Xeyli insan İrandakı xalq üsyanının xalqın və fəhlə sinfinin maraqlarına uyğun olaraq yox, imperializmin lehinə olan bir rejimin bərqərar olunması ilə nəticələnəcəyindən qorxur. Bu səbəbdən İranın burjua müxalifəti ilə yaxından tanış olmalıyıq.
1979-cu il inqilabından sonra İranın teokratik despotizmi hakimiyyətini möhkəmləndirən kimi özünə müxalif olanları bir-bir aradan qaldırdı. İslam Respublikası ilə ən xırda bir konflikti olan hər kəs ölkənin siyasi sferasından çəkilməyə məcbur edildi. İlk növbədə iri təşkilatlar və partiyalar ləğv olundu, sonra isə dövlət öz təşkilatlarını elə bir surətdə genişləndirdi ki, cəmiyyətin ən xırda hüceyrələrinə belə sirayət etdi. Məsələn, 1980-ci ildə bədnam Bəsic qüvvələri Xomeyninin hökmü ilə təşkil olundu. Hazırda “20 milyonluq güclü ordu” kimi adlandırılan Bəsic qüvvələri məhəllələrdən tutmuş universitetlərə qədər hər yerdə fəallıq göstərir.
Rejimin təşkilatları kənd məscidlərinin xırda icmalarından tutmuş “fəhlə evləri” kimi iri təşkilatlara qədər öz nüfuz dairəsini genişləndirmişdir. Tələbə təşkilatları çox sərt repressiyalara məruz qalaraq tədricən və büsbütün aradan qaldırıldı. Bununla da müxalifət qeyri-mütəşəkkil, dağınıq qruplara və fərdlərə çevrildi. Bu müxalifətçilərin bir qismi əksərən məhkəməlik olandan sonra ölkəni tərk etməyə məcbur oldular.
Monarxistlər
Şah Məhəmməd Rza Pəhləvi və yeni rejimin əleyhinə çıxan burjuaziyanın böyük bir hissəsi inqilabdan sonra ölkəni tərk edərək ABŞ, Avropa və Kanadaya köçmüşdülər. Bu dağınıq qrup bir müddət “ötüb keçmiş gözəl günlər”in nostalgiyası ilə yaşadı. Bundan əlavə, İran kəşfiyyatının ölkədən kənarda diqqət mərkəzində olan müxalifətçiləri siyasi sui-qəsdlər vasitəsilə aradan qaldırması üzündən bir çox şəxs aktiv siyasətdən uzaqlaşdı. Xaricdə şaha tərəfdar çıxan kütlənin davamlılığını təmin etmək üçün başlıca vasitə “BBC” və “Amerikanın Səsi” kimi Qərb imperializminə məxsus radio kanalları oldu. Onlar Şah dövrünün “qızıl dövr” olması təsəvvürünü yayıb təbliğ edərək “əvvəllər hər şeyin necə də möhtəşəm olduğunu” deyirdilər. Çox az insana nəsib olan keçmiş “prestijli İran pasportu”, “İran neftinin tarixdə ən bahalı olduğu dövr”, mahiyyət yox, yalnız forma etibarilə “sekulyar dövlət” və bu kimi təbliğat xarakterli ifadələr işsizliyin artdığı və sinfi ziddiyyətlərin kəskinləşdiyi, habelə teokratik despotizmin günü-gündən şiddətləndiyi bir şəraitdə, xüsusən də, inqilabdan əvvəl yaşamamış gənc nəsillər üzərində effektiv oldu.
Fars millətçiliyi çətiri altında dayananlar monarxiyanı İran üçün tarixi və mədəni baxımdan ən uyğun idarəetmə üsulu hesab edir və Skandinaviya monarxiyası qəbilindən “balanslaşdırılmış”, konstitusiyalı, parlamentli monarxiyanı müdafiə edirlər. Şahçılar və İslam Respublikasının uzlaşdığı mühüm məsələ milli birlik məsələsidir. Onlar (biri islamist, digəri sekulyar fars millətçiliyi ilə) məzlum xalqların mübarizələri ilə hesablaşmır, habelə fürsət olan kimi bunların zorakılıqla yatırılmasının zəruriliyini müdafiə edirlər. Şahçıların proqramlarında kürd, türk, bəluc, ərəb və digər məzlum xalqlarla bağlı bir sətir də yoxdur. Lakin homoseksualların hüquqları Qərb auditoriyasına yaltaqlanmaq üçün mühüm rol oynaya bilir. Hazırda üsyanın ən mübariz ünsürlərindən olan kürdlər və bəluclar məhz bunlardan və öz tarixi təcrübələrindən çox yaxşı bilirlər ki, Şah rejimi onların milli hüquqları nöqteyi-nəzərindən İslam Respublikasından da pis olacaq.
Uğursuz inqilab
1979-cu il inqilabının ən nəhayətdə onu İslam Respublikasına gətirib çıxaran uğursuzluğunun göstəriciləri arasında ölkədən didərgin salınan burjua müxalifətinin ölçüyəgəlməz dəbdəbəli həyatı da var idi. İnqilab şah dövründə azad səltənət sürən burjuaziyanın kapitalını müsadirə edə bilməmiş, bu pulların xaricə çıxarılmasına mane ola bilməmişdir. Azlıqda qalan solu çıxmaqla, xaricdəki burjua müxalifəti mediası istər şahın ailəsindən mütəmadi müsahibələr almaqla, istərsə də onlara köhnə titullarla (“şəhzadə”, “mələkə” və s.) müraciət etmək yolu ilə səltənətin xatirəsini diri saxlamağa, nüfuzunu qorumağa çalışır. “Independent Farsi”, “Kayhan London”, “Manoto TV” kimi media qurumlarının hamısı Pəhləvi ailəsindən maddi yardım alırlar. Həmçinin, təbii ki, Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən “Iran International” kimi məşhur media qurumu da monarxiyanı tərifləmək fürsətini heç bir zaman əldən verməz!
“Xalq” Mücahidləri
İran rejiminin ən mütəşəkkil “sol” müxalifi olan Xalq Mücahidləri isə hesab edir ki, İranda heç bir sekulyar rejim mümkün deyil. Bu təşkilat uzun illər İraqda Səddamın himayəsi altında mövcudluğunu qoruya bilmiş, ABŞ-ın İraqı işğal etməsindən sonra antiimperialist mövqeyini tərk edərək ABŞ-ın himayəsi altında Albaniyada yeni bazasını qurmuşdur. Xalq Mücahidləri silahlı mübarizəyə əsaslanan proqramlarına müvafiq olaraq, xüsusilə də 80-ci illərdə İslam Respublikası rəsmilərinə qarşı çoxlu sui-qəsdlər həyata keçirmişdir. Əksəriyyət tərəfindən terror təşkilatı kimi qiymətləndirilsə də, gənclər arasındakı mövcudluğu davam edir və müxalifətin çox mühüm bir hissəsini təşkil edir.
“Xəlvəti azadlıqlar”dan imperializm marianetkasına
Əvvəllər xaricdə İslam Respublikasını duruya çıxartmağa çalışan, sonralar rejimin reformist qanadından ayrılan bir qrupun mənsubları bu gün “radikal” müxalifətçilərə çevrilmişdir. Onlardan biri də Masix Alinecaddır. Mühacirətdən sonra illər boyu könüllü şəkildə başını bağlamasına baxmayaraq, qəfildən başını açaraq və “feminist”ə çevrilərək özünü İranda qadınların başçılıq etdiyi inqilabın lideri hesab edir. Halbuki uzun müddət “xəlvəti azadlıqlar” adlı bir kampaniya apararaq icbari hicab əleyhinə tamamilə passiv bir müqaviməti təbliğ etmişdir. Hazırda sabiq CIA direktoru Pompeodan turmuş Fransanın sevilməyən prezidenti Makronadək, nə qədər qadın düşməni, sağçı siyasətçi varsa, onlara baş çəkərək xoş niyyət və havadarlıq axtarır. O öz strategiyasını düz-düzünə elan edir: Qərbin imperialist dövlətləri İrana silahlı müdaxilə etməlidirlər. Digər bir aparıcı fiqur isə iranlı-britaniyalı Hollivud aktyoru aktivist Nazanin Bünyadidir. İran İnsan Hüquqları Mərkəzinin icraiyyə komitəsinin üzvü və 2009-cu ildən Beynəlxalq Amnistiya Təşkilatının məşhurlardan təşkil etdiyi “səfirlər”dən biri olan bu şəxsiyyət hər fürsətdə İrana qarşı iqtisadi sanksiyalara, eləcə də imperialist ölkələrin müdaxiləsinə çağırır.
Xaricdə yüz minlərin nümayişi
Kanada əsilli iranlı yazıçı və stomatoloq Xamed Esmailion 2019-cu ildə Ukraynaya gedərkən İran dövləti tərəfindən yanlışlıqla vurulmuş mülki təyyarənin mərhum sərnişinləri üçün təşkil olunan ədalət kampaniyasının aparıcı təşkilatçısıdır. Ailəsini bu qəzada itirmişdir. O, son 43 ildə xaricdə həyata keçirilmiş ən kütləvi nümayişləri təşkil etməyə müvəffəq olub. Bu nümayişlərdə çox müxtəlif qruplar: İran Kürdüstanının müstəqilliyi uğrunda mübarizə aparanlardan Cənubi Azərbaycan hərəkatına, monarxistlərdən solçulara, hər kəs öz bayraqları ilə, öz şüarlarını səsləndirərək iştirak edirdi. Təbii ki, toqquşmalar baş verib, amma çox nadir hallarda hansısa qrup yürüşlərdə iştirak etməkdən imtina etmişdir. Bunlar həmçinin İran diasporu daxilində olanların siyasi mənsubiyyət və əqidələrini daha aydın şəkildə nümayiş etdirmələrini təmin etmişdir.
Monarxistlər bu gün baş verən üsyanın bir sıra aparıcı siyasi fiqurlarını da öz tərəflərinə çəkməyə nail olublar. Bunun bariz nümunəsi yuxarıda adı çəkilən Masix Alinecad və Xamed Esmailionla yanaşı, İngiltərə vətəndaşı iranlı aktyor Nazanin Bünyadi və nüfuzlu keçmiş futbolçu Ali Kariminin Rza Pəhləvi ilə birgə hərfi-hərfinə eyni yeni il mesajını eyni anda sosial mediada paylaşmaları hadisəsidir. Məqalənin əvvəlindəki fotoşəkil də məhz bunu göstərir.
İran xalqının gözündə mühacir müxalifəti
Mütəşəkkillikdən məhrum bir şəkildə küçələri dolduran xalq yaxşı bilir ki, özündən qeyri bir xilaskarı yoxdur. Bunu bilavasitə küçələrdə gedən mübarizə ilə tərcübədə öyrənir. Qərbyönlü media diplomatik sanksiyalara sövq etməklə, edamlara qarşı “siyasi hamilik” elan etməklə, dolayısı ilə xalqın iradəsinə məhəl qoymayaraq üsyanları daha passiv bir zəminə doğru yayındırmağa çalışır. Lakin xalq göz qabağında olan bir həqiqəti görür: qətliamların və siyasi edamların qarşısını almaq üçün yeganə qüvvə onun öz qüvvəsidir. Odur ki, Birləşmiş Millətlər Təşkilatının iclaslarından tutmuş imperialist ölkələrinin parlamentlərinə qədər sürünənlərin, bütün fəaliyyəti imperialistlərə hərbi müdaxilə üçün yalvarmaqdan ibarət olanların xalqın gözündə heç bir dəyəri yoxdur.
Buna görə də İran xalqı fabriklərdə, iş yerlərində, məktəblərdə və məhəllələrdə indilik xırda və məhəlli olsa da, özünə məxsus olan təşkilatları qurmağa səy göstərir.