Yoldaşımız Həsən Rafiq tərəfindən əslən türkcə yazılmış bu məqalə DİP (İnqilabçı Fəhlə Partiyası) mərkəzi mətbuat orqanı “Gerçek” (Həqiqət) qəzetinin veb-saytında 9 yanvar 2022-ci ildə dərc olunmuşdur. O vaxtdan bəri baş verən heç bir şey məqalədə təqdim olunan təhlili təkzib etmədiyinə görə Azərbaycan dilinə tərcümə edilərək burada da dərc olunur.
Aksiyaların başlanğıcı: proletar Qərb
Qazaxıstan təzə ilə kütləvi etiraz aksiyaları ilə başladı. Yanvarın 2-də başlayan aksiyalar artıq ilk həftəsini başa vurarkən bir çox məsələ barədə hələ də dürüst məlumatlar əldə etmək mümkün deyil. Bununla belə, günbəgün toz-duman dağılır, hadisələrin başlıca cəhətləri aşkara çıxmağa başlayır. Biz də belə bir şəraitdə Qazaxıstan siyasətinin ən xırda təfərrüatları barədə məlumatlı olduğumuzu iddia etmədən ilkin hadisələrə və mümkün gedişata dair təəssüratlarımızı bölüşməyi mənalı hesab edirik.
Aksiyalar 2 yanvarda ölkənin sənaye proletariatının, xüsusilə də neft sənayesi fəhlələrinin cəmləşdiyi qərb hissəsində, Mangistau vilayətində (qazaxca Manğıstav Oblısı) yerləşən Janaozen şəhərində başladı (bunun niyə əhəmiyyət daşıdığına bir azdan qayıdacağıq). Aksiyaların başlamasını təhrik edən qığılcım regiondakı maye yanacaq qiymətlərinin 60 təngədən 120 təngəyə qalxması oldu. Bu artım avtomobilləri ilə işə gedib-gələn fəhlələrə birbaşa zərbə demək idi. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, etiraz aksiyalarının başlanğıc nöqtəsi Fransadakı sarı jiletlilər hərəkatı ilə ümumi oxşarlığa malikdir. Lakin məlum olur ki, Mangistau vilayətinin iqtisadiyyatı məhz neftə, yəni maye yanacağın xammalına əsaslandığı üçün bu qiymət artımı fəhlələrdə haqlı olaraq daha böyük bir qəzəbə səbəb olmuşdur.
Aksiyalar yanvarın 3-dən 4-nə keçən gecə regionun iqtisadi cəhətdən can damarı hesab olunan Tengiz (“dəniz” deməkdir) neft emalı zavodunda məşru bir tətilə çevrildi. İqtisadi həyatı bu neft emalı zavodu və neft yatağına əsaslanan Janaozen və Aktau (Ağdağ deməkdir) şəhərləri sürətlə aksiyanın mərkəzi qərargahına çevrildilər. Hakimiyyət orqanları başlanğıcda tətilçilərə qarşı barışmaz mövqe nümayiş etdirirdilər. Onlar öz ilk bəyanatlarında yanacaq qiymətinin azad bazarda müəyyən olunduğunu və buna görə də əl-qollarının bağlı olduğunu, “bazarın danışdığını” böyükyana şəkildə qeyd etdilər.
Bazar danışmışdı, amma fəhlələrin də deyiləsi sözü var idi. Elə ki yanvarın 4-də başlayan tətil vüsət almağa və aksiyalar iri şəhərlərə sirayət etməyə başladı, Qazaxıstan burjuaziyası dərhal geri addım atdı. Nəinki artımı ləğv etdilər, habelə qiyməti 60 təngə olan köhnə səviyyədən də aşağı, 50 təngəyə endirdilər! Deməli, fəhlə işi dayandıranda dəyişməz adlandırılan qiymətlər dəyişirmiş! Bununla da kifayətlənməyərək Qazaxıstan hökuməti 5 yanvarda Janaozendəki qaz emalı zavodunun məsul şəxsinin həbs olunduğunu elan etdi. Amma artıq aksiyalar digər şəhərlərə yayılmış, tətillər ölkəmiqyaslı bir üsyana çevrilməyə başlamışdı.
Bu məqamda bir az ayaq saxlayıb etiraz aksiyalarının başlanğıc nöqtəsinin Qazaxıstan siyasi coğrafiyasında nə məna kəsb etdiyinə toxunaq. Tengiz neft yatağını bir az əvvəl qeyd etdik. Ümumiyyətlə, neft və təbii qaz istehsalı Mangistau və qonşusu Atırau vilayətlərinin iqtisadiyyatında çox böyük bir yer tutur və həmin sektorlarda işləyən fəhlələr bu regionun həlledici qüvvəsini təşkil edir. Neft sənayesi işçiləri və regionun fəhlə sinfinin böyüklüyünü başa düşmək üçün qısa müddət əvvəl Atıraudakı Tengiz neft emalı zavodunun birdəfəlik qırx min fəhləni ixtisar etməsini xatırlatmaq belə kifayətdir. Bu səbəbdən regionda diqqətəlayiq bir sinfi mübarizə ənənəsi var. 2011-ci ildə məhz hazırkı aksiyaların başladığı Janaozendə neft fəhlələri tətilə çıxmış, ən azı 14 fəhlə sonrakı qarşıdurmalarda polisin əli ilə sinfi mübarizədə şəhid olmuşdu. Beləliklə, biz həm mövcud vəziyyəti, həm də onun arxa planını qısaca qeyd edərək Qazaxıstandakı tərəflərdən birincisini müəyyən etdik: proletar Qərb.
Almatı və Nur-Sultan
Başlanğıcda Qərbi Qazaxıstana əsaslanan aksiyalar sürətlə başda Almatı olmaqla, iri şəhərlərə yayıldı. Nur-Sultan, Almatı və digər şəhərlərdə xalq haqlı tələbləri ilə küçələrə axışdı. Böyük-kiçik, yaşlarından asılı olmayaraq minlərlə insan aksiyalara qoşuldu. Hakim Nur Otan Partiyasının (görünür, 11 partiyanın koalisiyası kimi fəaliyyət göstərir) büroları ictimai qəzəbin xüsusi hədəfinə çevrildi. Bütün bunlara baxmayaraq, xüsusilə ölkənin ən böyük şəhəri olan Almatı ilə ölkənin paytaxtı Nur-Sultan (əvvəlki adı ilə Astana) arasında aksiyaların gedişatı baxımından mühüm fərqlər var.
Almatıda aksiyalar heyrətamiz, hətta şübhə oyadan bir sürətlə silahlandı. Hələ yanvarın 5-də sosial şəbəkələrdə yayılan və Almatı mənşəli hesab olunan videolar əsgərlərin etirazçılar tərəfindən saxlanılmasını nümayiş elətdirirdi. Başa düşürük ki, xüsusilə Qərb mediasından gələn məlumatlara təmkinlə yanaşmaq lazımdır. Amma belə bir təsəvvürün yaranmaması da mümkün deyildi ki, Qazaxıstan hökuməti şəhər üzərində nəzarəti itirib və ya ən azı itirmək ərəfəsindədir. Rus mediasında yayılan və insanlara təsadüfi avtomobillərdən etirazçılara uzun lüləli silahların paylanıldığını göstərən video kadrlar olduqca çaşdırıcı idi.
Aydındır ki, mediada xeyli dezinformasiya var. Buna baxmayaraq, Almatı qüvvələrinin xüsusilə ölkənin qalan hissəsi ilə müqayisədə qeyri-adi bir sürətlə silahlanması diqqətəlayiqdir. Almatıda belə bir gücə malik təşkilat və ya təşkilatlar olduğunu düşünmək üçün heç bir səbəb yoxdur. Təslim olan əsgərlərin sayı silahlanmanın sürətini heç bir şəkildə izah edə bilməz. Belə bir şəraitdə nəqliyyat vasitələrindən paylanılan kalaşnikov kadrları Qazaxıstan dövləti içərisindəki mümkün klanlararası mübarizəni ağla gətirir. Hər hansı bir anlaşılmazlığa yol verməmək üçün qeyd edək ki, Almatı daxil olmaqla, aksiyaların başlaması və ya vüsət almasını sadə bir konspirasiya nəzəriyyəsi ilə izah etmək mümkün deyil. Əksinə bizdə belə bir təssürat yaranır ki, burada Suriyaya bənzər bir dinamika var. Suriyada xalq üsyanının mürtəce vətəndaş müharibəsinə çevrilməsi altı ay çəkmişdi. Görünür, Almatıda xeyli sürətlə işləyən eyni dinamika bu məqalənin yazıldığı 8 yanvar etibarı ilə ölü doğuldu. Rusiyanın yaxın müttəfiqi olan Qazaxıstanı başda ABŞ olmaqla, imperialistlərin diqqətlə izlədiyini təxmin etmək elə də çətin deyil. Belə ki, mümkün bir vətəndaş müharibəsi baş verərsə, onlar bunu regiondakı nüfuzlarını artırmaq üçün fürsət biləcəklər. Lakin indiyədək baş verənlərdə imperializmin birbaşa rolunun olduğunu göstərən heç bir məlumata malik deyilik. Hazırkı mərhələdə daha mümkün görsənir ki, Almatıdakı hadisələrin gedişatını müəyyən edən Qazaxıstan içərisindəki klanlardan birinin manevrıdır. Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri və köhnə Baş nazir Kərim Məsimovun 8 yanvarda “dövlətə xəyanət” ittihamı ilə həbs olunması da bu təəssüratımızı gücləndirir. Əgər bu dinamika inkişaf etsə və iki mürtəce klan arasında sözün əsil mənasında bir vətəndaş müharibəsi başlasa, imperializmin döyüşən qüvvələrdən biri vasitəsilə ölkəyə müdaxiləsini gözləmək lazımdır. Çox güman ki, imperializm taleyini Rusiyaya bağlamış görünən Tokayev qarşısındakı Almatı qüvvələrini seçəcəkdir.
Ölkənin paytaxtı Nur-Sultanda isə vəziyyət kəskin şəkildə fərqlənir. Etiraz aksiyaları Nur-Sultana sirayət etmiş olsa da, görünən odur ki, dövlət qüvvələri burada nümayişlər başlayandan bəri nəzarəti itirməyib. Dövlətin mətbuat orqanları “terroristlərin” şəhərdəki bir sıra hücumlarından danışır, həmçinin hakim Nur Otan Partiyasının bürolarının yandırıldığı kadrlar da internetdə dolaşır. Amma Almatıdan fərqli olaraq silahlanıb şəhərin müəyyən hissələrini faktiki olaraq nəzarət altına ala biləcək bir qüvvə Nur-Sultanda meydana çıxmadı. Əgər hökumətin bəyanatları doğrudursa və həqiqətən də bir növ partizançılıq metodları ilə həyata keçirilən silahlı hücumlar Nur-Sultanda başlayıbsa, bu, bizim Qazaxıstanda Suriya tipli dinamikanın klanlar vasitəsilə inkişaf etməsi ilə bağlı mülahizəmizi təsdiqləyir.
Belə bir ayrılığın səbəbləri hesab oluna biləcək müəyyən başlıca ünsürləri bilirik. Sovet İttifaqının dağılmasından bu yana Qazaxıstan içərisindəki başlıca gərginlik paytaxt Nur-Sultanın yerləşdiyi şimal ilə ölkənin ən böyük şəhəri olan Almatının yerləşdiyi cənub arasında olmuşdur. Etnik rus əhalisinin çox böyük bir milli azlıq təşkil etdiyi, hətta bəzi regionlarda əksəriyyət olduğu şimaldan fərqli olaraq, Cənubi Qazaxıstanda etnik qazax əhalisi çox böyük əksəriyyəti təşkil edir (yeganə istisna iri bir metropolis olduğuna görə Almatı şəhəridir, amma Almatını əhatə edən bütün Cənubi Qazaxıstan üçün bu təsbit qüvvədə qalır). Odur ki, 1994-cü ildə ölkənin paytaxtının Almatıdan şimaldakı (indiki adı ilə) Nur-Sultana köçürülməsi rusların əksəriyyət təşkil etdiyi şimalda yarana biləcək separatizm meyillərinin qarşısını almaq üçün atılmış bir addım idi. Buna baxmayaraq, etnik rus əhalisinin etiraz aksiyalarından kənar gəzdiyi anlaşılsa da, biz son hadisələrdə rus-qazax gərginliyindən danışmaq üçün heç bir səbəb görmədik. Ayrılığın mənbəyi, böyük ehtimalla, müxtəlif klanların şəhər hüquq-mühafizə orqanları və mafiyaya nəzarət etmələridir. Qeyd edək ki, əşirətlər və klanlar arasındakı mübarizəni əvvəllər Qırğızıstanda da görmüşük.
Bütün bunlar bizə proletar Qərbdən sonra Qazaxıstandakı digər iki böyük tərəfi də verir: Qasım-Comərd Tokayevin rəhbərlik etdiyi Nur-Sultan mərkəzi hökuməti və Almatıya əsaslanaraq cənubda hələ təşəkkül mərhələsində olan klan və ya klanlar.
Rusiya, KTMT, imperializm
Etiraz aksiyalarının bütün ölkəyə yayılıb kütləvi hal almağa başladığı 5 yanvar tarixində Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev istefa vermədiyini və Qazaxıstanda qalacağını bəyan etdi. Bununla yanaşı, Nazirlər Kabinetini istefaya göndərdi, Nazarbayevi Milli Təhlükəsizlik Şurasının rəhbərliyindən uzaqlaşdırdı və ən əsası Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Qazaxıstandakı terrorist hücumların qarşısını almaq üçün ölkəsinə dəvət etdi. KTMT məsələsinə qayıdacağıq, lakin bəyanatın yetərincə diqqət yetirilməyən bir başqa cəhətini də qeyd etmək istəyirik. İlk növbədə konteksti verək. Ölkəni uzun illər idarə edən Nursultan Nazarbayev 2019-cu ildə prezidentlik daxil olmaqla, vəzifələrindən istefa vermişdi. Bu postu təhvil alan Tokayevin vəzifəsinin əsasən simvolik olduğu, əslində ölkənin faktiki idarəsinin Nazarbayevin əlində olduğu ekspertlər tərəfindən tez-tez iddia edilirdi. Bizdə belə bir qənaət var ki, 5 yanvarda Tokayevin həmlələrinin başlıca səbəblərindən biri də Nazarbayevin cilovunu çəkmək və xüsusilə də Rusiyanın nəzdində mötəbər tərəfdaş kimi öz mövqeyini möhkəmləndirmək səyidir.
Belə ki, 5 yanvarda Tokayev yuxarıdakı bəyanatı verərkən Nazarbayev və ailəsinin ölkəni tərk etməsi ilə bağlı dedi-qodular yayılmışdı. 5 yanvardan 8 yanvara qədər, başda rus mediası olmaqla, Nazarbayevin Bişkekə, Moskvaya və ya Əbu-Dabiyə qaçdığını yazırdılar. Nazarbayev isə ayın 8-nə qədər susqunluğunu qorudu. Belə bir şəraitdə ola bilsin ki, Tokayev həm ölkədə qaldığını və hakimiyyəti əlində saxladığını vurğulayaraq, həm də özünü Rusiyanın adamı kimi təqdim edərək hakimiyyətini möhkəmləndirmək istəmişdir.
Tokayevin müraciətinə 6 yanvar səhəri Rusiya və KTMT müsbət cavab verdi. Nəticə etibarı ilə KTMT (KTMT Sovet İttifaqının dağılmasından dərhal sonra 1992-ci ildə qurulan, daxilində altı köhnə Sovet respublikasının: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın olduğu ümumi bir təhlükəsizlik təşkilatıdır. Bu, KTMT-nin bu tipli ilk əməliyyatıdır) ölkəyə qoşun yeritməyə başladı. Əlimizdəki məlumatlar məhdud olsa da, bildiklərimiz KTMT çərçivəsində də Qazaxıstan məsələsinə yanaşmada müəyyən fərqlər və gərginliklər olduğunu deməyə əsas verir. Aksiyaların başlanğıcında Rusiyadan gələn çox mötədil – “bu, Qazaxıstanın daxili məsələsidir” minvallı – bəyanata baxmayaraq, Belarus Respublikası Prezidenti Lukaşenko 6 yanvar tarixli çıxışında çox sərt danışaraq Qazaxıstanı NATO-nun xeyrinə itirə bilməyəcəklərini dedi.
Daha əvvəl qeyd etdiyimiz kimi, ABŞ imperializminin Qazaxıstan kimi Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən bir ölkədəki hadisələri diqqətlə izlədiyini, fürsət pəncərəsi axtardığını təxmin edə bilərik. Qazaxıstanda məşhur Baykonur kosmodromu daxil olmaqla, bir çox rus hərbi və logistika obyektləri yerləşir. Nazarbayevin dövründə Qazaxıstan Rusiya ilə münasibətlərini pozmadan ABŞ-la yaxınlaşma prosesinə daxil olmuş, bu, Nazarbayevdən sonra Tramp-Tokayev danışıqları ilə davam etmişdi. İndi qarşılaşdığı böhrana cavab olaraq KTMT-ni ölkəsinə dəvət edən Tokayev taleyini Rusiyaya bağlamış oldu. Belə olan halda imperializmin mümkün bir vətəndaş müharibəsində Tokayevə qarşı bərabər hərəkət edə biləcəyi bir qüvvə axtaracağını və ya əgər Tokayev və KTMT qayda-qanunu uğurla bərpa edə bilsələr, Tokayev ilə yaxınlaşma yolunu seçəcəyini gözləmək olar. Qazaxıstandakı hadisələr vətəndaş müharibəsinə doğru inkişaf edərsə, belə bir fürsət yaranarsa, Ukrayna və Suriyadan sonra üçüncü cəbhə açaraq Rusiyanı bataqlığa sürükləmək imperializm üçün ölkədəki iqtisadi maraqlarını qorumaqdan daha səmərəli ola bilər. Bunu hər an göz önünə almaq lazım gəlsə də, hazırkı mərhələdə imperializmin meydandakı tərəflərdən birinə birbaşa nəzarət etməsini göstərən hər hansı bir əlamətin olmadığını qeyd etmək lazımdır.
Mövcud vəziyyət və perspektivlər
7 yanvara qədər ölkədəki qüvvələr nisbəti mərkəzi hökumətin xeyrinə dəyişib. Bunda KTMT-nin Qazaxıstana qoşun yeritməyi qəbul etməsinin rolu hərbi olmasa da, siyasi cəhətdən çox böyükdür. KTMT qüvvələri Qazaxıstana daxil olsalar da, hazırkı mərhələdə hələ heç bir hərbi əməliyyatda iştirak etmədikləri görünür. Lakin çox güman ki, Rusiyanın hərbi dəstəyini ardına alan Tokayev dövlət və ordu daxilində səndələməyə hazır ünsürlər üzərindəki nəzarətini möhkəmləndirib. Qeyd edək ki, 5 yanvarda mediada əks olunan və bir sıra hərbi birliklərin aksiyaçıların tərəfinə keçməsini göstərən kadrlar KTMT müdaxiləsi başladıqdan sonra bildiyimiz qədəri ilə təkrarlanmayıb. Başqa sözlə desək, Tokayev qısa müddətdə KTMT-nin köməyi ilə Qazaxıstan ordusunun içərisindəki bu fraksiyalararası müharibəyə başlamadan son qoymuş ola bilər.
Odur ki, Qazaxıstan ordusunun həyata keçirdiyi əməliyyatlardan sonra Tokayev yanvarın 7-də ölkə ərazisində asayişin əksərən bərpa olunduğunu bəyan edib, bununla yanaşı, bir sıra simvolik addımlar da atıb: buna əsasən 10 yanvarda əməliyyatlarda həlak olanlar üçün milli matəm elan olunacaq, 11 yanvarda isə Tokayev yeni Baş naziri vəzifəyə təyin edəcək. Yəni Tokayevə görə, hazırda azalmaqda olan qarşıdurmalar həftənin əvvəlindən etibarən büsbütün sona çatacaq, matəm prosesi başlayacaq, hökumətin yanvarın 11-də təyin olunması yeni bir dövrün başlanğıcını qoyacaq.
Gələn xəbərlərdən aydın olur ki, Tokayevin planlarını həyata keçirməsi çox güman mümkün olacaq, Qazaxıstan ordusu münaqişələrin mərkəzinə çevrilən Almatı da daxil olmaqla, bütün ölkədə nəzarəti bərqərar edəcək. Lakin həm dövlət daxilindəki klanların manevrlarını proqnozlaşdırmağın çətin olması, həm də imperializmin hələ meydanda deyilsə belə, ayıq-sayıq olması onu göstərir ki, gedişatın dəyişməsi və Suriya tipli bir vətəndaş müharibəsinin meydana çıxması ehtimalını tamamilə nəzərdən qaçıra bilmərik.
Bu dalandan çıxa biləcək yeganə qüvvə Qərbi Qazaxıstanda cəmləşmiş və etiraz dalğasının əsasını qoyan fəhlə sinfidir. Amma, əfsus ki, Qazaxıstan fəhlə sinfi bu kritik döngəyə malik ola biləcəyi ən böyük silahdan, yəni müstəqil bir təşkilatdan məhrum şəkildə daxil olur. Halbuki şimaldakı mərkəzi hökumət çox güclü bir təşkilata, yəni dövlət aparatına, cənubdakı qüvvələr isə, güman ki, mafiya dəstəkli bir struktura əsaslanır. 2015-ci ildə Qazaxıstan Kommunist Partiyasının qadağan olunduğu ölkədə neft və təbii qaz yataqlarında mütəşəkkil bir fəhlə sinfi partiyasının və ya həmkarlar ittifaqının yoxluğu proletar Qərbi şimal və cənub irticaçı klanları arasındakı mümkün bir mürtəce vətəndaş müharibəsi tənliyini pozmaq şansından məhrum edir. Ən azı hazırkı mərhələdə Sudan inqilabında yaranan müqavimət komitələrinə oxşar bir qüvvənin ortaya çıxmaması da bu təəssüratı möhkəmləndirir. Qazaxıstanın çıxılmaz vəziyyəti bizə xatırladır ki, fəhlə sinfinin öz müstəqil təşkilatına çörək qədər, su qədər ehtiyacı var.