Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Əliyev istibdadı və son hadisələr!

 

2022-ci il Azərbaycandakı hakim rejim üçün xeyli əlverişli dəyişikliklərə şahid oldu. Belə ki, cari ildə siyasi hakimiyyət həm “Media haqqında”, həm də “Siyasi partiyalar haqqında” yeni qanun lahiyələrinin qüvvəyə minməsinə nail oldu. 

2021-ci ilin sonlarında hökumətin açıqladığı “Media haqqında” yeni qanun lahiyəsi ölkədə məhdud imkanlarla həyata keçirilməyə çalışılan müstəqil jurnalizm fəaliyyətini birbaşa dövlətə bağlamaq cəhdlərindən xəbər verirdi. Yeni qanun lahiyəsi hökumətə imkan verirdi ki, jurnalistləri və media quruluşlarını birbaşa və ya dolayı yolla məhkəmələrdə cinayət məsuliyyətinə cəlb edə bilsin. Bu qanun lahiyəsi 2022-ci il fevralın 8-dən qüvvəyə minmişdi.

Digər bir qanun lahiyəsi olan və ölkədəki siyasi vəziyyəti daha da gülünc hala salan “Siyasi partiyalar haqqında” qanun 16 Dekabr 2022-ci il tarixində prezident tərəfindən imzalandı. Bu qanun əvvəlkinə nisbətən yeni dəyişikliklər ehtiva etməklə siyasi mühitin hakimiyyət üçün daha təhlükəsiz formada yenidən təşkilini mümkün etdi. 

Belə ki, yeni qanunvericilik aktı ilə birlikdə fəaliyyətdə olan partiyaların dövlət qeydiyyatına alınması üçün say məhdudiyyəti gətirildi. Akta əsasən, daha əvvəl dövlət qediyyatına alınmış hər bir siyasi partiya qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində ancaq 5000-dən çox üzvə malik olduğu barədə sənədləri təqdim edərsə, ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınacaqdır. Tələb olunan sayın altında qalan partiyaların fəaliyyəti qanunsuz elan ediləcək və həmin faəliyyət mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olacaqdır. Beləliklə, yeni qanunvericilik aktına əsasən, sayı 5000-dən az olan partiyaların fəaliyyəti cinayət tərkibli əməl kimi qiymətləndirilir. Həmçinin qanuna görə ləğvinin dövlət qeydiyyatına alındığı halda partiyanın üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirakı qadağan edilir. 

Burada əhəmiyyətli olan digər bir nöqtə ondan ibarətdir ki, sədr üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməlidir. Belə olan halda aydın olur ki, qanunvericilik elə tərtib olunub ki, hər altı aydan bir partiyadan çıxan və partiyaya gələn üzvlər barədə məlumat vermək lazımdır. Onsuz da qanuna əsasən, Ədliyyə Nazirliyi partiya üzvlərinin məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirir. Partiya faktiki olaraq bütün fəaliyyəti barədə demək olar ki, hakimiyyət dairələrinə hesabat verməli olur. Yəni indiki vəziyyətdə bu qanunla istənilən zaman istənilən partiyanın qeydiyyatını ləğv etmə proseduruna başlamaq üçün siyasi hakimiyyətin əlində imkanlar var. Qanunun müvafiq maddələri ilə, Ədliyyə Nazirliyi hətta mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirməklə istənilən siyasi partiyanın fəaliyyətini yoxlamaq, ardınca partiyanın ləğvi barədə iddia qaldırmaq kimi hüquqa malik olur. Bu cəhətlərə görə yeni qanun əvvəlki qanundan əhəmiyyətli dərəcədə fərqlənir. Təsadüfi deyil ki, SSRİ-nin süqutundan sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınmışdır. Mərkəzi Seçki Komisiyasının məlumatına əsasən, 2022-ci il üzrə dövlət qeydiyyatına alınan 59 partiya mövcud olmuşdur. 

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 59 siyasi partiyadan 31-i ləğv edilmişdir. Qanun qüvvəyə mindikdən sonra özünə qədərki siyasi partiyaların yarısından çoxunu siyasi mühitdən bu və ya digər dərəcədə kənarlaşdırdı. Partiyalar ardıcıl surətdə ləğv edilirdi. Digər bir tərəfdən Ədliyyə Nazirliyinin qeydiyyata aldığı partiyaların böyük bir hissəsi həqiqətdə tələb olunan saya ümumiyyətlə yaxınlaşa bilməyən marionet partiyalardan ibarət idi. Kukla partiyaların sayının belə çox olması hökumətin ölkədəki siyasi mühiti idarə etməsini daha da asanlaşdırdı. Bu da öz növbəsində siyasi mühitin xalqın gözündə cazibəsini itirməsinə və siyasi subyektlərin qeyri-ciddi qəbul olunmasına gətirib çıxardı.

Ölkədə son zamanlarda baş verən həbslər dalğası da bu qanunların məntiqi ardıcıllığı kimi xarakterizə oluna bilər. İlk növbədə 2023-ilin əvvəlində ölkədə “İran məsələsi” ilə əlaqadar bir neçə həbs dalğası baş verdi. Sayı hələ bu gün belə qeyri-müəyyən olan yüzlərlə şəxs həbs edildi. Bu dalğaların ən şiddətlisi deputat Fazil Mustafaya “sui-qəsd” cəhdindən sonra baş verdi. Mart ayının sonları və aprel ayının əvvəlində yüzlərlə şəxs qondarma ittihamlar ilə həbs edildi. Həbs edilənlərin əksəriyyəti hələ də həbsdən azad edilməyib. 

Daha sonra özlərini “Müstəqil həmkarlar ittifaqı təşəbbüsü” adlandıran, kuryerlərin “İşçi masası”nın üş üzvü – avqust ayında Ayxan İsrafilov, Elvin Mustafayev, sentyabr ayında isə Afiəddin Məmmədov – qondarma ittihamlar ilə həbs edildilər. Məhkəmə istintaq prosesləri davam edən bu şəxslər Azərbaycan hökumətinin bəlkə də özü ilə ən çox öyündüyü fəhlə hüquqları (lakin demək olar ki, fəhlə və zəhmətkeşlər heç bir ciddi sosial və siyasi hüquqa malik deyil) məsələsində fəaliyyətə təşəbbüs etdikləri üçün cəzalandırılırlar. Beləliklə, istibdadın zorakılıq yolu ilə göz qorxutma ənənəsinin yeni üsullarına şahid oluruq. 

 Sonuncu və ən yeni həbslər dalğası isə media sahəsində müşahidə olundu. Noyabr ayının 20-dən başlayaraq “Abzas Media” müstəqil nəşrinin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, saytın əməkdaşı Nərgiz Absalamova həbs edildi. Onlar cinayət məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilirdilər. Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Nərgiz Absalamova barəsində 3 ay, Məhəmməd Kekalov barəsində 3 ay 27 gün, Ülvi Həsənli barəsində isə 4 aylıq həbs qətimkan tədbiri seçildi. Polis həbs olunan jurnalistlərin evində və Abzas Medianın Bakıdakı ofisində axtarış həyata keçirmiş və oradan 40 min avro məbləğində pul tapıldığı bildirilmişdi. Əgər bu sübut edilərsə, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir. Jurnalistlər haqlarında irəli sürülən iddiaların yanlış olduğunu bildirib və həbslərinin hazırladıqları korrupsiya araşdırmalarına görə baş verdiyini açıqlayaraq çağırış ediblər. Abzas Media əməkdaşları çağırışda bütün araşdırmaçı jurnalistlərə səslənərək onlardan dəstək istəmiş və onların araşdırmalarını qaldıqları yerdən davam etməyə çağırmışlar. Qeyd edək ki, Abzas Medianın həbs olunmuş jurnalistlərinə ailələri ilə görüşmək və telefonla əlaqə saxlamaq qadağan edilib. Ülvi Həsənlinin və Sevinc Vaqifqızının ailə üzvlərinin bank hesablarına blok qoyulub.

Noyabrın 27-də həmçinin “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov, dekabrın 11-də “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Hümbətov, Gəncə şəhərində fəaliyyət göstərən “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov, dekabrın 12-də “Kanal 11” adlı internet televiziyasının rəhbəri Teymur Kərimov, araşdırmaçı jurnalist Hafiz Babalı da həbs ediliblər.

Dekabrın 15-də ictimai fəal Möhyəddin Orucov da 4 ay azadlıqdan məhrum edilib. O qanunsuz şəkildə narkotik vasitələri istehsal etmə, əldə etmə, daşıma, satma səbəbi ilə ittiham edilir. Həmçinin dekabrın 15-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da 4 ay müddətinə həbs edilib. Tofiq Yaqublu dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.

Aydındır ki, bütün bu həbslər həm istibdadın öz köklərini daha da möhkəmləndirmək ehtiyacının, həm də hakimiyyətin beynəlxalq əlaqələrində baş verən bəzi dəyişikliklərin nəticəsidir. İlin əvvəllərində baş verən həbslər dövlət  mediasında “İranın cəsusluq şəbəkəsinin dağıdılması” adı altında təqdim edilirdi. Jurnalistlərin həbsindən əvvəl isə həmin media qurumları “ABŞ Azərbaycanda nə etmək istəyir?” sualını səsləndirməyə başladı. Müstəqil və xarici media nümayəndələrinin hamısı ABŞ-a işləməklə günahlandırılmağa başlandı və ardınca da gözlənilən həbslər baş verdi. Dekabrın 22-də yenə eyni dövlət media quruluşlarında “Cənubi Qafqazda fransız kəşfiyatının izləri” mövzusundan bəhs edilməyə başlandı. Burada hədəfin kim olduğunu yalnız hökumət bilir. Əliyev və onun hakimiyyəti Qarabağ müharibəsindəki performansı ilə sarsılmaz hesab edilən gücünə daha da böyük güc qatdı. Mövcudluğu böyük şübhə altında olan azad media tamamilə sıradan çıxarılmış, siyasi mühit isə heç olmadığı qədər boğulmuş haldadır. Lakin tarix səhnəsinin ən müstəsna nümunələri həmişə belə çətin zamanlarda meydana çıxmayıb?! Məgər 2011-ci ildə inqilablarla çalxalanan ərəb coğrafiyasında siyasi vəziyyət bizdən daha demokratik idi? İşğala, istibdada, amansız diktatorlara qarşı inqilab edən zəhmətkeş xalqlar həmişə var olublar və var olacaqlar. Bu səbəblə ümidsizliyə, pessimizmə qapılmaq əbəsdir. Bu gün hər şeyin öz əllərində olduğunu düşünənlər sabah hər şeyi itirməyə məhkumdurlar.