Azərbaycan Respublikasının Milli Məclisində 28 sentyabrda siyasi partiyalar haqqında yeni qanun layihəsi ilə bağlı ictimai müzakirələr aparılacaq. Ukraynada davam edən NATO-Rusiya müharibəsindən sonra keçmiş Sovet məkanında (Tacikistan və Qırğızıstan arasındakı münaqişələrdən əlavə) digər bir müharibə dinamikası da Azərbaycan və Ermənistan arasında alovlanmışdı. Müharibə bu yazının birbaşa mövzusu deyil, amma Azərbaycan dövləti və İlham Əliyev daxili siyasətdə Ukrayna Prezidenti Volodimir Zelenskidən, bəlkə də, ilhama gəlir! Keçmiş Sovet məkanındakı ən mühüm ABŞ və Aİ müttəfiqləri arasında olmaq şərəfinə (!) nail olmuş hər iki lider də müharibə şəraitini daxildə daha müstəbid bir rejim qurmaq üzrə həmlələr etmək üçün fürsətə çevirir. Azərbaycandakı qanun layihəsinin son münaqişələr başlamazdan əvvəl aktuallaşdığını qeyd edək. Daim davam edən Ermənistanla hərbi münaqişə dinamikasının buradakı rolu bizə aydın görünür.
Nə səbəbə belə deyirik? İlk növbədə Ukraynada baş verənləri xatırlayaq. Ölkədəki 11 siyasi partiya Rusiyaya dəstək vermək bəhanəsi ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında ləğv edilmişdi. Qadağan edilənlər arasında müxtəlif sosialist partiyaları ilə yanaşı, ölkənin ən böyük muxalifət partiyası (xüsusilə qeyd edirik: ölkənin ən böyük müxalifət partiyası!) olan və müharibə başlamazdan qabaqkı seçki ilə bağlı ictimai rəy sorğularında səs nisbəti Zelenskinin partiyası ilə başabaş gələn Həyat uğrunda Müxalifət Platforması da var idi. Bu partiya müharibənin başlaması ilə zərbə yemiş, daxili parçalanmalar da yaşamışdı, amma yenə də ləğv edilən və əmlakı müsadirə edilən partiya ölkənin başlıca müxalifət patiyası idi.
Həmin Avropa İttifaqı tərəfindən dəstəklənən istibdad indi də Azərbaycanda vaqe olur. Azərbaycandakı yeni qanun layihəsi hər hansı bir partiyanı ismən nişana almayıbsa da, əslində bir çox cəhətdən Ukraynanı da ötüb keçir. Ən əvvəl hər hansı bir siyasi partiyanın təsis edilə bilməsi hər biri son 20 il sərasər Azərbaycanda yaşayan 200 təsisçiyə və habelə 10 min üzvə malik olmaqla şərtləndirilir. Həmçinin hər hansı bir səbəblə partiyanın üzv sayı 10 mindən aşağı düşərsə, yeni təşkil olunacaq nəzarət qurumu partiyanı istənilən vaxt ləğv edə bilər. Bu sayların böyüklüyü gözdən qaçmasın. 85 milyon əhaliyə malik olan Türkiyədə siyasi partiya təsis etmək üçün 30 təsisçi üzv kifayət edərkən, bu səviyyə 10 milyonluq Azərbaycanda az qala yeddi dəfə yüksəlir. Bununla da kifayətlənməyərək yenicə təsis edilən bir partiyanın 10 min kimi çox ciddi bir üzv kütləsinə malik olması gözlənilir. Bu sayı iki ölkənin əhalilərinin nisbətinə indeksləyərək Türkiyəyə uyğunlaşdırsaq (yəni Azərbaycandakından 8,5 dəfə çox əhaliyə malik olan Türkiyənin zəruri üzv sayını da 8,5-ə vursaq), 2022-ci ildə elan olunan son partiya üzvlük statistikalarına görə yalnız 8 siyasi partiya fəaliyyətdə qala bilərdi! XDP və Gələcək Partiyası daxil olmaqla qalan bütün siyasi partiyalar ləğv edilməli olardı. Azərbaycan kimi, hakimiyyətə qarşı siyasətlə məşğul olmağın onsuz da çətin olduğu bir ölkədə bu qanun layihəsinin mənası sözsüz-sovsuz yeni siyasi partiyaların təsis edilməsinə mane olmaq və xalq kütlələrinin siyasətdən yayındırılmasıdır.
Aİ tərəfindən dəstəklənən istibdad hücumunun həmçinin xüsusilə sosialistləri nişana aldığını da vurğulamalıyıq. Ukraynadakı partiya qadağalarının bir sıra sosialist partiyalarını da ehtiva etdiyini demişdik. Azərbaycanda isə yeni qanun layihəsi bir tərəfdən bütün müxalifət qüvvələrinin fəaliyyətini çətinləşdirir, digər tərəfdən üstüörtülü şəkildə inqilabi və siyasi partiyaları ləğv etməyə şərait yaradır. Bu iki ölkədə də böyük və kütləvi sosialist təşkilatlarının olmadığını nəzərə alsaq, bu addım ilk nəzərdə qəribə gələ bilər. Amma unutmamaq lazımdır ki, Ukrayna kimi Azərbaycanın da bir fəhlə dövləti tarixi var. Müharibələr və böhranlar keçmiş Sovet məkanını sarsıdarkən, sabah ayağa qalxacaq xalq kütlələrinin bir neçə on il əvvələ qədər altında yaşadıqları qızıl bayrağa yenidən gözünü çevirməsi böyük bir sürpriz olmaz. Bunun ən azı bir təhdid ünsürü olduğunu, soyu fəhlə dövlətinin dağılmasının müsəbbibi olan bürokratiyaya əsaslanan Azərbaycan hakimiyyəti də hər kəsdən yaxşı bilir. Yəni heç nə səbəbsiz deyil, tarixin kəskinləşən müharibələr və inqilablar dövrü yenidən üz verərkən, bu rejimlərin bağrındakı (Aİ-nın xeyli ürəyincə olan) antikommunizmin qol-qanadı açılır. 28 sentyabrda Azərbaycanda məhz bu müzakirə ediləcək.
Görünür, Türkiyədəki istibdad rejiminin və Avropa İttifaqının dostu Azərbaycan hakimiyyətinin hazırladığı bu hücum qanunu layihəsi Azərbaycan parlamentində lazımi səs çoxluğunu əldə edərək qanuniləşəcək. Bu vəziyyətdən hamımız dərs götürməliyik. Azərbaycan xalqı da, Qafqaz və Orta Şərqin bütün xalqları da öz gücünə bel bağlamalı, imperializmə qul-kölə, öz xalqına qarşı isə zorba olan bütün müstəbidləri devirib fəhlələrin hakimiyyətini qurana qədər mübarizəyə davam etməlidir.