhələdə yalnız bir tələbi var: Ukraynanın NATO-ya heç vaxt qəbul olunmayacağı barədə təminatın verilməsi.
Hər kim ki bu münaqişədə və növbəti mümkün bir müharibədə Putin rejiminin despotizminə qarşı Ukraynanın müstəqilliyi və suverenliyi, demokratiya adı ilə ABŞ və Aİ-nı dəstəkləsə, deməli, o, imperializmin Rusiyanın bağrına dolu silah dayaması uğrunda səy göstərir.
Nə “əmma”ya, nə də tərəddüdə yer var. Bütün dünyanın fəhlələri, zəhmətkeşləri və məzlumları, onların uğrunda mübarizə apardığını iddia edən qruplar bir ağızdan deməlidirlər: NATO, Ukraynadan əlini çək!
2. Kuba raket böhranının altmışıncı ildönümünə dair fikirlər
Soyuq müharibə adlanan, 40 ildən artıq davam edən və 1991-ci ildə Sovet İttifaqının süqutu ilə sona çatan dövrün başlıca iki xüsusiyyəti var idi. Bunlardan birincisi dövrün iki “fövqəldövləti” olan ABŞ və SSRİ-nin sinfi xarakterlərinə əsaslanırdı. Bu dövlətlər tarixən barışmaz bir ziddiyyətin iki tərəfini təşkil edən iki antaqonist sinfin, burjuaziya və proletariatın hakimiyyətini təmsil edən iki müxtəlif ictimai-iqtisadi formasiyanın, kapitalizmin və sosializmin beynəlxalq miqyasda qabaqcıl qüvvələri idi. Onların arasındakı gərginlik keçmişdə təsir dairələri, müstəmləkələr və s. uğrunda baş vermiş potensial həlli olan dövlətlərarası konfliktlərdən deyildi. Əksinə, onlardan birinin mövcudluğu digərinin mövcudluğu üçün təhlükə yaradırdı. Odur ki, soyuq müharibə bir göz qırpımında dünya müharibəsinə çevrilmə potensialına malik idi.
İkincisi, bunlar dünyada ən çox nüvə silahı ehtiyatına malik olan iki ölkə idi. Bu səbəblə də onlar arasında baş verəcək və qaçılmaz şəkildə onların NATO və Varşava Müqaviləsi Təşkilatındakı müttəfiqlərini də cəlb edəcək bir dünya müharibəsi bəşəriyyətin məhvi, hətta yer üzündəki bütün məxluqatın yox olması demək ola bilərdi.
İki dövlət arasındakı gərginlik sadəcə qarşılıqlı hədələmə səviyyəsində qaldı, yoxsa onlar nə vaxtsa belə bir nüvə müharibəsinin astanasına gəlib çatmışdılar? Bu suala bütün soyuq müharibə üzrə fəaliyyət göstərən tarixçilər tərəfindən verilən ortaq cavab budur ki, bütün bu dövr boyunca iki dövlətin müharibənin astanasına ən çox yaxınlaşdığı an 1962-ci il Kuba raket böhranıdır.
Kuba raket böhranının dinamikaları
Necə xoş bir təsadüfdür ki, bu il Kuba raket böhranı kimi tanınan həmin hadisənin altmışıncı ildönümüdür. Bu il ərzində, xüsusilə də böhranın kəskin hal aldığı 22–28 oktyabr arasında həmin tarixi hadisə, heç şübhəsiz, ətraflı şəkildə müzakirə olunacaqdır. Biz bu müzakirəni hələ yanvar ayından gündəmə gətiririksə, bunun səbəbi Kuba raket böhranının hazırkı Ukrayna böhranının tərsinə çevrilmiş formasıolmasıdır.
Əhvalatın necə baş verdiyini bilməyənlər, xüsusilə də gənc nəsillər üçün 60 il əvvəl dünyanı nüvə müharibəsinin astanasına gətirib çıxaran hadisələri açıq şəkildə xülasə edək.
Məlum olduğu kimi, Kuba inqilabi 26 İyul hərəkatı 1958–1959-cu illərin kəsişməsindəki yeni il ərəfəsində hakimiyyəti ələ keçirmişdi. Bundan sonrakı iki il boyunca Kubanın yeni inqilabi hökuməti inqilabdan əvvəl ada üzərində az qala qeyd-şərtsiz iqtisadi və siyasi hökmranlığını qoruyub saxlayan ABŞ imperializmi ilə tədricən kəskinləşən ziddiyyətə düşəcəkdi. Nəhayət, adadakı imperialist ABŞ kapitalı mülkiyyətdən məhrum ediləcək, buna cavab olaraq ABŞ Kubaya (60 il sonra, hazırda hələ də davam edən) iqtisadi xarakterli ağır sanksiyalar tətbiq edəcək, inqilabi Kuba hökuməti isə başlanğıcda belə bir niyyətinin olmamasına baxmayaraq, 1961-ci ilin yayında artıq sosializm quruculuğu yoluna qədəm qoyduğunu elan edəcəkdi. Bu hadisələrdən sonra ABŞ kubalı əksinqilabçıları silahlandıraraq onların adaya çıxmalarını təşkil edəcək, belə demək olarsa, lenti geri sarımağa çalışacaq, amma sonralar tarixə “Donuzlar Körfəzi əməliyyatı” kimi düşmüş bu hadisədə ağır bir məğlubiyyətə uğrayacaqdı.
1962-ci il Kuba raket böhranının başlıca dinamikaları Kuba ilə ABŞ arasında baş vermiş Davud ilə Calut davasına əsaslanır.
“Kuba”dan “raket”ə
Kuba raket böhranında ikinci ünsür raket amilidir. Bu isə öz növbəsində Kubanın sosializm quruculuğunu bəyan etməsinin soyuq müharibəyə gətirdiyi yeni ünsürün nəticəsidir. 1962-ci ilin yayında Sovet İttifaqının o zamankı rəhbəri Xruşşov Kubaya göndərdiyi nümayəndələr vasitəsilə Fidel Kastro və onun dairəsi ilə gizli bir görüş keçirir və hər iki tərəf adada nüvə başlıqlı Sovet raketlərinin quraşdırılması barədə razılığa gəlirlər. ABŞ bir neçə ay U-2 casus təyyarələrinin kəşfiyyat uçuşlarına baxmayaraq, bunları ifşa edə bilməsə də, oktyabr ayında, nəhayət, bundan xəbər tutur. Beləliklə, böhran başlayır.
22 oktyabrda ABŞ-ın o vaxtkı prezidenti Con Kennedi öz böhran tədbirlərini elan edir. Bunlardan üçü böyük əhəmiyyət kəsb edir: (1) Kubaya “karantin”in tətbiq olunması. Bu əslində blokadanın yumşaldılmış bir ifadəsidir. (2) Kubaya silah və sursat daşıyan Sovet gəmilərinin beynəlxalq sularda qarşısının alınması barədə qərar. (3) Raketlər geri çəkilməsə, Kubanın işğalı.
22 oktyabrdan 28 oktyabra qədər davam edən çox kəskin böhran ərzində hər iki tərəf də qarşı tərəfi gerilətmək üçün əlindən gələni əsirgəmir. Sonda Xruşşov işin həqiqətən də çox təhlükəli olduğunu gördüyü üçün geri addım atır.
Kuba nüvə başlıqlı raketləri geri çəkməklə razılaşır, beləliklə, Kuba raket böhranı başladıqdan 6 gün sonra 28 oktyabrda müharibəsiz həll edilmiş olur.
Onsuz da uzun olan məqaləmizi daha da uzatmamaq üçün həmin kritik vəziyyətdəki Türkiyənin rolu barədə danışmayacağıq.
Ukrayna böhranının tərsinə çevrilmiş forması
Kuba böhranı hazırda baş verən Ukrayna böhranının mənasını dərk etmək və ABŞ-ın ikiüzlülüyünü üzə çıxarmaq baxımından mükəmməl bir laboratoriyadır. Nə üçün ABŞ 1962-ci ildə beynəlxalq nüvə müharibəsi riski hesabına bir böhrana getmişdir? Çünki Kennedinin özünün də açıq şəkildə dediyi kimi, onun rus nüvə silahlarının öz ölkəsinə 90 mil (təxminən 150 kilometr) məsafədəki bir ölkədə quraşdırılmasına imkan verməsi dəhşətli bir təhlükə ilə razılaşmaq olardı. Kennedi ABŞ-ın buna imkan verməyəcəyini açıqcasına ifadə etmişdir.
Söhbət nədən gedir? Rollar tərsinə çevrilmişdir. Sovet İttifaqının (hələlik) artıq mövcud olmamasına baxmayaraq, Putin onun ən böyük varisi olan Rusiya Federasiyasının Prezidenti kimi NATO-nun 30 illik ekspansiyasının sonda öz ölkəsi ilə həmsərhəd olan Ukraynaya qədər gəldiyini hesaba alaraq NATO üzvlüyünə (bu, potensial olaraq Ukrayna ərazisində nüvə silahı yerləşdirmək imkanı əldə etməkdir) “net” deyir, yəni buna veto qoyur. Bu, Kuba böhranı zamanı ABŞ-ın tutduğu mövqedən nə ilə fərqlənir ki, bu qədər hay-küy qaldırılır?
Bəlkə qərbli müttəfiqlər Putinin məqsədinə deyil, metodlarına qarşı reaksiya göstərirlər? Putin Ukrayna sərhədinə qoşun yeridib. Bu bir müharibə hədəsi hesab olunur və səhər-axşam pislənir. Bəs Kennedi hökuməti nə etmişdi? Birincisi, Kubanı blokadaya salmışdı. Rusiya isə ən azı şərq və (müttəfiqi Belarusun köməyi ilə) şimaldan asanlıqla ata biləcəyi bu addımı belə atmır. İkincisi, Kennedi bir çox Sovet hərbi gəmilərinin qarşısını kəsmiş və bəzilərini geri göndərmişdi. Aydındır ki, belə bir müdaxilə hər iki tərəfin iradəsindən asılı olmadan inkişaf edərək müharibəyə çevrilmə təhlükəsi törədir. Üçüncüsü, Kennedi Kubanı işğal edəcəyini rəsmi surətdə bəyan etmişdi. Putin belə bir təhdidə qətiyyən müraciət etməmişdir. Amma bütün bunlara baxmayaraq, Rusiya tənqid edilir və sərt şəkildə pislənir.
Tarix salnamələrində imperialistlərin hədsiz ikiüzlülüyünü nümayiş etdirən belə bir oxşar hadisə cütlüyünə çətin rast gəlinsin!
3. SSRİ-ni dağıdanlara lənət olsun!
Bundan qısa müddət əvvəl bu saytda Sovet İttifaqının dağılmasının otuz illiyi vəsiləsi ilə bir neçə məqalə dərc olundu. Bunlardan biri hadisənin tarixi inkişafından bəhs edirdi. Bu inkişafın ən diqqətəlayiq cəhəti o idi ki, 15 respublikanın birləşdiyi bu nəhəng federasiyanın dağılmasına görə 1922-ci ildə ölkəni quran partiya məsuliyyət daşıyırdı: sonralar Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) adlandırılan Leninin partiyası! Ölkənin qurucusu ölkəni dağıdırdı. Əlbəttə, Leninin ölümündən sonra tədricən çox şey dəyişmiş, 1930-cu illərdə fəhlə dövlətində hakimiyyəti ələ keçirən bürokratiya “kommunist” adını eynən saxlasa da, partiyanı da özününkü etmişdi.
Mixail Qorbaçov məhz bu partiyanın birinci katibi, Sovet İttifaqında qüvvədə olan siyasi quruluş daxilində ən səlahiyyətli şəxs idi. SSRİ-nin süqut etməsinə görə ən çox məsuliyyət daşıyan bu şəxs yenidənqurmanın otuzuncu ildönümündə verdiyi bir müsahibədə ABŞ-ı “kibirli” və “özündənrazı” olduğuna, bütün Qərb dünyasını, xüsusilə də ABŞ-ı SSRİ dağıldıqdan sonra “triumfalizm”ə qapıldığına görə günahlandırdı.
Əslində Qorbaçov 2016-cı ildə süqutun iyirmi beşinci ildönümündə də bir müsahibə verərək həmin “triumfalizm”i qınamışdı. Belə bir müşahidəsini də qeyd etmişdi: “Onlar əllərini ovuşduraraq deyirdilər: Nə gözəl! Biz onilliklər boyu Sovet İttifaqı barədə bir əncam çəkməyə çalışırdıq və indi o öz-özünə aradan qalxır”.
Belə çıxır ki, deyəsən, Qorbaçovun ağlı başına gəlib!
NATO təcavüzkarlığına görə restavrasionistlər məsuliyyət daşıyırlar!
Qorbaçov SSRİ-ni təşkil edən digər bütün respublikaların birinci katibləri, həmçinin daha sonra Rusiya Federasiyasının Prezidenti olacaq Boris Yeltsinlə birgə “kommunist” adını daşıyan bir partiyanın bir nömrəli lideri kimi kapitalizmin restavrasiyasına (bərpa olunmasına) şərait yaratdığına görə tarix qarşısında məsuliyyət daşıyır. Bu onun ən böyük günahıdır, amma yeganə yox. Qorbaçov və onun bütün komandası eyni zamanda beynəlxalq zəmində imperializmin təbiətindən irəli gələn təcavüzkar meyillərin önündəki yeganə nəhəng maneə olan SSRİ-ni dağıdaraq həmin meyillərin yenidən dirçəlməsinə şərait yaratdığına görə də məsuliyyət daşıyır.
Bunu özü də etiraf edir. Süqutun iyirmi beşinci ildönümündə verdiyi müsahibədə Qərb ilə Rusiyanın arasındakı gərginliyin soyuq müharibə dövrünə gedib çıxdığını, Qərbin “triumfalizm” içərisində Rusiyanı hədəf götürdüyünü açıq şəkildə deyir. 2021-ci ilin sonunda verdiyi yenidənqurmanın otuzuncu ildönümü ilə bağlı müsahibəsində isə bunu daha da konkretləşdirir: sırf bunun ucbatından Qərb və ABŞ NATO hərbi ittifaqının təsir dairəsini genişləndirməyə davam edir. “Gecikən ədalət – ədalət deyildir”; atalar sözü belədir. Buna oxşar şəkildə demək olar ki, bu qədər gec başa düşmüsünüzsə, deməli, o qədər də çox şey başa düşməmisiniz.
Putin də restavrasionistdir!
İlk baxışdan Qorbaçov və Yeltsinlərin itaətkarlığından fərqli olaraq Putin və komandasının imperializmə qarşı Rusiyanın maraqlarını müdafiə etdiyini, hazırda NATO-nun ekspansiyasına qətiyyətlə müqavimət göstərdiyini demək olar. Türkiyədə imperializmə qarşı Putin (və Şi Cinping ÇKP-si) ilə ittifaqı müdafiə edən dırnaqarası avrasiyaçılar var.
Onlar nəzərə almırlar ki, restavrasionizm Rusiyanı ciddi şəkildə zəiflədib. Putin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (yeni adı ilə Rusiya Federal Təhlükəsizlik Xidməti) sabiq agenti kimi Sovet bürokratiyasına xidmət etdikdən sonra Rusiya dövlətinin zirvəsini ələ keçirmək üçün dostları ilə birgə az qala bir quldur dəstəsi təşkil edən biridir. Keçmiş bürokratiya nümayəndələrinin ABŞ-ın əyyaş nökəri Yeltsindən daha yaxşı olduğunu iddia edənlər olacaq. Onlara xatırlatmaq istəyirik ki, SSRİ-də kapitalist restavrasiyası məhz bu ictimai təbəqə tərəfindən həyata keçirilib və Putin və onun quldur dəstəsi də (azlıqda qalan və Sovet İttifaqını qoruyub saxlamaq istəyənlərdən fərqli olaraq) restavrasionist qanaddan olduqlarını bütün əməlləri ilə sübut ediblər. Putin Sovet fəhlə sinfinə məxsus olan dövlət müəssisələrini Yeltsinin dövründə talan etməklə varlanan bir sıra oliqarxlara müharibə elan edərək yalnız özünə sadiq bir oliqarxiya təbəqəsi təşkil etmişdir. Bu onun başlıca sosial dayağıdır. Bundan əlavə o, faşizmə meyilli millətçi Jirinovskidən tutmuş keçmiş bürokratiyanın bir sıra təbəqələrinin vəkilliyi ilə məşğul olan RFKP-nin (Rusiya Federasiyası Kommunist Partiyası) rəhbəri Züqanova qədər bir ittifaqlar silsiləsini məharətlə təşkil edərək öz hakimiyyətini möhkəmləndirmişdir.
Bəziləri deyə bilər ki: “olsun, bütün bunlara baxmayaraq, o, imperializmlə mübarizə aparır”. Onlara bir daha xatırladırıq ki, restavrasionizm Rusiyanın gücünü ictimai və bu səbəbdən ideoloji cəhətdən sarsıtmışdır. Bu gün restavrasionistlər də SSRİ-nin Hitlerin nasist orduları üzərində 1941–1945-ci illər müharibəsində qazandığı qələbəni mənimsəmək məcburiyyətində qalırlar. Onların özləri də Sovet dövlətinin yaratdığı texnoloji imkanlar sayəsində güclüdürlər: kosmik texnologiyadan tutmuş nüvə silahına qədər – Rusiya istənilən dövlətlə müqayisədə ABŞ-a ən yaxın hərbi qüvvəyə malik olan dövlətdir. Hətta Rusiya Sovet İttifaqının ilk günlərindən təbiət elmlərinin inkişafı üçün ayrılan vəsaitlər sayəsində ABŞ-ın hələ də onlardan özünümüdafiə vasitələrinə sahib olmadığı bir sıra silahlara (məsələn, hipersonik raketlərə) və çox güclü bir kibermüharibə infrastrukturuna malikdir.
Hitlerə müqavimət göstərən ABŞ-a da müqavimət göstərə bilər. Həqiqətən elədirmi? Müharibələrin yalnız hərbi texnologiya ilə qazanıldığını zənn etmək cəhalətdir. Əks təqdirdə tarixdəki ən böyük hərbi qüvvə olan ABŞ ordusunun 1950-ci illərin sonundan 1975-ci ilə qədər davam edən müharibədə Vyetnama məğlub olmasını və ya nüvə qüvvəsinə malik olan, hərbi texnologiyası da bir o qədər inkişaf etmiş Fransanın Əlcəzair inqilabı və müharibəsində (1954–1962) məğlubiyyətlə üzləşməsini necə izah etmək olar? SSRİ-nin nasistlər üzərində qələbə qazanmasını Rusiyanın iqliminə yozanlar sadəcə olaraq eyni nadanlığın digər bir təzahürünü təmsil edirlər: onlar anlamırlar ki, Lenin və Trotskinin rəhbərliyi ilə qurulan Qızıl Ordu (ən böyük generallarının Moskva məhkəmələrində edam edilməsinə baxmayaraq) Sovet fəhlə sinfinin böyük əksəriyyətinin və kəndlilərin xeyli hissəsinin özlərinə məxsus hesab etdikləri bir dövləti qorumaq uğrunda, yəni özləri və uşaqlarının həyat şəraitini sığortalamaq üçün döyüşdüklərinə görə nasistləri məğlub edə bildi.
Elə isə kapitalizmin restavrasiyası Rusiyanın (və əlbəttə digər keçmiş Sovet respublikalarının) müdafiə qüvvəsinin ən həlledici amilini aradan qaldırmışdır! Fəhlə dövlətinin yerini casuslar, oliqarxlar və mafiya dövləti tutmuşdur.
Rusiya və digər respublikalarda hələ hər şey yekunlaşmayıb!
Hazırda Rusiya və digər keçmiş Sovet ölkələrində fəhlə dövləti və mərkəzləşdirilmiş planlaşdırma ilə idarə olunan ictimai iqtisadiyyat yoxdur. Amma ən əvvəl Rusiyada sosializmin cazibəsi hələ də yaşayır. Bu ölkələrdəki kommunistlər son bir neçə əsrdə daim kapitalizm quruluşunda yaşayan cəmiyyətlərdən fərqli bir insan resursu və çox ziddiyyətli bir ictimai yaddaşla qarşı-qarşıya qalıblar. Kommunistlər imperializmə qarşı gələcək müharibədə bunu dərk edərək döyüşəcəklər. Rusiyanı, Qazaxıstanı, Belarusu (sabah siyasi iqlim dəyişəndə Ukraynanı belə) restavrasionist bürokratiyanın varisi olan oliqarxlar dəstəsi və onların nümayəndələri deyil, yalnız fəhlə sinfi və onun ictimai müttəfiqləri həqiqətən qoruya bilər.
NATO Rusiya ilə müharibəyə başlayarsa, ABŞ və NATO imperializminin məğlubiyyəti uğrunda mübarizə aparmalıyıq. Amma unutmamalıyıq ki, Rusiya bu müharibədə çətinliklərlə üzləşdikcə tarix kommunistləri yenidən vəzifəyə çağıracaq. Rusiyada imperializmə qarşı müqavimət inqilabı da yenidən tarixin gündəminə gətirəcək.