Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

1979-cu il İran inqilabının 44-cü ildönümü münasibətilə DİP-in bəyanatı: İran xalqları ilə həmrəyliyə! Xalq hakimiyyətə!

İsfahan Polad İstehsalı Zavodunun fəhlələri İslam Cümhuriyyətinin təzyiqlərinə qarşı nümayiş keçirmək üçün işi dayandırıblar

 

 

 

11 fevral günü İrandakı keçmiş şah idarə üsulunun süqutunun ildönümüdür. 1979-cu ildə baş vermiş bu inqilab İslam Cümhuriyyətinin hazırda təlqin etdiyi kimi Ayətullah Xomeyninin islamçı qüvvələri sayəsində deyil, əksəriyyəti İran solunun sıralarında təşkil olunmuş milyonlarla fəhlə, şəhər yoxsulu, kəndli, gənc, qadın və digər bir çoxlarının fədakaranə mübarizələri nəticəsində qalib gəlmişdir. Biz həmin milyonların inqilabi şücaətini və şövqünü salamlayırıq. Buna baxmayaraq, solun buraxdığı dəhşətli səhvlər ucbatından Xomeyni qüvvələri inqilabın rəhbərliyini ələ keçirərək İslam Cümhuriyyətini bərqərar etmişdir.

Beş aydır ki, başda qadınlar olmaqla İran xalqı İslam Cümhuriyyətinin zülmünə qarşı yorulmaq bilmədən mübarizə aparır. Avropa və Amerika Birləşmiş Ştatlarında məskunlaşmış iranlıların icmaları İran inqilabının 44-cü ildönümü münasibətilə nümayişlər düzəldərək hazırkı xalq üsyanının rəhbərliyini ələ keçirməyə səy göstərir. İran fəhlə sinfi və zəhmətkeş xalqının həqiqi dostu olan DİP İran xalqının bu üsyanının xaricdəki icmalar içərisində ağalıq edən burjua, hətta şahpərəst qüvvələr tərəfindən təhrif edilməsinin əleyhinədir. Biz İran xalqının üsyanına verdiyimiz qiyməti yenə təqdim edir, beynəlxalq fəhlə sinfi və sosialist hərəkatını həm ayətullah, həm də şaha qarşı yönəlmiş ikitərəfli mübarizədə üsyanı dəstəkləməyə çağırırıq. İran xalqının inqilabi üsyanının onun əksi istiqamətində dayanan hakim qüvvələr tərəfindən mənimsənilməsinə bir daha imkan verməyək!

 

1. İran xalqları yenidən inqilab yolunu tutublar. 2009-cu ildən bəri İslam Cümhuriyyəti çətinliklə nəfəs alır. Xüsusilə də 2010-cu illərin ortalarından bu yana elə bir il ötməyib ki, həmin il fəhlə sinfi, müəllimlər, qadınlar, gənclər və məzlum xalqlar təsir qabiliyyəti olan tədbirlər təşkil etməsinlər.

 

2. Beş aydır davam edən hazırkı xalq üsyanı çox güclü təzyiqlərə baxmayaraq, ruh yüksəkliyini itirməyib. Ölənlərin sayının 600-ə yaxın, bunların da təxminən 70 nəfərinin uşaq olduğu qeyd olunur. Məlumata görə, 20 minə yaxın insan saxlanılıb və bunlardan yalnız beş minədək insanın şəxsiyyəti məlumdur. İşgəncəyə məruz qalanların sayı-hesabı yoxdur. On nəfərə yaxın etirazçı əksəriyyəti Bəlucistanda olmaqla edam edilib, digər bir çoxu da Tehran və ya başqa yerlərdə edam olunmağı gözləyir.

Bütün bu vəhşiliyə baxmayaraq, mübarizə öz canlılığını qoruyub saxlayır. Qadınlar ən ön cərgələrdə iştirak edirlər və çoxdan iri şəhərlərin bir çox məhəlləsində icbari hicab qaydasına məhəl qoymamaq hüququnu əməli olaraq əldə ediblər. Lakin indiki üsyanı yalnız qadınların hərəkatı hesab etmək tamamilə yanlış olardı. Ali və orta təhsil müəssisələrində təhsil alan və yoxsul məhəllələrdə yaşayan gənclər 160-dan çox irili-xırdalı yaşayış məntəqəsində son dərəcə fəaldır. Kəskin təzyiqlər və amansız işdən çıxarma siyasəti şəraitində tətillər və zavod / iş yeri işğallarını təşkil etmək çətin olsa da, fəhlə sinfi də mübarizənin əsas tərkib hissələrindən biridir.

Bütün regionlar və millətlər hərəkatda iştirak edirlər. “Əxlaq polisi” kimi də tanınan İrşad Patrul Qüvvələri tərəfindən qətlə yetirilən ilk qadın Cina Məhsa Əmini kürd olduğuna görə mübarizə Rojxilatda (Şərqi Kürdüstanın kürdcə adı) başladı. Amma hərəkat tez bir zamanda bütün fars vilayətləri ilə türklərin üstünlük təşkil etdiyi şimaldakı Xəzər regionundan cənub-şərqdə Bəlucistana və cənub-qərbdə ərəblərin əksəriyyəti təşkil etdiyi Xuzistana, eləcə də Bəxtiyari xalqının içərisinə qədər genişləndi. Üsyanın diqqətəlayiq bir cəhətini də müxtəlif xalqlar arasındakı məqsədli həmrəylik ifadələri təşkil edir, halbuki adətən İran xalqları istər mövcud, istərsə də keçmiş şah idarə üsulunun “parçala və hökm sür” siyasətinə aldanmağa meyilli olublar.

Digər bir mühüm məqam ondan ibarətdir ki, “mötədillər”, yəni İslam Cümhuriyyətinin dırnaqarası islahatçı qanadı barədə heç bir yanlış siyasi təsəvvürün nəzərə çarpmamasıdır. Bu vəziyyət 2009-cu ildə “Yaşıl inqilab” kimi adlanan prosesdə bu qanada göstərilən etimadla təzad təşkil edir. 2009-cu ildə belə olmasının səbəbi birbaşa həmin üsyanın sinfi xarakterinin nəticəsi idi. Belə ki, ona əksərən güzəranı xoş keçən müasir xırda burjuaziya dəstək vermişdi.

Üsyanın tələbləri icbari hicabın ləğv olunmasından və ya ümumiyyətlə qadın hüquqlarından ibarət deyil. Ən məşhur şüar olan kürdcə “jın, jiyan, azadi!”, yaxud farsca “zən, zəndəki, azadi!” (yəni “qadın, həyat, azadlıq!”) şüarları “nan, kar, azadi!” (çörək, iş, azadlıq!) şüarına qarışır. Gənclər universitet və məktəblərdəki boğucu mühitin aradan qaldırılmasını tələb edirlər. Fəhlələr birləşmək hüququ, əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılması uğrunda hərəkətə keçirlər.

 

3. Bu cür demək olar ki, yalnız icbari hicab əleyhinə aparılan mübarizə belə tarixi əhəmiyyət kəsb edir. İslam dünyasına mənsub olan heç bir ölkədə dini ehkam və mövhumatların hökmranlığına zəhmətkeş və muzdlu xalq kütlələrinin inqilabi mübarizəsi meydan oxumayıb. Dünyəvilik həmişə üzünü Qərbə çevirən hakim siniflərin ixtiyarında qalıb, yalnız onlar və onların tərəfdarlarının dairəsi daxilində müəyyən təsirə malik olub. Çox güman ki, yeganə istisnanı keçmiş Sovet İttifaqı cümhuriyyətlərinin müsəlman əhalisi təşkil edir. Başqa heç bir ölkədə dini quruluşa qarşı mübarizə məhz zəhmətkeş kütlələr tərəfindən aparılmayıb. Bundan dolayı islamçı hərəkat müəyyən bir təşkilati və ideoloji qüdrəti əldə edən kimi “xalqın tiryəki”nin kütlələri ələ keçirməsi son dərəcə sürətli və asan olur. İranlı qadınlar kütləvi surətdə hicablarını çıxarıb başlarını mübarizə ruhu ilə açaraq həm qadınların qurtuluşu, həm də dünyəvilik yolunu göstərirlər. Küçələrdə mollaların baş geyimlərini məzələnərək vurub salan gənclər dini fırıldaqları ifşa etməkdən ötrü əllərindən gələni edirlər. Bu, Orta Şərqdə kütləvi, fəhlə sinfinə əsaslanan dünyəviliyə açılan bir qapıdır. Hicablı və adətən yaşlı nəsillərdən olan qadınların nisbətən daha cavan, başlarını açan qadınlarla yanaşı və əzmkarcasına mübarizə aparması həqiqətini də nəzər alsaq, hazırkı vəziyyətin necə böyük bir tarixi əhəmiyyətə malik olduğunu anlamış olarıq. Demək, məlum oldu ki, mübarizənin məqsədi qadınların azadlıqlarının tapdaq altına alınmasına mane olmaqdır. İranlı kütlələr özlüyündə dinə qarşı yox, dindən zorakı təsir aləti kimi istifadə olunmasına qarşı döyüşürlər.

 

4. Lakin üsyanın inkişafı indidən fasiləsiz inqilabın, yəni demokratik siyasi inqilabın proletariat və onun müttəfiqlərinin hakimiyyət başına gəlməsi ilə ictimai inqilaba çevrilməsinin toxumlarını daşıyır. İran xalqlarının inqilabi üsyanlarla dolu şanlı tarixi var. İran Asiyanın müstəmləkələşdirilməmiş xalqları arasında ayaqlanan ilk ölkə idi. “Məşrutə inqilabı” adlanan bu üsyan 1905-ci il rus inqilabından dərhal sonra baş vermişdi. Türkiyə 1908-ci ildə, Çin 1911-ci ildə eyni addımı atdı. Birinci dünya müharibəsindən sonrakı dövrdə bütün Orta Şərqi bürüyən üsyan dalğası zamanı Xəzər regionunun şimal-qərbində yerləşən Gilanda İran Sovet Sosialist Cümhuriyyəti yaransa da, yalnız 1920-ci ilin iyun ayından 1921-ci ilin sentyabrınadək yaşaya bildi. İkinci dünya müharibəsindən sonra isə ikisi də Sovet İttifaqı tərəfindən dəstəklənən iki belə cümhuriyyət daha yarandı. İran Kürdüstanında qurulan Məhabad Cümhuriyyəti 1946-cı ilin əvvəlindən axırınadək mövcud oldu. Azərbaycan Xalq Cümhuriyyəti isə 1945-ci ilin sonunda yarandı və növbəti ilin sonunadək ömür sürdü.

Sonra fövqəladə bir xalqlar şənliyi olan 1979-cu il gəldi və həmin şənlik mollalar şah rejiminə qarşı mübarizə vasitəsilə əldə olunmuş bütün azadlıqlara hücum çəkərək və bütün ölkəni dini mütəəssiblik zindanına həbs edərək xalqın bütün inqilabi şövqünü söndürənə qədər davam etdi. “Rəsmi” kommunist partiyası “Tudə” ilə yanaşı olaraq “Xalqın Fədailəri”nin əksəriyyətini təşkil edən qanadı və başqa xırda təşkilatlardan ibarət olan İran solunun ölümcül səhvləri də İslam Cümhuriyyətinin bərqərar olunmasına imkan verdi. Bu, inqilabın daxilindən əmələ gələn bir əksinqilab idi. Bu inqilab gələcəkdə başda Misir və Tunis olmaqla əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə gerçəkləşən bütün inqilabi qiyamların mütərəddid nəticələrinin xəbərçisi oldu. Bu inqilab çörək və azadlıq uğrunda canlarını fəda etməyə hazır olan xalqın əlindən oğurluqla alınıb mənimsənildi.

 

5. Üsyan və inqilab XXI əsrdə İranda yenidən meydana çıxmışdır. Yuxarıda qeyd etdiyimiz “yaşıl inqilab” ifrat mühafizəkar Mahmud Əhmədinejadı 2009-cu ildə ikinci dəfə vəzifəyə gətirən seçki saxtakarlığına qarşı kütləvi bir əks-təsir idi. Bu ən əvvəl sərbəst peşələr olmaqla müasir və bəxtəvər xırda burjuaziyadan və öz gələcəyini daha liberal və Qərb imperializmi ilə çulğalaşmış bir İranla əlaqələndirən burjuaziyanın müəyyən hissəsindən ibarət cəmiyyətin yuxarı təbəqələrinin aparıcı mövqedə olduğu bir hərəkat idi.

Bir neçə il davam edən sükunətdən sonra 2017-ci ilin sonundan başlayaraq İranda kütlələrin ardı-arası kəsilməyən üsyan dalğaları başladı. Həmin il dekabrın 28-də kütlələr bahalıq, rüşvətxorluq və digər həlli tələb olunan vacib iqtisadi problemlərə etiraz etmək üçün küçələrə çıxdılar. 2018-ci ilin fevralında Tehran və digər bir sıra şəhərlərdə iranlı qadınların icbari hicaba qarşı üsyanına şahid olduq. Bundan sonra həmin ilin iyun ayında kütləvi yüksəliş baş verdi. Məhz həmin anda 2009-cu il üsyanları zamanı burjuaziya və güzəranlı xırda burjuaziya sıralarında vaqe olan ziddiyyətlər proletariat və yoxsul kütlələrin üsyanında əks olundu. 2018-ci ilin noyabr ayında “Həft Tappe” şəkər zavodunun fəhlələri işlədikləri qeyri-müvafiq əmək şəraitinə, xüsusilə də əmək haqqı ödənişlərindəki gecikmələrə qarşı mübarizə aparmağa başladılar. Odur ki, 2017-ci ilin sonundan 2018-ci ilin sonuna qədər olan bütün bir dövr boyunca İran cəmiyyəti qələyana gəlməyə davam etdi.

2019-cu ilin noyabr ayında XXI əsrin indiyə qədərki bütün üsyanları içərisində ən çox vüsət almış, ən şücaətli və ən çox rəiyyətə əsaslanan üsyan gerçəkləşdi. 2009-cu ildən 2019-cu ilə qədər keçən müddətdə küləyin əsdiyi istiqamət dəyişmişdi. Küçələrə çıxan kütlələrin səciyyəvi əməli bankların yandırılması oldu. Bu, üsyanın 2009-cu il “yaşıl inqilab”ının əksinə olan sinfi təbiətinin bir nəticəsi idi. Məhz elə bu səbəbdən rejimin cavabı xeyli amansızcasına oldu. Beş-altı gün davam edən üsyanda yüzlərlə insan öldürüldü.

Deməli, hardasa beş aydır ki, davam edən hazırkı xalq üsyanı gözlənilməz bir hadisə deyildir. İran tarixinin yaxın dövrü rejimə qarşı aramsız bir mübarizənin tarixidir. Məhz bu bizə əminlik verir ki, hazırkı üsyan İranın zəhmətkeş xalqını hakimiyyətə gətirməyə qadir bir inqilabi üsyandır.

 

6. Xalq üsyanının başlıca zəif cəhəti kütlələrin İslam Cümhuriyyətini devirməsinə rəhbərlik edəcək siyasi təşkilatlardan məhrum olmasıdır. Hər halda təşkil olunma səyləri var, amma bunlar universitet, məktəb, iş yeri, məhəllə və qəsəbə kimi məhəlli səviyyədə qalırlar. Bu hərəkatın büsbütün genişmiqyaslı bir inqilaba çevrilməsi üçün rejimlə toqquşmağa hazır olan və onun devrilməsi təhlükəsini həqiqətən yaratmağa qabil olan təşkilatlar yaradılmalıdır. Bu gerçəkləşdiyi zaman fəhlə sinfi, zəhmətkeş və məzlum bütün kütlələr hakimiyyəti ələ keçirmək üçün lazımi surətdə təchiz olunmuş olacaqlar. Bu, 1979-cu ilin yarım qalan işini yekunlaşdıracaq, İslam Cümhuriyyəti ilə qəflətən relsindən çıxan prosesin relsə düşməsini təmin edəcəkdir.

Həmçinin digər bir həqiqəti də qeyd etməliyik: 2009-cu ildən bəri baş verən digər üsyanların əksinə, bu dəfə hakimiyyət içərisində aşkar bir səndələmə və mütərəddidlik, eləcə də rejimin nümayiş etdirdiyi qəddarlığı sorğulayıb onun əleyhinə çıxan ünsürlər görürük. Bu, bir inqilabın inkişafı üçün çox vacib ünsürdür.

 

7. Şübhəsiz ki, üsyanın nəticələrinə təsir edə biləcək ciddi təhlükələr var. İran 1920-ci illərdən başlayaraq, xüsusən ikinci dünya müharibəsindən sonrakı otuz il ərzində uzun bir qərbliləşmə və Qərbin imperialist ittifaqına uyğunlaşma dövrü keçirib. Beləliklə, İran burjuaziyası daxilində İslam Cümhuriyyətinin diktəsi ilə yaşamaqdan imtina edən, əksəriyyəti ölkədən kənarda, xüsusilə də ABŞ, Kanada, Britaniya və Almaniyada yaşamağı seçmiş bir qanad var. 1980-ci illərdə aradan götürülmə təhlükəsi altında ölkəni tərk etməyə məcbur qalan solçu azlıq istisna olmaqla, xaricdə məskunlaşmış iranlıların icmalarının maraqları imperialistlərin İranı yenidən fəth etmək, eynilə 1950-ci illərdə Müsəddiqin bir CIA təşkili olan çevrilişlə devrilməsindən sonra hakimiyyətə gətirilən Rza şahın 30 illik hakimiyyəti dövründə olduğu kimi İranı Yaxın Şərqdə imperialist hökmranlığının qalasına çevirmək xəyalları ilə üst-üstə düşür. İran İslam Cümhuriyyəti xalqın böyük qəzəbi qarşısında dağılacağı təqdirdə xaricdəki həmin icmaların hakimiyyəti əldə etmək üçün kifayət qədər pulu, təşkilati strukturları, intellektual qabiliyyəti və istismar etmək iştahası var.

“Ölüm olsun zalimə, istər şah olsun, istər rəhbər” şüarı xalq hərəkatının hələlik imperializmin lütf etdiyi bu çıxış yoluna qətiyyən etimad etmədiyini göstərir. Lakin mollalar və üsyançılar bir-birlərini əldən salacağı təqdirdə imperializmə pərəstiş edən burjua müxalifətinin təzə qüvvələrinin əlinə fürsət düşə bilər. Odur ki, ölkədəki kütlələr və proletar qüvvələri həqiqətən də eyni anda iki fərqli düşmənlə vuruşurlar.

 

8. Görünür ki, İran üsyanının beynəlxalq nəticələri olduqca əlamətdar olacaq. Çox güman ki, ən mühüm nəticə qollu-budaqlı islamçı hərəkatın taleyi ilə əlaqədar olacaq. Kütlələrin aşağıdan mübarizəsi ilə əldə olunacaq bir dünyəvilik Orta Şərq və Şimali Afrika regionundakı qadınlara və gənc nəsillərə mütləq ilham verəcəkdir.

İranın imperialist düşərgəsinə qayıtması qüvvələr nisbətini imperializmin lehinə dəyişdirəcək, çünki İran Rusiya və Çinin yalnız regionda yox, bütün Avrasiya coğrafiyasında ən etibarlı müttəfiqidir. Habelə İran dövlətlər səviyyəsində sionizmin ən güclü düşməni olduğuna görə belə bir dəyişiklik müvazinəti sionizmin də lehinə dəyişdirəcək.

Nəhayət, İranda inqilab qalib gəlsə, fəhlə sinfi və zəhmətkeşləri hakimiyyətə gətirsə, bu, nəinki Orta Şərq və Şimali Afrika regionunda, habelə bütün dünyada, şəksiz ki, yeni bir dövrə qədəm qoyacaq.

 

9. İran dərin bir böhranın əzab-əziyyətini çəkir. Beynəlxalq fəhlə hərəkatı hələ də bu böhranın əhəmiyyətinə uyğun hərəkət etməyib. Düşmən isə, əksinə, ayıq-sayıqdır. Ölkədən kənardakı İran icmaları kütləvi hərəkatı imperializmlə əməkdaşlığa sövq etmək üçün saysız fikirlər irəli sürərək vurnuxur və imperialist dövlətlərin hökumətlərinə kütləvi hərəkata və mübarizəyə lazımınca müdaxilə etmələri üçün müraciət edir. İmperialist dövlətlərin özləri də bikar durmurlar. Makron qısa müddət əvvəl İranı imperialist Qərbin itaəti altında olan bir ölkəyə çevirmək “qənaətinə gələnləri” qəbul elədi. Birləşmiş Millətlər Təşkilatında İranın qadın hüquqları qrupundan çıxarılması lehinə nəticələnən səsvermə mütərəqqi yox, imperializmin mənfəətinə uyğun bir addımdır. Davos Dünya İqtisadi Forumunda keçirilən xüsusi İran yığıncağında Nazanin Bünyadi və Masix Alinecad kimi iranlı qadın məşhurların iştirak etməsi olduqca diqqətəlayiqdir. Həmin məşhurlar heyəti Münhen Təhlükəsizlik Konfransına da dəvət olunublar.

Beynəlxalq sol bu böhrana İran xalqının əzmini artıracaq və kütləvi hərəkatın üsyanı qələbəyə doğru təşkil etməsinə kömək edəcək şəkildə cavab verməyib.

Biz İran xalqlarına birmənalı bir mesaj göndəririk. DİP öz dini etiqad və sitayiş şəklini qanun üzrə diktə edən dövlətin əsarətinə qarşı mübarizələrində iranlı qadınlarla tamamilə həmrəydir. DİP İslam Cümhuriyyətinin qarşılarına qoyduğu boğucu həyata meydan oxuyan iranlı gənclərlə, həm şah, həm İslam Cümhuriyyəti dövründə zəlalət içərisində olan bütün müxtəlif İran millətləri ilə həmrəylik içərisindədir. DİP insan ləyaqəti, hürriyyət və çörək uğrunda apardığı mübarizədə bütün İran xalqı ilə həmrəylik nümayiş etdirir.

DİP hər şeydən əvvəl İran fəhlə sinfi və onun kütləvi üsyanın bütün imkanlarının gerçəkləşməsi istiqamətində inkişafına səy göstərən qabaqcıl dəstəsi ilə həmrəy olduğunu bir daha bəyan edir.

 

10. Biz bütün beynəlxalq fəhlə sinfi hərəkatını, onun həmkarlar ittifaqı və siyasi təşkilatlarını İrandakı hərəkatla daha güclü həmrəylik nümayiş etdirməyə dəvət edirik. İran xalqına var gücümüzlə dəstək verməliyik ki, imperializm, sionizm və İranın mühacirətdə olan burjuaziyasının, o cümlədən keçmiş şahın varislərinin tərəfdarlarının hiylə və yalanlarını hamılıqla dəf edə bilək.

 

Zən, zəndəki, azadi! Jın, jiyan, azadi! Qadın, həyat, azadlıq!

Azadlıq və çörək uğrunda mübarizə aparan İran xalqına qarşı təzyiqlərə son qoyulsun!

Siyasi edamları dərhal dayandırın!

Bütün siyasi məhbuslara azadlıq!

Xalqı qətlə yetirməyə, işgəncələrə fitva verən qaniçənlər mühakimə olunsun və cəzalandırılsın!

İranlı qadınların bütün tələblərini yerinə yetirin!

İranlı tələbələrə və gənclərə azadlıq!

İran fəhlə sinfi üçün müstəqil həmkarlar ittifaqları, tətil, birləşmək və siyasi partiyalar yaratmaq hüququ!

İmperialistlər və sionistlər, İrandan əlinizi çəkin!

Nə rəhbər, nə də şah! Xalq hakimiyyətə!

Orta Şərq və Şimali Afrika Sosialist Federasiyasına daxil olan və fəhlə hakimiyyətinə malik olan İran uğrunda, irəli!


 

İnqilabçı Fəhlə Partiyası, Türkiyə

11 fevral 2023-cü il