"Xristo Rakovski Beynəlmiləlçi Sosialist Mərkəzi"nin və RedMed.org veb-saytının çağırdığı və 25-26 iyun 2022-ci il tarixində keçirilən "Ukraynada NATO-nun vəkalət müharibəsinə qarşı Fövqəladə Beynəlxalq Müharibə Əleyhinə Konfrans" şübhə yoxdur ki, mühüm bir siyasi hadisə oldu.
22 may 2022-ci ildə Rakovski Mərkəzinin Hazırlıq İclasında qəbul olunan konfrans qərarına və 1 iyulda Rakovski Mərkəzi tərəfindən elan edilən dəvətə bütün dünyadan və müxtəlif ənənələrdən çox sayda inqilabçı sol və kommunist partiya, təşkilat, hərəkat, marksist nəzəri jurnal və müstəqil mübariz şəxslər müsbət cavab verdilər. Bütün qitələrdən (Şimali Amerika və Latın Amerikası, Avropa, Afrika, Asiya, Avstraliya) və 26 ölkədən çox sayda iştirakçının konfransın iki gün davam edən gərgin işində iştirak etməsi bunu sübut edir.
Hər şeydən əvvəl dünya siyasətinin çöhrəsini dəyişdirən bu böhranın müharibə cəbhəsində birbaşa iştirak edən və ya təsirlənən ölkələrdəki marksist partiyalar, təşkilatlar və mübarizlərin konfransda iştirak etməsi diqqəti cəlb etdi. Ukraynadan və Rusiya Federasiyasından, habelə Belarus və keçmiş Sovet ölkələrindən iştirakçılar konfransda iştirak etdilər: Orta/Şərqi Avropadan Polşa, Macarıstan, Bolqarıstan, Qafqazdan və Orta Asiyadan isə Azərbaycan və Özbəkistan.
Bundan əlavə, bütövlükdə Avropadan Finlandiya, İtaliya, Fransa, İspaniya, Britaniya və Yunanıstan konfransda iştirak etdi.
Şimali Amerika və Latın Amerikasından isə ABŞ, Kuba, Venesuela, Braziliya və Argentina təmsil olundu.
Afrika, Orta Şərq və Asiyadan Cənubi Afrika, Əlcəzair, Livan, Fələstin, İran və Türkiyə deleqatları da konfransda idilər.
Avstraliya da konfransda iştirak edən ölkələr arasında idi.
Fəhlə demokratiyasının ən yaxşı ənənələrinə uyğun formada çox müxtəlif baxışlar müstəqil şəkildə təmsil olundu. Yenə bu nöqteyi-nəzərə müvafiq olaraq konfransa təqdim olunan bütün yazılı sənədlər nəşr olunacaq və iki günlük konfransın video qeydiyyatı ictimaiyyətə təqdim olunacaqdır.
Xristo Rakovski Mərkəzinin Ukraynadakı NATO-nun vəkalət müharibəsi siyasətinə dair konfransa təqdim olunan ilk siyasi raporta əsaslanaraq bir konfrans bəyanatının elan edilməsinə qərar verildi. İştirakçıların əksəriyyəti bəyanatın layihəsini dəstəklədi. Mətnə bir sıra dəyişikliklər edildi. Digər dəyişiklik təkliflərinin isə 2022-ci ilin növbəti aylarında keçirilməsi nəzərdə tutulan müharibə məsələsinə dair başqa bir beynəlxalq konfransın hazırlanması kontekstində daha çox müzakirə edilməlidir.
Fələstinli siyasi məhbuslar, Ukrayna həbsxanalarındakı minlərlə solçu və Rusiyada kommunistlərin məruz qaldığı təzyiq məsələləri haqqında bir bəyanatın elan edilməsinə də qərar verildi
Bir sonrakı beynəlxalq konfransa gedən yolda bir manifest hazırlanacaq.
Xristo Rakovski Beynəlxalq Sosialist Mərkəzi və RedMed
iyul 2022-ci il
Beynəlxalq antiimperialist və müharibə əleyhinə bəyanat
-
Ukraynada müharibənin səbəb olduğu dağıntılar dörd aydan artıqdır ki, bir çıxış yolu müşahidə edilmədən davam edir. Ukraynada və dünyada milyonlarla günahsız insan isə bunun üçün böyük əvəz ödəyir. Bu faciənin sona çatmasının qarşısını alanlar müharibənin əsas günahkarları, Amerika imperializmi və NATO-dur.
Atəşkəs çağırışları və diplomatik danışıqlar istiqamətindəki bütün səylər məhz bu günahkarlar tərəfindən sabotaj edilir. NATO-nun baş katibi Yens Stoltenberq “Ukrayna yorğunluğu” və “illərlə davam edəcək müharibə” istiqamətində ifadələr işlədib. Həmin həftə sonu Kiyevə səfər edən Böyük Britaniyanın baş naziri Boris Conson da “uzun bir müharibə” istiqamətində oxşar çıxışla yadda qalıb. ABŞ, Böyük Britaniya və NATO-nun açıq şəkildə dilə gətirdikləri məqsəd ABŞ-ın müdafiə naziri Lloyd Ostinin 25 aprel 2022-ci ildə Kiyevə səfəri zamanı dediyi kimi, “Rusiyanın hərbi cəhətdən daha da zəifləməsini təmin etmək” və ABŞ prezidenti Cozef Baydenin pis şöhrətli məşhur Polşa nitqində “Allah xatirinə, bu adam hakimiyyətdə olmamalıdır” sözləriylə ağzından buraxdığı kimi Moskvanı rejim dəyişikliyinə məcbur buraxmaqdır.
Müharibənin uzanması sadəcə olaraq dövlətlərin qarşılıqlı olaraq bir-birlərini zəfilədəcəyi müharibə, fasiləli bərabərlik və ya uzun müddətli pat durumunun olması demək deyil. Əvvəla, bu, münaqişənin getdikcə daha da qəddarlaşaraq kəskinləşəcəyi, beynəlxalq arenaya yayılacağı və tədricən yer üzündə bütün insan həyatını təhdid edəcək termo-nüvə təhlükəsinə çevrilə biləcəyi deməkdir.
Ukraynadakı müharibə çürüməkdə olan imperialist kapitalizmin dərinləşən böhranının yaratdığı tarixi qırılma nöqtəsinin göstəricisidir və dünyanın siyasi və ictimai quruluşunu dəyişdirir. Bu müharibə dünyanı III Dünya Müharibəsinin və nüvə apokalipsisinin astanasına gətirib çıxarıb. Beynəlxalq fəhlə sinfinin və məzlumların başlıca və ən təxirəsalınmaz vəzifəsi imperializmin məhv olmağa doğru gedən bu müharibə meylini dayandırmaq və onu ümumbəşəri azadlıq, yəni dünya sosializmi uğrunda aparılacaq inqilabi mübarizəyə çevirməkdir.
-
Məlum olduğu kimi, hər yerdə müharibənin ilk qurbanı həqiqətdir. Ancaq müharibənin baş günahkarının – böyük yalanının belə dəhşətli nəhəng miqyaslara çatdığı da çox nadir hallarda müşahidə edilir.
-
Bu müharibə ABŞ-NATO-Aİ imperializmi, onların könüllü müttəfiqləri və əsas burjua mətbuatının təsvir etdiyi kimi, “Böyük Güc” Putinin Rusiyası ilə onun işğalına müqavimət göstərən “kiçik suveren dövlət” Ukrayna arasındakı “lokal” bir müharibə deyil. Əslində, hərbi münaqişənin qeyri-bərabər, amma vahid inkişaf daxilində Avropa, Asiya, Amerika, Afrika, Avstraliya da daxil olmaqla bütün dünyaya yayılan qlobal miqyasda səbəbləri, dinamikası, ölçüləri və nəticələri var. Ukrayna hazırkı zəlzələnin episentri ola bilər, lakin böhranın əsas mərkəzi, qlobal kapitalizmin də ürəyində qərar tutan ABŞ və onun zəfiləməkdə olan dünya hegemoniyasıdır.
-
Beynəlxalq solçuların əksəriyyətinin iddia etdiyinin əksinə olaraq, bu müharibənin Ukrayna xalqının öz müqəddəratını təyin etməsi ilə heç bir əlaqəsi yoxdur. Bu iddia ilə solçuların böyük əksəriyyəti NATO-nun təcavüzünə, nasistlərin nəzarətində olan və NATO tərəfindən təlim keçmiş Ukrayna ordusunun silahlanmasına, Rusiya iqtisadiyyatının və beləliklə də dünyanın ən kasıb xalqlarının iqtisadiyyatının sanksiyalarla məhv edilməsinə haqq qazandırır.
Həqiqət budur ki, bu müharibə NATO-nun təhrik etdiyi vəkalət müharibəsidir və bu müharibədə Ukrayna xalqı Amerika imperializminin keçmiş sovet coğrafiyasını parçalamaq və onu müstəmləkə etmək və rəsmən özlərinə “strateji düşmən” kimi gördükləri Rusiya və Çini diz çökdürmək məqsədinə çatmaq üçün istifadə olunur.
Post-sovet Ukraynası onun başında duran oliqarxlar və xarici kapital tərəfindən yoxsul və müflis edilmiş, dağıdılmış, Qərb kapitalı və BVF-nin yarımmüstəmləkəsi vəziyyətinə salınmışdır və NATO-nun Rusiyaya qarşı təcavüzü üçün tramplin kimi istifadə olunur. Ukrayna ukrayna xalqını bütün sosial və milli hüquqlarından amansızcasına məhrum edən, Amerika, Britaniya və Aİ-nin maraqları ilə öz komprador maraqlarını eyniləşdirən havadarların, korrupsionen oliqarxların və neonasistlərin əlindədir.
-
Əsas imperialist diskursun iddialarının əksinə olaraq, bu müharibə Rusiyanın 2022-ci il fevralın 24-də qəfildən Ukraynanı işğal etməsiylə “təxribatsız” başlamadı. Nəticə bu yola aparan prosesdən ayrı düşünülə bilməz: 2014-cü il Maydan çevrilişi, Donbasda 14.000 insanın ölümü ilə nəticələnən səkkiz illik “hibrid” müharibə və təbii ki, NATO-nun Rusiya sərhədlərinə doğru amansız genişlənməsi. Əslində, müharibənin tarixi köklərini 1991-ci ildə Sovet İttifaqının dağılmasında axtarmaq lazımdır.
1991-ci ildə Sovet İttifaqının dağılmasından dərhal sonra Pol Volfovitz tərəfindən yazılmış 1992-ci il fevral tarixli Müdafiə Planlaması Bələdçisi adlı sənəddə ABŞ-ın əsas strateji məqsədinin Rusiyanın post-sovet dönəmində yenidən güclənməsi ehtimalının qarşısınının alınması olduğu bildirilirdi. Zbiqnev Bjezinskinin 1997-ci ildə nəşr olunmuş “Böyük şahmat taxtası” kitabı mahiyyətcə ABŞ-ın qərbyönlü marionet rejimlərin köməyi ilə Rusiyanı parçalamaq və bütün keçmiş Sovet torpaqlarını müstəmləkə etmək kimi məqsədləri strateji olaraq qəbul etməli olduğunu nəzərdə tuturdu. Ukraynaya bu fiksiyada mühüm rol verilmişdi.
NATO-nun şərqə doğru genişlənməsinin arxasında məhz bu məqsəd dayanır. 1999-cu ildə NATO müharibəsi və keçmiş Yuqoslaviyanın parçalanması imperialist Atlantika alyansının Polşa, Macarıstan və Çexiyanı da əhatə edəcək şəkildə genişlənməsi ilə üst-üstə düşdü. NATO-nun 2008-ci il Buxarest sammitində Ukrayna və Moldovanın NATO-ya daxil olması açıq şəkildə gündəmə gətirildi. “Rəngarəng” əks-inqilablar və 2014-cü il Avro-Maydan hadisələri hazırda 14 keçmiş Şərqi Avropa ölkəsini üzv kimi birləşdirən NATO-nun regionda irəliləməsi üçün mühüm vasitələr idi. Beləliklə, NATO Rusiya sərhədinə qədər irəliləmiş və bir neçə dəqiqə ərzində Moskvanı Ukraynadan raketlərlə vura biləcək hala gəlmişdir.
-
Beynəlxalq solun digər fraksiyasının iddialarının əksinə olaraq, bu müharibə “imperialistlər arası” və ya “böyük güclər” rəqabətinə əsaslanan münaqişə deyil. Solçuların bu iddiası və ondan qaynaqlanan “hər iki tərəfdən də bərabər məsafə” mövqeyinin əsasında münaqişənin və toqquşan qüvvələrin sosial mahiyyətinin tarixi səciyyəsinə zidd, tarixilikdən kənar yanaşma mövcuddur. Solun “neytrallığı” deyilən şey, əsasən, kampaniyaya hazırlaşan dünya imperializminin təzyiqlərinə uyğunlaşmaqdan və buna görə də burjua “ictimai rəyi”ni mənimsəməkdən ibarətdir.
-
2022-ci ildə Ukraynada başlayan müharibə 2008-ci ildəki maliyyə çöküşündən sonra davam edən və ardınca dünya iqtisadiyyatında ortaya çıxan depressiya və iqlim fəlakətinin yeni bir əlaməti olan Koronavirus pandemiyası şokuyla daha da dərinləşən kapitalizmin həlledilməz böhran tsiklinin ən yeni və ən barbar nişanəsidir. Hələ müharibədən əvvəl məlum idi ki, qlobal inflyasiya dalğasının qayıdışı və depressiyaya batması, borc böhranlarının və yeni defoltların dərinləşməsi, daha böyük maliyyə qeyri-müəyyənliyi və çöküşlərlə böhran daha da pisləşir. Biz indi onsuz da qeyri-sabit olan dünya vəziyyətinin kəskin şəkildə pisləşməsinin başlanğıcına şahidlik edirik. Bu dağılma həm Qlobal Cənubda, həm də Qlobal Şimalda sosial sarsıntıların, siyasi nizamsızlığın, xalq üsyanlarının, azadlıq mübarizələrinin və sosial inqilabların yeni dalğasını yaradacaq.
Qlobal kapitalist böhranı həm imperialist müharibəsinin arxasında duran əsas qüvvə, həm də imperialist mərkəzləri və müharibə kampaniyalarının altını oyan əsas elementdir.
Həm qlobal kapitalist böhranının mərkəzi, həm də müharibənin əsas aktoru olan Bayden rəhbərliyindəki imperialist Amerika özünün dünya hegemonluğunun siyasi və iqtisadi tənəzzülündən hərbi gücündən istifadə edərək çıxmağa çalışır. Lakin ABŞ-ın hərbi qabiliyyəti İraqdakı müsibət və ya 20 illik fəlakətli müharibədən sonra Əfqanıstanda Vyetnam tipli alçaldıcı məğlubiyyət kimi taleyin dramatik dönüşlərinin qarşısını ala bilmədi.
Bayden hökumətinin ASEAN sammiti və Amerika sammiti ilə Asiya və Latın Amerikasında Rusiya və Çinə qarşı müttəfiqliklərini və liderlik mövqeyini yeniləmək səyləri böyük uğursuzluqla nəticələndi.
Rusiyaya və bir nöqtədə Çinə qarşı müharibəni “demokratiya və avtokratiya arasında münaqişə” kimi təhrif edən rəsmi ritorika getdikcə daha da komikləşir və gülüş doğurur. Bunun səbəbi təkcə Amerika imperializminin keçmişdə bütün dünyada vəhşilik, zülm və təcavüzlə törətdiyi cinayətlər deyil, həm də müxalifləri qətl edən və Yəməndə soyqırım törətmiş Məhəmməd bin Salman və onun qatillər bandası idarəçiliyindəki Səudiyyə Ərəbistanı ilə cari ittifaqıdır. Yekun hökmün sübutu isə Amerikanın özündədir: 6 yanvar 2021-ci ildə paytaxt Vaşinqtonun Kapitol binasında baş vermiş faşist çevrilişi, ölməkdə olan Amerika liberal demokratiyasının qoynunda formalaşmışdı.
Birləşmiş Ştatlar sosial və siyasi cəhətdən parçalanıb və getdikcə daha çox iqtisadi böhrana sürüklənir. Bütün döyüş şövqlərinə baxmayaraq, Bayden və onun hökumətinin xalq nəzərində legitimliyi sürətlə azalır. Bu, demokratların 2022-ci ilin noyabrında keçiriləcək seçkilərdə uğursuzluğu və faşist Tramp tərəfdarı respublikaçıların intiqam şövqüylə yenidən yüksəlişə keçmə ehtimalını artırır. Bununla belə, İkinci Dünya Müharibəsindən sonra Pax Americana (Amerika Sülhü, Amerika hakimiyyəti altında sülh) nizamının dağılmasına paralel olaraq mümkün rejim böhranının qarşısını almaq üçün nə Demokratlar, nə də Respublikaçılar mütləq çoxluq təşkil edə bilirlər. İyirmi birinci əsrin əvvəllərində amansızcasına geriləyən “Kant Avropası”na qarşı “Hobbsçu Amerika”nın imperial hegemoniyasını şövqlə alqışlayan neo-mühafizəkar Robert D. Kaplan indi ABŞ-ın dünya hegemonluğunun tənəzzülü qarşısında “Amerikan Sülhündən Sonra Qlobal Münaqişə” deyə ah çəkir.
Müharibənin əsas arenası olan Avropa qitəsi və xüsusilə də imperialist Avropa İttifaqı müharibənin təsirlərinin və dərinləşən iqtisadi böhranın bilavasitə zərbələri ilə qarşı-qarşıyadır. Rusiyanın sanksiyalara reaksiya kimi bir çox Avropa ölkələrinə qaz ixracını dayandırması və müharibənin təsiri ilə yaşanan taxıl və yeyinti yağ ticarətindəki problemlər, enerji və qida böhranını dərinləşdirərək Avropanın, təxminən, hər ölkəsində, bu arada, ən çox Aİ-nin sənaye mərkəzi olan Almaniya, Fransa və borc bataqlığı içində üzən İtaliyada siyasi rejimləri sarsıtdı. Avropanın zəhmətkeş xalqının yüksək inflyasiya və ağırlaşan həyat şəraiti ilə üzləşdiyi bu dövrdə hərbi büdcələr ildırım sürəti ilə böyüyür. Almaniya İkinci Dünya Müharibəsindəki məğlubiyyətindən sonra ilk dəfə sürətli silahlanma yolunu tutdu və hərbi büdcəsini ildə 100 milyard avrodan çox artırdı. Analoji olaraq, Yaponiya Ukrayna müharibəsi başlayandan sonra, hazırda Çin və Şimali Koreyaya qarşı nüvə silahı tədarük etməyə hazırlaşaraq, Xiroşimadan sonrakı nüvə “tabusunu” qırdı.
Aİ imperialistləri (Yaponiya, Kanada və Avstraliya ilə birlikdə) Amerikanın əmrinə tabe olmaqla, Amerikanın dünya hegemoniyasının zəifləməsinə baxmayaraq, öz nisbi zəifliklərini bir daha nümayiş etdirdilər. Amma Qərbin kapitalist mərkəzləri arasındakı ittifaqların kövrək durumu və artan fikir ayrılıqları artıq göz qabağındadır. Yaxın gələcəkdə bu fikir ayrılıqları daha da güclü şəkildə gündəmə gələcək.
Bu formada bölünmüş Qlobal Şimal Qlobal Cənubun üsyanları qarşısında əvvəlkindən daha zəifdir. Heç kim unutmasın: Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiya əleyhinə səsvermədə təkcə Çin və Rusiya əleyhinə dördtərəfli ittifaqın ən mühüm üzvlərindən biri olan Hindistan deyil, həm də dünya əhalisinin böyük əksəriyyətini təşkil edən Qlobal Cənub xalqlarının təmsilçiləri ya bitərəf qaldı, ya da əleyhinə səs verdi.
-
İmperializm hazırda sürətlə böyüyən qlobal sistem böhranıyla tarixi cəhətdən çıxılmaz bir vəziyyətdədir. Bir zamanlar dünya sosialist inqilabı ən zəif halqalarda baş verməklə, iki ölkəni, Rusiya və Çini maliyyə-kapitalın qloballaşmasından çıxarmışdı. Lakin inqilab bu iki ölkədə tədricən öz yerini kapitalist restavrasiyasına verdi. İndi isə maliyyə-kapital qlobalizasiyanın tənəzzülündən sonra bu iki ölkəni yenidən tamamilə əhatə dariəsinə almaq üçün üçün müharibə tendensiyasını sürətləndirir.
İmperialist müharibəsində Amerika və NATO-nun məğlubiyyəti kapitalist əsarətindən və imperialist əsarətindən xilas olmaq üçün mübarizə aparan bütün qüvvələrin, xüsusilə, beynəlxalq fəhlə sinfinin və onun inqilabi avanqardının əsas, zəruri və təxirəsalınmaz vəzifəsidir. Ukraynada başlayan hərbi münaqişədə heç bir kommunist, heç bir sosialist, heç bir antiimperialist döyüşçü “neytral” və ya “iki tərəfdən də bərabər məsafədə” qala bilməz.
Kontekstdən çıxarılmış, formal olaraq Leninist sitatlarla bəzədilmiş “rus” (və ya “Çin”) “imperializmini” nişan verən dayaz istinadlar isə elmi, dialektik marksist təhlildən tamamilə məhrumdur. Leninin fikrinin bütün özəyi budur: imperializm siyasət və ya sadəcə olaraq milli-hərbi ekspansionizm deyil, kapitalizmin son mərhələsi, yəni imperializmin tənəzzül mərhələsidir. 2022-ci ildə “rus imperializmi” iddiaları nəinki boşdur, həmçinin özlüyündə artıq mövcud olan Qərb imperializminin müharibə təbliğatını əks etdirir.
Bizim antiimperialist mövqeyimiz kapitalist restavrasionistlərinə, rus oliqarxlarına və Putinin bonapartizminə qarşı qəti mövqeyimizdən imtina etdiyimiz mənasına gəlmir.
Məhz Sovet İttifaqının dağılması və kapitalizmin restavrasiyası imperializmin hücumuna, keçmiş Sovet ərazilərini və Çini bölmək və müstəmləkə etmək üçün aparılan müharibəyə şərait yaratmışdır.
Kapitalist sisteminin özünün böhran içində olduğu və gerilədiyi bir vaxtda kapitalizmin bərpası prosesi daim öz daxili və xarici ziddiyyətləri ilə üzləşib büdrədi: bir ovuc oliqarxa çevrilmiş bürokratın Sovet xalqının sərvətini talaması və 1990-cı illərdə Yeltsin hakimiyyətinin təlatümlü dövrləri, getdikcə Rusiyanın 1998-də defolta məruz qalmasına və ardınca 21-ci əsrin əvvəllərində əsas sektorların yenidən milliləşdirilməsinə və dövlət müdaxiləsinin artmasına əsaslanan kövrək stabilizasiya dövrünə, o da 2008-ci il dünya böhranı sonrasında uzunmüddətli iqtisadi durğunluğa təkamül etdi. Bu uzun durğunluq Rusiyanın hibrid iqtisadiyyatını Qərbin imperialist təzyiqləri və bugün Qərbin tətbiq etdiyi “iqtisadi-texnoloji Dəmir Pərdə” qarşısında tamamilə müdafiəsiz qoydu. (İndiki şəraitdə bu Dəmir Pərdə sanksiyalardan daha təsirlidir, çünki sanksiyalar kapitalist dünya iqtisadiyyatına dərindən zərbə vurmaqla ikiqat təsir göstərir.)
Mütləqiyyətçi dövlət aparatının həddindən artıq böyüməsi, onun xalqın azadlığına qarşı repressiv tədbirləri, kommunistlərə, Leninə və bolşevizmə qarşı davamlı hücumları həm daha inkişaf etmiş, aqressiv Qərb kapitalizminin təzyiqlərinin məhsuludur, həm də yarımçıq qalmış bir keçidin qarşısını alan həlledilməz daxili ziddiyyətlərin nəticəsidir. Bu çıxılmaz vəziyyətdən yeganə çıxış yolu isə özlüyündə yeni və hərtərəfli sosial inkişafa nail olmaq üçün bu daxili və xarici maneələri aşmaq məcburiyyətindədir. Kütlələrin özlərinin iştirakı da daxil olmaqla köklü dəyişiklik lazımdır: kapitalist restavrasiyasından Sosializm yoluna yeni inqilabi dönüş.
Restavrasionist rejimlər və oliqarxlar imperialist təcavüzü üzərində qələbə çalmağa nə qadirdir, nə də buna istəklidir. “Beynəlxalq əməkdaşlıq”, “çoxqütblü dünya”, “qazan-qazan müqaviləsi” və s. kimi cəfəngiyyatlarla öz xalqlarının təcavüzkar düşmənləri ilə çox çətin bir barışığa və ümumiyyətlə, mümkün olmayan harmoniyaya nail olmağa çalışırlar. Bütün bu boş sözlər köhnə və uğursuz “dinc yanaşı yaşama” və bürokratik “tək ölkədə sosializm” formullarının reinkarnasiyasıdır.
Beynəlxalq fəhlə sinfi və onun avanqardı restavrasionist rejimlərə, oliqarxlara və Bonapartlara heç bir dəstək vermədən imperialist hücuma qarşı bitərəf qalmamalı, əksinə, onu məğlub etmək üçün mübarizə aparmalıdır. Amerika və NATO-nun başçılıq etdiyi imperializmin bu gün Rusiyaya, sabah isə Çinə qarşı hərbi qələbəsi təkcə parçalanaraq yarımmüstəmləkə vəziyyətinə salınacaq Rusiya, Ukrayna və Avrasiya xalqları üçün deyil, bütün bəşəriyyət üçün fəlakət olacaq. Digər tərəfdən, dünya imperializminin strateji məğlubiyyəti təkcə dünya kapitalizmi və imperializminə qarşı mübarizəni irəli aparmayacaq, həm də kapitalist restavrasiyasının məğlubiyyəti üçün ən əlverişli şəraiti yaradacaqdır.
Bu, “Hristo Rakovski” Beynəlxalq Sosialist Mərkəzinin müharibə əleyhinə, antiimperialist inqilabi siyasətidir ki, bu ümumi xətt üzrə beynəlxalq fəhlə sinfini təcili tədbirlər görməyə çağırır.
Beynəlxalq fəhlə sinfi Rusiya və Ukraynada kütlələrin öz gələcəyini qorumaq üçün müstəqil olaraq hərəkətə keçməsi ilə faktiki həmrəylik nümayiş etdirməlidir.
Biz pasifist deyilik. Biz var gücümüzlə imperialist müharibəsinə qarşı müharibə elan etməli və aparmalıyıq. Lakin imperializmi təkcə Bonapartist dövlətin hərbi resursları ilə məğlub etmək olmaz. Oktyabr inqilabından sonra Qızıl Ordu bütün çətinliklərə baxmayaraq, kütlələrin inqilabi hərəkatı sayəsində ağların əksinqilabi və 14 xarici imperialist dövlətin ordusunu məğlub etdi. Bürokratiyaya və onun cinayətlərinə baxmayaraq, böyük nasist əleyhdarı müharibədə Sovet Qızıl Ordusuna nasizmə və imperializmə qarşı qələbəni bəxş edən şey ilhamını Qırmızı Oktyabrın ölkəsini qoruma duyğusundan alan kütlələrin təşəbbüsü, cəsarəti, hərəkəti və böyük fədakarlıqları idi.
Antiimperialist mübarizəni qalib edən faktor kütlənin müdaxiləsidir. Bununla belə, həm Rusiyada, həm də Ukraynada aparıcı elitaların, yəni Bandera faşistlərinin və Böyük Rus şovinistlərinin işinə yarayacaq dar millətçiliklə məhdudlaşmaq olmaz. Qələbəyə gedən yol aktiv proletar beynəlmiləlçiliyindən keçir. İnqilabi kütləvi mübarizə daimi xarakter almalıdır. Kapitalizmin bərpası imperialist hücumuna şərait yaratdığı kimi, imperialist hücumunun məğlubiyyəti də kapitalizmin bərpa prosesinin məğlubiyyətinə, oliqarxların mülksüzləşdirilməsinə və fəhlələrin nəzarəti altında iqtisadiyyatın sosialist yenidən qurulmasına gətirib çıxara bilər və çıxarmalıdır.
Bütün hakimiyyət bürokratsız xalis sovetlərə! Tam fəhlə demokratiyası, Sosializm naminə, dünyanın bütün inqilabi və azadlıq hərəkatlarını dəstəkləyən fəal beynəlmiləlçi siyasət uğrunda irəli!
-
Bu beynəlmiləlçi inqilabi ruha uyğun olaraq, bizim mübarizə şüarımız belədir:
NATO-nun müharibəsinə bir qəpik, bir güllə, bir əsgər yox!
İmperialist müharibəsinə qarşı müharibə! Əsl düşmən öz içimizdədir!
Ukrayna xalqının imperializmin maraqları uğrunda piyada kimi qurban verilməsinə son qoyaq!
İmperialist ölkələrin öz maraqları naminə müharibəni uzatmaq siyasətinə qarşı mübarizə aparaq!
Rusiyaya qarşı sanksiyalara yox! Silahlanmaya yox! İşğala yox!
NATO-nun Şərqi, Şimali və Cənubi Avropada genişlənməsini dayandıraq!
NATO ölkələrinin işçiləri, çıxın NATO-dan! Amma həm də NATO-nun məhv edilməsi və dünyada bütün Amerika bazalarının bağlanması üçün mübarizə aparın!
Məhv olsun imperialist Avropa Birliyi! Yaşasın Avropa qitəsinin sosialist yenidən birləşməsi! Lissabondan Vladivostoka oliqarxlar, kapitalistlər, bürokratlar olmadan yeni Sovet Sosialist Respublikaları İttifaqı üçün irəli! Donetsk və Luqansk Xalq Respublikalarının öz müqəddəratını təyinetmə hüququnu tanıyın!
Məhv olsun imperializmə, müharibəyə və köhnə sovet torpaqlarının müstəmləkəyə çevrilməsinə şərait yaradan kapitalist restavrasiyası!
Faşizmə başını qaldırdığı hər yerdə ölüm var!
Yeni bir müharibə əleyhinə Zimmervald Konfransı üçün irəli!
Lenin və onun yoldaşlarının inqilabi İnternasionalının yenidən qurulması yolunda irəli!
Yaşasın dünya sosialist inqilabı!
Xristo Rakovski Beynəlxalq Sosialist Mərkəzi və RedMed tərəfindən təşkil edilən Fövqəladə Beynəlxalq Müharibə Əleyhinə Konfrans, 25-26 iyun 2022-ci il